AZ

Daha müalicə üçün Almaniyaya getməyə ehtiyac qalmayacaq -  TƏBİB Almaniyanı Azərbaycana gətirir

Daha Daha müalicə üçün Almaniyaya getməyə ehtiyac qalmayacaq -

Yeni Klinika Avropa brendinə çevrilir - Almaniyanın nəhəng medikal qrupu tibb müəssisəsində ən son tibbi innovasiyaları tətbiq edəcək.

E-saglam.az xəbər verir ki, TƏBİB və Yeni Klinika Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələrindən olan “Falk Beratung” və “Sana Hospital Group” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

 

Yeni Klinikada keçirilən mərasimdə əməkdaşlıq müqaviləsini TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və Almaniyanın “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk imzalayıblar. Eyni zamanda Yeni Klinika ilə “Sana Hospital Group” arasında əməkdaşlıq müqaviləsinə isə Yeni Klinikanın direktoru Barat Yusubov “Sana Hospital Group”un direktoru Tomas Lemke imza atıblar.

 

Əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman, TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin struktur bölmə rəhbərləri, “Sana” Klinikasının beynəlxalq ofisinin rəhbəri Sven Heyninqer, Yeni Klinikanın kollektivi və media nümayəndələri də iştirak ediblər.

 

Əməkdaşlıq müqaviləsində TƏBİB-in tabeli tibb müəssisəsi olan Yeni Klinika ilə “Sana Hospital Group” arasında xəstəxana idarəetməsi üzrə təcrübə mübadiləsi, xarici pasiyentlərin cəlb edilməsi, birgə klinik sınaqların/tədqiqatların keçirilməsi, həkimlər, tibb bacıları və administrativ işçilər üçün qarşılıqlı peşəkar təkmilləşmə proqramlarının təşkil edilməsi, ISO 9001 və JCI beynəlxalq sertifikatlarının əldə olunması, tibb bacılığı üzrə peşəkar kadrların yetişdirilməsi üçün standartların işlənib hazırlanması və təkmilləşdirilməsi, “Sana Hospital Group” brendindən istifadə hüququ ilə bağlı müddəalar öz əksini tapıb.

 

Əməkdaşlıq çərçivəsində tabeli tibb müəssisəsində göstərilən tibbi xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, Yeni Klinikanın tibbi turizm potensialının artırılması və tibbi turistlərin ölkəyə cəlb olunması, səhiyyə sahəsində kadr potensialının inkişafı, innovativ həllərin tətbiqi və rəqəmsallaşdırılma işləri həyata keçiriləcək.

 

Yeni Klinikada keçirilən imzalanma mərasimində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxış edərək ölkə rəhbərliyinin xüsusi diqqət, qayğısı və birbaşa xeyir-duası ilə Azərbaycan səhiyyə sahəsində bir ilkə imza atıldığını, Almaniyanın nəhəng medikal qruplarından biri ilə əməkdaşlığa başlanıldığını qeyd edib.

 

O, tibb sahəsində yeni idarəetmə modelinin yaradıldığını, əhalinin bütün təbəqələrinin tibbi xidmətlərə əlçatanlığının eyni səviyyədə təmin edildiyini və bütün bunların nəticəsi olaraq bir çox inkişaf etmiş ölkələrin səhiyyə sahəsində Azərbaycanla əməkdaşlığa maraqlı olduqlarını vurğulayıb: 

 

“Bu gün TƏBİB-in tabeliyində 3 mindən çox tibb müəssisəsi fəaliyyət göstərir. İstər paytaxt Bakıda, istərsə də regionlarda yerləşən tibb müəssisələrimizdə son illərdə nəzərəçarpacaq qədər irəliləyişlərə nail olmuşuq. Həm maddi-texniki bazanın gücləndirilməsi, həm kadr təminatı, peşəkar həkim-mütəxəssislərin tibb müəssisələrimizə cəlb olunması, yeni cihaz və avadanlıqların alınması, rəqəmsallaşma, səhiyyədə yeniliklərin tətbiqi istiqamətində çox işlər görülüb və bu istiqamətdə fəaliyyətlərimiz bundan sonra da davam edəcək.

 

Müəssisələrimiz arasında Yeni Klinikanın xüsusi yeri, xüsusi çəkisi var. Tarixi çox yeni olsa da, bu gün Qafqazın ən böyük xəstəxanası ünvanını daşıyır. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 28 mart 2020-ci il tarixində açılışı baş tutan Yeni Klinikada bu gün çox mürəkkəb və çətin əməliyyatlar uğurla icra olunur. 70 reanimasiya yeri və müasir cihazlarla təchiz olunmuş 21 əməliyyatxanası ilə Yeni Klinikada unikal əməliyyatlar icra olunur. Əldə olunan nailiyyətlər təbii ki, xarici ölkələrin də diqqətini çəkir. Bu, həm də Almaniyanın Azərbaycanın tibb sahəsinə investisiyaların cəlb olunması baxımından da önəmli müqavilədir”.

 

Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman çıxışında əməkdaşlıq müqaviləsinin imzalanmasının iki ölkə arasında münasibətlərin inkişafında çox önəmli addım olduğunu, səhiyyə sahəsində bir yenilik olduğunu deyib:

 

“Bu, insanlara xeyir verəcək bir əməkdaşlıqdır. “Sana Hospital Group” Almaniyanın aparıcı şirkətlərindən biridir. Şirkətin həm menecment, həm səhiyyə sahəsində  səmərəli və effektiv metodları, yüksək standartları burada da tətbiq olunacaq. Bu əməkdaşlıqla bağlı ilkin layihəni “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk Prezident İlham Əliyevə təqdim edəndə o da bu iş birliyini müsbət qiymətləndirib, iki ölkə arasındakı münasibətlərə töhfə verəcəyindən məmnun olduğunu bildirmişdi”.

 

Daha sonra “Falk Beratung” şirkətinin Baş icraçı direktoru Tomas Falk çıxış edərək əvvəllər yalnız ideya və düşüncədən ibarət olan bu əməkdaşlığın detallarının artıq rəsmi şəkildə imzalanmasından məmnun olduğunu bildirib:

 

“Bu, yalnız səhiyyə sahəsinə deyil, həm də iki ölkə arasında xarici siyasətə, iqtisadiyyata töhfədir. Bu, iki xalq arasında dostluq əlaqələrinin gücləndirilməsində də önəmli addımdır. Biz bu gün bir düşüncənin artıq reallığa keçməsini qeyd edirik”.

 

“Sana Hospital Group”un direktoru Tomas Lemke çıxışında Azərbaycanı keyfiyyətli tibbi xidmətin mərkəzinə çevirmək üçün birlikdə əməkdaşlıq etməklərindən məmnunluğunu dilə gətirib: “Bizim əməkdaşlığımız 2023-cü ildən başlayıb. Bu müddət ərzində qarşılıqlı tanışlıq səfərləri, görüşlər keçirərək bir-birimizin iş prinsiplərini daha yaxından öyrəndik, inanıram ki, çox uğurlu işbirliyi olacaq. Mən sizi rəhbərlik etdiyim qurumun 36 min əməkdaşı adından da salamlayıram. “Sana Hospital Group” olaraq fəxr edirik ki, bizim təcrübəmiz Azərbaycanda da insanların sağlamlıqlarına qovuşması istiqamətində öz töhfəsini verəcək. Bir sıra ölkələr var ki, tibbi xidməti düzgün və keyfiyyətli şəkildə qurmaqda çətinlik çəkirlər. Amma siz Azərbaycanda tibbi xidməti çox uğurlu şəkildə təşkil etmisiniz. Mən bu əməkdaşlığımıza çox sevinirəm”.

 

Sonda Yeni Klinikanın direktoru Barat Yusubov çıxış edərək bildirib ki, artıq uzun müddətdir ki, dünya miqyasında tibbi turizmə artan tələbata uyğun olaraq TƏBİB-in dəstəyi ilə Yeni Klinikada bu istiqamətdə müəyyən addımlar atılır. Məhz bu məqsədlə beynəlxalq turistlərin cəlb edilməsi imkanlarının genişləndirilməsi üçün tibb müəssisəsində info-turlar, görüşlər və tibbi təcrübə mübadilələri təşkil olunur:

 

“Düşünürəm ki, Yeni Klinika və “Sana Hospital Group” arasında imzalanacaq bu müqavilə böyük uğurlara yol açaraq tibbi turizm istiqamətində görüləcək işləri daha da sürətləndirəcək”.

 

Əməkdaşlıq müqaviləsində “Sana Hospital Group”un loqosunun Yeni Klinikada müştərək istifadə olunması da nəzərdə tutulub. Məlumat üçün bildirək ki, “Sana Hospital Group”un loqosundan istifadə edilməsi dünya praktikasında ilk dəfə olaraq Azərbaycanda tətbiq ediləcək. Bu, Yeni Klinikanın ölkə xaricində dünya standartlarına cavab verən tibb müəssisəsi kimi tanınmasına böyük töhfə verəcək.

 

Qeyd edək ki, “Sana Hospital Group” Almaniyanın Münhen şəhərində yerləşən və 1976-cı ildən səhiyyə xidmətləri üzrə fəaliyyət göstərən aparıcı şirkətlərindən biridir. 36 000-dən çox əməkdaşı olan şirkət 120-yə yaxın tibb müəssisəsində hər il təxminən 2,1 milyon pasiyentə 44 adda təxirəsalınmaz və ixtisaslaşmış tibbi xidmət göstərir.

E-saglam.az 

Seçilən
5
9
e-saglam.az

10Mənbələr