AZ

"Sabah"ın üzvü: "Hamı başa düşür ki, ötən il biz nələr etmişik"

Basketbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin bütün iştirakçılar məlum olub. Belə ki, final yolunda NTD-İNDİQO - "Xəzri" "Neftçi" - "Sərhədçi" cütlükləri qarşılaşacaq. Qrupun son oyununda  NTD-İNDİQO-ya məğlub olan "Sabah" mübarizəni dayandırıb.

“Sabah” basketbol klubunun kapitanı Endər Poladxanlı "FutbolPress"ə açıqlamasında məğlubiyyətin səbəbini açıqladı:

"Bütün komanda üzgündür. Lazım olan şəkildə oyunumuzu göstərə bilmədik. Rəqibi hesabda önə buraxırdıq, sonra çatmağa çalışırdıq. Oyunun gedişində bir neçə dəfə alındı, lakin sonda vaxt çatmadı ki, hesabı bərabərləşdirək və önə keçək. Rəqib səhvlərimizdən istifadə etdi və qalib gəldi".

Kapitan bundan sonra bütün diqqətlərini çempionata yönəldəcəklərini bildirdi:

"Çempion olmaq daha asandır, nəyinki onu qorumaq. Hamı başa düşür ki, ötən il biz nələr etmişik. Həmçinin avrokuboklarda yaxşı çıxışımız oldu. Bütün bunlara görə bizdən gözləntilər çoxdur. Amma bu, idmandır. Gözləntilər hər zaman gerçək olmur. Kubokda mübarizəni dayandırdıq. Bütün fikrimizi çempionata yönəltməliyik və qızıl medalları qazanmalıyıq. Heç olmasa, bu nəticədən sonra mövsüm bizim üçün qismən uğurlu sayılsın".

Poladxanlı çempionatda hər zaman sürprizlərin başvermə ehtimalının yüksək olduğunu qeyd etdi:

"Ötən illə nisbətdə çempionatda səviyyə daha da artıb. Keçən mövsüm və bu il eyni sayda komanda çempionluq uğrunda mübarizə aparır. Sadəcə yaxşı legionerlər Azərbaycan Basketbol Liqasına cəlb olunub və bu da çempionata yaxşı yöndə təsir edir. Hər oyunda fərqli nəticə görə bilərik. Necə "Sərhədçi" sürpriz edib bizi kubokdan uzaqlaşdırdı, demək digər komandalarda gözlənilmədən məğlub ola, və ya qalibiyyət əldə edə bilər. Ona görə də hər oyun demək olar ki, maraqlı keçir".
 
Məlik Məlikov
Seçilən
23
Mənbələr
Şərh ()
Bağla