AZ

Aktyor və Həyat Yoldaşı Mənzildə Öldürüldü

Oktyabrın 22-də saat 21:00 radələrində Bakı şəhərinin Nəsimi rayonunda dəhşətli bir qətl hadisəsi baş verib. İki nəfər – tanınmış teatr aktyoru və onun həyat yoldaşı yaşadıqları evdə öldürülüb.

Milli.az xəbər verir ki, araşdırmalar nəticəsində 1973-cü il təvəllüdlü İslam Hadıyevin 1939-cu il təvəllüdlü İosif Tkaç və onun 1944-cü il təvəllüdlü həyat yoldaşı Lyudmila Tkaçı tamah məqsədilə qətlə yetirdiyinə dair əsaslı şübhələr müəyyən edilib.

İosif Tkaç, 1997-ci ildən S.Vurğun adına Rus Dram Teatrında müxtəlif rollarla tamaşaçıların qarşısına çıxan bir aktyor kimi tanınırdı. Hadisəni törətməkdə şübhəli bilinən İslam Hadıyev isə əvvəlcə onların mənzilində usta kimi çalışıb və bu müddət ərzində yaşlı cütlüyün etimadını qazanıb.

Məlumata görə, Hadıyev mərhələli şəkildə cütlükdən təxminən 50 min manat borc alıb, lakin geri qaytarmaqdan imtina edib. Mübahisə də məhz bu borc məsələsi üzərində yaranıb. Tkaç ailəsi borcu qaytarmayacağı halda Hadıyevdən polisə şikayət edəcəklərini bildirdikdə, Hadıyev onların evinə gedərək hər ikisini qətlə yetirib və daha sonra Salyan rayonuna qaçıb. Lakin polis əməkdaşları tərəfindən Salyanda saxlanılıb.

Hazırda faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci maddələrinə (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) uyğun olaraq cinayət işi açılıb. Məhkəmə qərarı ilə İslam Hadıyev barəsində həbs qətimkan tədbiri seçilib, istintaq davam edir.

Seçilən
53
bakuinfo.net

1Mənbələr