AZ

"Polad Bülbüloğlu ilə Musiqi Akademiyası açmaq istəyirik"

Polad Bülbüloğlu ilə Şuşada Musiqi Akademiyası açmaq istəyirik, amma buradakı kimi standart formada tədris olmayacaq.

 

Modern.az-ın məlumatına görə, bunu Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib.

 

O qeyd edib ki, sözügedən məktəbdə daha sərbəst və fərqli prinsip olacaq.

 

"Prinsip isə ən istedadlı uşaqları ora cəlb etməkdir. Məsələn, hansısa bir tələbə burada oxuyur və çox istedadlıdır, istəyir ki, böyük bir professor Almaniyadan və ya Moskvadan gəlsin, ən möhtəşəm ustad dərslərini istedadlı tələbələrə tədris etsin", - rektor "qafqazinfo"ya müsahibəsində deyib.  O vurğulayıb ki, yeni akademiyaya testlə qəbul olmayacaq, tam sərbəst...

 

"Çünki Şuşada mühit belədir. Orada standart formalar keçmir. Orada azadlıqdır, muğam-caz kimi ab-havadır. Bilirsiniz, burada çox ciddi tədris prosesi gedir, amma orada elə olmayacaq. Oradakı istedadlı cavanlara kömək etmək istəyirik ki, onlar öz sənəti ilə daha da ciddi məşğul olsunlar. Amma təbliğat məsələsi də var. Biz istəyirik ki, dünyadakı tanınmış adamlar Şuşaya gəlsin. Bizim üçün bu, çox vacibdir. Çünki hər bir professor orada 7-10 gün müddətində qalacaq. Bizim professorlar kimi illərlə Şuşada işləməyəcəklər. Professorları biz dəvət edəcəyik 10 gün dərs deyəcəklər və gedəcəklər, sonra başqa professoru çağıracağıq. Orada tam dinamik bir sistem olacaq, arzumuz belədir. Yaxşı ki, Polad Azərbaycana qayıtdı və mədəniyyət komissiyasının sədri seçildi. Bu, bizim üçün çox imkan açır, çünki açıq desəm, biz o kommissiyadan diqqət hiss etmirdik. Polad daha aktivdir və mədəniyyətə çox kömək edə bilər. Əgər bu layihəni həyata keçirsək, nəinki bizim istedadlı uşaqlarımız, eyni zamanda bütün dünyadan tələbələr Şuşaya gələcək. Onlar həm də bizə xeyir verəcəklər, çünki təhsil ödənişli olacaq", - Fərhad Bədəlbəyli vurğulayıb.

 

Onun sözlərinə görə, bu akademiyada çox maraqlı proseslər gedəcək: "Sadəcə bunu rəsmiləşdirmək məsələsi var. Çünki burada həm Mədəniyyət, həm də Təhsil Nazirliyi böyük rol oynayır".

Seçilən
26
modern.az

1Mənbələr