İngilərə kubokunda heç-heçə bitən cütlərin iştirakçıları təkrar meydana çıxmalı oldu.
"Football-plus.az" xəbər verir ki, üç cütdə çempionşip təmsilçiləri qarşılaşdı. “Koventri”, “Lids” və “Sauthempton” adını 1/8 final iştirakçıları sırasına yazdırdı. Premyer-liqanın autsayderlərindən “Nottingem Forest” “Bristol Siti”nin müqavimətini yalnız penalti seriyasında qıra bildi.
Təbii ki, “Aston Villa” – “Çelsi” duelinin nəticəsi daha böyük maraq doğururdu. Birmingemlilər ilk oyundakı 0:0-dan sonra müəyyən üstünlük qazanmışdı. Poçettinonun komandası həmin oyunda topa daha çox nəzarət etmiş, Emeri isə ehtiyatlı taktika seçmişdi. Yaxşı müdafiə olunan “Aston Villa” cinahları bağladığından “Çelsi” hücumları mərkəz zonasından inkişaf etdirməyə məcbur olmuşdu. “Şirlər”in qolkiperi Martines də etibarlı oynamışdı. Təbii ki, birmingemlilət evdə “zadəganlar”ı məğlub edəcəyinə və bununla da 1/8 finala adlayacağına inanırdı. Ancaq oyun başlayandan az sonra meydan sahibləri “soyuq duş qəbul etdi”. Birmingemlilər bir neçə hücum qurandan sonra mərkəzdə tez-tez səhvə yol verməyə başladılar. “Zadəganlar” bundan yararlanıb tədricən təşəbbüsü ələ aldı. Nəticədə Maduekenin ötürməsindən sonra Qallaher erkən qol vurdu. Cəmi 10 dəqiqə sonra qonaqlar üstünlüyünü möhkəmlətdi. “Şirlər” yenidən mərkəzdə topu itirdi, Hüstonun sağ cinahdan asmasından yararlanan Cekson qapıçı meydançasının xətti üzərindən dəqiq baş zərbəsi vurdu. Emeridən fasilədə əvəzetmələrlə oyunun axarını dəyişmək tələb olunurdu, ancaq “Aston Villa”nın çalışdırıcısı start heyətində dəyişiklik etməyi lazım bilmədi. Hərçənd çoxları Zanyolonun meydana çıxacağını gözləyirdi. Hər halda, italiyalı yarımmüdafiəçi sonda – hesab 0:3 olanda meydana çıxdı. “Çelsi”nin 3-cü qolu “Aston Villa”nın olan-qalan ümidlərini də “dəfn etdi”. Tilemansın kobudluğu ilə üzləşən Fernandes dəqiq cərimə zərbəsi ilə topu yaxın “9-luğ”a göndərdi. Meydan sahiblərinin gücü yalnız Diabinin vurduğu təsəlli qoluna çatdı. İnamlı qələbə qazanan “zadəganlar” kubokda növbəti mərhələyə adladı. Çempionatdakı uğursuz nəticələr üzündən mövqeyi laxlayan Poçettinoya bu qələbə çox lazım idi.
1/16 final, təkrar oyunlar
Aston Villa – Çelsi 1:3
Diabi, 90+1 – Qallaher, 11. Cekson, 21. Fernandes, 54.
Aston Villa: Martines, Keş, Karlos, Lanqle, Moreno, Kamara (Ayroqbunam, 87), Luis, Beyli (Zanyolo, 88), Tilemans (Remzi, 72), Makqinn (Diabi, 72), Uotkins.
Çelsi: Petroviç, Hüsto, Disasi, Badyaşil (Gilkrist, 87), Çiluell, Kaysedo, Fernandes, Palmer (Silva, 81), Qallaher, Madueke (Sterlinq, 75), Cekson (Nkunku, 87).
Nottingem Forest – Bristol Siti (D-2) 1:1, p. – 5:3
Orici, 8 – Nayt, 14.
Koventri (D-2) – Şeffild Uensdey (D-2) 4:1
Palmer, 3. O’Her, 50; 56. Rayt, 58 – Kadamerteri, 10.
Plimut (D-2) – Lids (D-2) 1:4, əlavə vaxtda
Qellouey, 78 – Nyonto, 66. Sammervill, 97. Rütter, 111. Hardi, 117-öz qapısına.
Sauthempton (D-2) – Uotford (D-2) 3:0
Mara, 52; 58. Admas, 76.
1/8 final mərhələsində bu cütlər qarşılaşacaq: Luton – Mançester Siti, Liverpul – Sauthempton (D-2), Nottingem Forest – Mançester Yunayted, Çelsi – Lids (D-2), Vulverhempton – Brayton, Bornmut – Lester (D-2), Blekbern (D-2) – Nyukasl, Koventri (D-2) – Meydston (D-6). Oyunlar fevralın 28-29-da keçiriləcək.
Reaksiya
Maurisio Poçettino, “Çelsi”nin baş məşqçisi: “Düşünürəm ki, cari mövsümdəki ən yaxşı oyunlarımızdan birini keçirdik. Həm oyundan, həm də futbolçuların bu oyundan ləzzət almasından razıyam. Məni hər şeydən çox sevindirən budu. Biz gənc komandayıq, gənc komanda üçün ən çətin olan isə sabit oynamaqdı. Gənc komanda ilə balans tapmaq çətindi. Son 20 ilin “Çelsi”si olmağımızla bağlı düşüncədən uzaqlaşmalıyıq, ona görə ki, biz artıq həmin “Çelsi” deyilik. İndi irəli doğru hərəkət etməliyik. Layihə yaratmaq və premyer-liqanın ən gənc komandasına sakitcə çıxış etmək, balans tapmaq, sabit olmaq imkanı vermək lazımdı, daha bu gün və ya sabah yaxşı oynamaq önəmli deyil”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta