AZ

Gürcü xalqı öz seçimini edib - Ekspert

Ötən gün Gürcüstanda parlament seçkiləri keçirilib. Artıq Gürcüstan Mərkəzi Seçki Komissiyası 99,26 % (3 111-dən 3 088) məntəqənin səsvermə bülletenlərini hesablayıb.

 

İlkin nəticələrinə əsasən, parlament seçkilərində “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası 54,234 faiz səslə liderdir.

 

İkinci yerdə 10,822 faizlə “Dəyişikliklər üçün Koalisiya”, üçüncü yerdə isə səslərin  10,105  faizini toplayan “Vahid Milli Hərəkat” yer alıb. “Güclü Gürcüstan” partiyası seçicilərin 8,758 faizini, “Qaxaria - Gürcüstan üçün” partiyası isə 7,753 faizini səsini qazana bilib.

 

“Güclü Gürcüstan”, “Dəyişikliklər üçün Koalisiya” və "Vahid Milli Hərəkat" seçkilərin nəticələrini tanımadıqlarını bəyan ediblər.

 

MSK-nın məlumatına görə, digər partiyalar 5 %-lik baryeri keçə bilməyib.

 

Gürcüstanın Beynəlxalq Münaqişə və Danışıqlar Mərkəzinin eksperti Zaal Anjaparidze Modern.az-a bildirib ki, qalib iqtidardır:

 

“Əsas müxalifət partiyaları seçkinin nəticələrini tanımır. Onlar küçə etirazlarına hazırlaşırlar. Amma seçkilərdə iqtidar qalib gəldi. Onları çətin ki, yıxmaq olar. Yeni inqilab və hökuməti devirməklə bağlı planlar olmayacaq. Artıq demək olar ki, gürcü xalqı öz seçimini edib. Qərbin reaksiyasını isə biz bu gün müşahidə edəcəyik. Bu isə iqtidarı çox maraqlandırmır, çünki xalqın seçimi belədir. Gürcüstanda olan seçkilər bütün Cənubi Qafqaza təsir edir, bu da ümumi sülh, rifah deməkdir”.

 

Britaniyalı politoloq Neil Uatson qeyd edib ki, “Gürcü arzusu” partiyasının uğurları Gürcüstanda böyük əks-səda yaradır:

 

“Şübhəsiz ki, gənc əhali son 30 ildə qəbul edilmiş Aİ-yə meylli yanaşmanı dəstəkləyir. Lakin həm Ermənistan, həm də Azərbaycan Rusiya ilə tarixi ticarət əlaqələrini qoruyub saxlasa da, Gürcüstan Rusiyanın Cənubi Qafqazda peyki olması üçün son variantdır. Onun öz torpağında, Abxaziya və Cənubi Osetiyada Rusiya qüvvələri, amma indiyə qədər Qərb bununla bağlı Gürcüstana heç bir dəstəyini verməyib. Rusiya istənilən vaxt onu güc yolu ilə ala bilər. 

 

Burada eyni zamanda Ukraynanın da taleyi həll olunurdu. Qərbin dəstəyi ilə qələbə qazana bilməyən Gürcüstan bir növ Ukrayna üçün nümunədir”.

 

Qeyd edək ki, Gürcüstanda parlament seçkilərində 18 seçki subyekti iştirak edib. Seçkilər ilk dəfə olaraq yalnız proporsional sistem (partiya siyahıları) üzrə və elektron texnologiyalardan – verifikasiya və səslərin hesablanması aparatlarından geniş istifadə edilməklə keçirilib.

Seçilən
19
9
modern.az

10Mənbələr