AZ

Azərbaycanla Pakistanın illik ticarət dövriyyəsinin dəyəri 2 milyard dollara çata bilər

Pakistanla Azərbaycan arasında ticarət dövriyyəsinin ildə 2 milyard ABŞ dollarına çatdırılmasını nəzərdə tutan sazişin imzalanması Pakistan iqtisadiyyatı üçün böyük perspektivlərə malik ola bilər.

Bunu "Report"a açıqlamasında pakistanlı politoloq Basim Raza deyib.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında qarşılıqlı ticarət sabit artım nümayiş etdirir.

“Qarşılıqlı ticarət həcminin 2 milyard ABŞ dollarına qədər artırılması iqtisadiyyat üçün əhəmiyyətli təkan, Pakistanın ticarət portfelinin şaxələndirilməsi və ənənəvi bazarlardan asılılığın azaldılması demək olardı”, - politoloq bildirib.

B.Raza qeyd edib ki, bu məqsədə nail olmaq ticarətin təşviqi istiqamətində səylərin davam etdirilməsindən, əlverişli iqtisadi siyasətdən və ticarət həcmlərinin artımını dəstəkləmək üçün təkmilləşdirilmiş infrastrukturdan asılı olacaq.

“Reallıqda 2 milyard ABŞ dolları həcminə çatmaq bir neçə ili əhatə edən uzunmüddətli hədəf ola bilər, lakin ticarət həcmlərindəki son artımı nəzərə alsaq, bu məqsədə 2030-cu ilə qədər nail ola bilərik”, - o vurğulayıb.

Ekspert, həmçinin qeyd edib ki, Pakistanda qaz hasilatının azalması, eləcə də sənayenin və əhalinin artan tələbatı ilə əlaqədar LNG-yə tələbat artır.

"2030-cu ilə qədər ölkədə qaza olan tələbatın gündə 3 milyard 828 milyon kubfut təşkil edəcəyi proqnozlaşdırılır. Hazırda Pakistan tələbatının bir hissəsini 2021-ci ildə sutkada 1,07 milyard kubfuta yüksələn LNG idxalı hesabına ödəyir. LNG ixrac etmək imkanlarına malik olan Azərbaycan Pakistanın enerji təhlükəsizliyi strategiyasına potensial töhfə verə bilər”, - B. Raza əlavə edib.

Seçilən
7
2
sam.az

3Mənbələr