AZ

Gündəlik həyatda idman

Son vaxtlar ölkəmizdə marafon qaçışlarının sayı artıb. Daha birinin may ayının əvvəlində təşkili gözlənilir.

Belə tədbirlərin faydası hər zaman ziyanından çox olub. Hətta belə şeylərdə ziyan tapmaq da müşkül məsələdir. Marafon qaçışı insanların sağlamlığının artmasına , sağlam həyat tərzinə uyğunlaşmasına şərait yaradır. Yeganə apatiya yaradan məqam iştirak etməyən insanların yollarla bağlı narahatlığıdır. Lakin bunu da anlamaq olar. Çünki belə tədbirlər il ərzində bir, maksimum iki dəfə olur.

Ümumiyyətlə, bütün dünyada insanlar idmana müxtəlif cür münasibət bəsləyirlər. Bəzilərinin yanaşması çox soyuq olur. Bəziləri isə idmanla yaxından əlaqədə olurlar. Bir qrup insan idmanı boş vaxt itkisi hesab edir, digər qrup isə həyatını onsuz təsəvvür etmir.

Təsəvvür etməyən qrupu da müxtəlif hissələrə bölmək olar. Elə insanlar var ki, idmana yalnız azarkeşlik etməklə yaxınlıq göstərir, digər bir hissə isə aktiv şəkildə idmanla məşğul olur.

blank

İdmanın çox qəribə xüsusiyyətləri var. O, insanları birləşdirmək,  tanışlıq yaratmaq , sağlamlığı möhkəmləndirmək və əqli inkişafa yol açmaq qabiliyyətinə malikdir. İdman insana ətrafındakı neqativ faktorlara qarşı daha mübariz olmağa imkan verir. O, həm məşğul olanlara, həm də yalnız tamaşa edənlərə çoxlu pozitiv emosiyalar bəxş edir.

Bilavasitə marafon və daha dəqiq desək, insanların kollektiv şəkildə qaçmaqları zamanı yuxarıda qeyd edilənlərin hər biri baş verir. Məhz bu baxımdan da belə tədbirlərin faydası böyükdür.

İdmanın adi həyatda daha çox yer alması üçün ölkəmizdə başqa qəbildən də işlər görülür. Bütün bunlar hələlik daha çox təbliğat xarakteri daşıyır. Son vaxtlar insanları velosipeddən daha çox istifadə etməyə təşviq etmək üçün müxtəlif təbliğat kampaniyaları aparılır. Şəhərdə velosipedlər üçün xüsusi zolaqlar yaradılır. Lakin əfsuslar olsun ki, bu zolaqların və təbliğatın elə də böyük faydası yoxdur. Bakıda velosiped sürənlərin, avtomobil əvəzinə bu nəqliyyat vasitəsindən istifadə edənlərin  sayı artmır.

Əslində, velosipeddən istifadə edərək avtomobildən imtina etmək şəhər yollarındakı sıxlığın qarşısını almaq üçün güclü vasitədir. Bunu hər kəs anlasa da, icra edənlərin sayı elə də çox deyil.

blank

Əvvəla, burada bir neçə məsələni qeyd etmək vacibdir. Bakı şəhəri öz relyefinə görə velosiped üçün əlverişli deyil. Bundan başqa yol infrastrukturu da, zolaqlar da velosipeddən rahat istifadə etməyə imkan vermir. Məhz bu səbəbdən də velosipedin bir idman kimi gündəlik həyatımıza tam şəkildə daxil olması inandırıcı görünmür.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Seçilən
1
Mənbələr
Şərh ()
Bağla