AZ

Paşinyan hökumətinin sözdə bir, əməldə başqa siyasəti

Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti və Avropa Komissiyasının üzvləri noyabrın 27-29-da Ermənistanda səfərdə olacaqlar. Onlara Avropa Yenidənqurma və İnkişaf Bankının rəsmiləri də qoşulacaqlar. Ziyarət çərçivəsində Alyans və İrəvan arasında investisiyaların əlaqələndirilməsi platformasının fəaliyyətə başlaması gözlənilir. Məlum məsələdir ki, Ermənistan bazarı Rusiyadan tam asılıdır. İndi Qərb bu vəziyyəti dəyişmək istəyir. Ona görə də Avropada maliyyə məsələləri ilə məşğul olan rəsmilər İrəvana ardıcıl səfərlər edirlər. İlk baxışdan Ermənistan hökuməti də bu prosesdə maraqlı görünür. Ona görə də İrəvanın dövlət strukturlarında çalışanlar Kremldən asılılığı azaltmağa dair bəyanatlar verirlər. Amma bunu əməldə görmürük.

Son iki ildə Rusiya ilə Ermənistan arasında iqtisadi münasibətlər pik həddə çatıb. Ölkələr arasındakı ticarət əlaqələri 50 faiz artıb. Yəni İrəvanın iqtisadi artımının əsas səbəbi Rusiya ilə bağlıdır. Ermənistan həm ərzaq, həm də enerji təhlükəsizliyi baxımından Moskvadan asılıdır. Bu ölkənin Rusiyadan aldığı qaz həmişə bazar qiymətlərindən aşağı olub. Avropa 3 min dollara qaz alanda Ermənistan təbii qazı 150-200 dollara "Qazprom"dan əldə edib. Digər tərəfdən, Moskvadan İrəvana göndərilən pulların həcmində də əhəmiyyətli artım var. 2022-ci ildə əvvəlki dövrə nisbətən iki dəfə artım görürdüksə, bu ilin doqquz ayında göstərici artıb. Ötən il Rusiyadan Ermənistana fiziki şəxslər tərəfindən 2,3 milyard dollar vəsait göndərilmişdisə, bu, hazırda üç milyard dollar təşkil edir. Yəni 2 ölkə arasında həm ticarət əlaqələri genişlənir, həm də iqtisadi münasibətləri dərinləşir. Bu isə o deməkdir ki, indiki şərtlər çərçivəsində Ermənistanın Rusiyanı öz ərazisindən kənarlaşdırması faktiki olaraq qeyri-mümkündür. Daha dəqiq desək, bu ehtimal sıfıra bərabərdir. Buna görə də, Paşinyan hökuməti həm Rusiya ilə münasibətləri yaxşı saxlamaq, həm də Avropa ilə əlaqələri genişləndirmək istəyir. Bu məqamda da aydın olur ki, İrəvanın siyasi rəhbərliyi kollektiv Qərbin iqtisadi imkanlarını cəlb etmək üçün ikili siyasət həyata keçirir, müxtəlif qütblərlə oyun oynayır. Bu isə Ermənistanın gələcəyi üçün müsbət ssenari ehtiva etmir. Rusiya ilə Avropanın qarşıdurması İrəvandakı sabitliyi təhdid edir, eyni zamanda Paşinyanın hakimiyyəti üçün təhlükə yaradır.

Əgər Ermənistan belə bir vəziyyətin yaranmamasını istəyirsə, xarici ölkələrdən iqtisadi asılılığını azaltmalıdır. Bunun yeganə yolu isə Azərbaycan və Türkiyə ilə kommunikasiya əlaqələrinin bərpasından, münasibətlərin yaxşılaşdırılmasından keçir. Ermənistanın dünya bazarlarına çıxması, ümumiyyətlə iqtisadi cəhətdən müstəqilləşməsi üçün qonşu dövlətlərlə əməkdaşlıq etməsi zəruridir. İrəvanın regional iqtisadiyyat platformalarına cəlb olunması isə Azərbaycanla imzalamalı olduğu sülh sazişindən asılıdır. Ermənistan regionda sülhün təmin olunmasında nə dərəcədə maraqlı olsa, o qədər də iqtisadi dividendlər qazanacaq.

Xalid KƏRİMLİ,

iqtisadçı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
507
respublika-news.az

1Mənbələr