AZ

İqor Korotçenko: Fransa Cənubi Qafqaz regionundan sıxışdırılıb çıxarılan Rusiyanı əvəz etməyə başlayıb

İqor

Moskva, 24 fevral, AZƏRTAC

Ermənistan Fransadan təminat alıb və Rusiyadan “ayrılma” prosesinə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Natsionalaya oborona” jurnalının baş redaktoru, rusiyalı jurnalist və hərbi ekspert İqor Korotçenko özünün sosial şəbəkədəki hesabında yazıb.

Onun yazdığına görə, Ermənistan nəhayət ki, KTMT və Rusiya ilə münasibətləri pozur. Bu barədə razılaşmalar Nikol Paşinyanın Parisə səfəri və Fransa prezidenti Emmanuel Makronla apardığı danışıqlar zamanı əldə olunub. Politoloqun fikrincə, Paşinyan İrəvanın siyasi və hərbi dəstəyi ilə bağlı Fransa və NATO-dan təminat alıb: “Ermənistanın baş naziri bu təminatı İrəvanın Qərbin təhlükəsizlik “çətiri” altında KTMT və Rusiyadan praktiki “ayrılması” və keçid prosesinə başlamaq üçün yetərli hesab edir. Bunu Nikol Paşinyanın bir sıra siyasi bəyanatları da sübut edir”.

Korotçenko vurğulayıb ki, Paşinyan Moskvanı Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham etməklə Ermənistan cəmiyyətinə Rusiyanın düşmən olması ilə bağlı açıq və birmənalı siqnal verib. Eyni zamanda, Ermənistanın təhlükəsizlik və xüsusi xidmət orqanlarına rusiyayönlü erməni siyasətçiləri və ictimai xadimlərini nəzarət altında saxlamaq, onların barəsində ittihamedici sübutlar toplamaq, bu şəxsləri gözdən salmaq, sonra isə təmizləmək tapşırılıb.

Ekspert hesab edir ki, Ermənistanın KTMT-dən dərhal çıxması Moskvanın iqtisadi sanksiyalar tətbiq etməsi ilə nəticələnə bilər. Buna görə də Paşinyan İrəvanın təşkilatın fəaliyyətində iştirakını “dondurduğunu” bəyan edib. Ondan tam çıxışın isə əlverişli vaxtda həyata keçirilməsi planlaşdırılır.

Korotçenko yazır: “Bununla yanaşı, Ermənistan KTMT-də “Troya atı” rolunu oynayacaq, təşkilatın siyasi və hərbi sirlərinə çıxış əldə edəcək, onları Qərbə sızdıracaq, eyni zamanda, KTMT-nin və onun nizamnamə orqanlarının fəaliyyətinə daxildən mənfi təsir göstərəcək...Qarşıda Rusiya televiziyası və radiosunun Ermənistandan tam təmizlənməsi ilə bağlı siyasi qərarın qəbul edilməsidir. Bu, “lazımi zamanda və düzgün səbəbdən” həyata keçiriləcək”.

Ekspert qeyd edir ki, Ermənistanın və aparıcı Qərb ölkələrinin xüsusi xidmət orqanları arasında əməkdaşlıq fəal şəkildə inkişaf edir. “Ermənistan Aİ-nin bir sıra kəşfiyyat xidmətlərinin əməkdaşlarından ibarət qondarma müşahidə missiyası üçün yaşıl işıq yandırıb. Aİ-nin bu missiyasının kəşfiyyat və təxribat fəaliyyətinin miqyası həm onların sayını artırmaqla, həm də Ermənistan ərazisində getdikcə daha çox daimi nümayəndəliklər açmaqla həyata keçirilir”, - deyə rusiyalı jurnalist qeyd edib.

Korotçenko hesab edir ki, İrəvan NATO ölkələri ilə hərbi və hərbi-texniki əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Ekspert sonda vurğulayıb: “Fransanın müdafiə naziri Sebastyan Lekornunun İrəvana rəsmi səfəri də kifayət qədər nümayişkaranədir. Fransa “de-fakto” Cənubi Qafqazdan sıxışdırılıb çıxarılan Rusiyanı əvəz etməyə başlayıb”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
50
azertag.az

10Mənbələr