AZ

Lider dəyişəcəkmi? - YENİLƏNİR

Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 3-cü dövrəyə, yəni 19-cu tura start verilir. İki gün ərzində keçiriləcək oyunlar PFL-in “1-ci liqa/2-ci liqa” “yutub” kanalında canlı yayınlanacaq. Qarşıdakı həftələrdə cari mövsümün son 9 turuna şahidlik edəcəyik. Hər şey məhz bu dövrədə həll olunacaq. Odu ki, “futbol ili”nin “ən yağlı tikəsi” qabaqdadı.

Günün ilk matçı Yevlaxdadı.” “Karvan” “dogma divarlar” arasında “Difai Ağsu”nu qəbul edir. Meydan sahibləri autsayderdən maksimum “qazanc” götürməlidi ki, hədəfə doğru növbəti addım tutarlı olsun. Kənan Kərimovun komandası son 3 turda məğlub olub. Yevlaxlılar Ağsu təmsilçisini udaraq hadisələrin axarını müsbət yöndə dəyişməlidi. “Difai Ağsu” isə uğursuz mövsüm keçirir. Qonaqlar çətin rəqib qarşısında şansı az olsa da, ən yaxşı oyununu göstərməlidi.

İkinci görüşdə “Qaradağ Lökbatan” “İrəvan”ı sınağa çəkəcək. Azər Həşimovun yetirmələri qələbədən başqa nəsə düşünə bilməz. Çünki yuxarı pillələrdəki sıxlıq liderliyin qorunması üçün başqa yol saxlamır. Qərbi Azərbaycan təmsilçisinin vəziyyəti isə gündən-günə pisləşir. Maliyyə problemləri azmış kimi, futbolçuların həm say, həm də fiziki və psixoloji cəhətdən yetərsizliyi gələcək üçün ümid vəd etmir. Nazim Süleymanovun komandasının bu durumdan qurtulması müşkül məsələyə çevrilib.

Üçüncü qarşılaşmada “Araz Saatlı” “Mingəçevir”lə üz-üzə gələcək. Rüfət Quliyevin komandasının 1-ci liqanı tərk edəcəyi, demək olar ki, dəqiqləşib. “Difai Ağsu”dan nə az, nə çox - 8 xal geridə olan Saatlı təmsilçisi dərhal özünə gəlməlidi. Sonra gec olacaq, yoxsa artıq gecdi? Sualın cavabı üçün bir neçə həftə gözləməyə dəyər. “Nur şəhəri” təmsilçisi isə səfərdən qələbəylə qayıtmaq istəyir. Əlbəttə, əlçatmaz arzu deyil. Ədəhim Niftəliyevin komandası rəqibi ciddiyə alacağı təqdirdə buna qadirdi.

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. “Zaqatala” evdə MOİK-i büdrətməyə çalışacaqsa, ordu klubu çempionluq uğrunda mübarizədə şanslarını artırmağa köklənəcək. Hər halda, favorit Qəzənfər Abbasovun komandasıdı. Yenə də meydan sahiblərinin sürpriz nəticə üçün “tər tökəcəyini” gözardı etməmək lazımdı. Sonuncu oyunda “İmişli” “Şamaxı”nı qonaq edəcək. Əsgər Abdullayevin yetirmələri həlledici və mərkəzi matçdan üzüağ çıxmalıdı. Azarkeş dəstəyi və doğma meydan amili “şirlər”i məyus etmək üçün bəs edə bilər. Bunun əksi ev sahiblərini hədəfdən bir qədər yayındıracaq. “Şamaxı” da eyni məqsədlə meydana çıxır. Ramiz Məmmədovun komandası azı 2-ci pillədə qərarlaşmaq şansını qaçırmaq istəməyəcək.

28 mart
Karvan – Difai Ağsu

Yevlax. Şəhər stadionu. Saat 15.00.

Qaradağ Lökbatan – İrəvan
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.00.

Araz Saatlı – Mingəçevir
Saatlı. Olimpiya İdman Kompleksinin stadionu. Saat 16.00.

29 mart
Zaqatala – MOİK

Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.00.

İmişli – Şamaxı
İmişli. Heydər Əliyev adına şəhər stadionu. Saat 16.00.

Xal durumu: Qaradağ Lökbatan – 36, MOİK, İmişli – 35, Şamaxı – 34, Karvan – 27, İrəvan – 23, Zaqatala – 22, Mingəçevir – 21, Difai Ağsu – 18, Araz Saatlı – 4.

Bombardirlər: Elşad Tağıyev (Şamaxı) – 12, Elmir Rəhimzadə (MOİK) – 12, Emin Zamanov (Şamaxı) – 9.

KƏNAN BAHADIR

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla