AZ

"Bu artıq sözün bitdiyi yerdi" - Şahin Diniyev

Misli premyer-liqasının 11-ci turunda "Səbail" evdə “Sumqayıt"a 0:1 hesabıyla məğlub oldu.

"Football-plus.az"xəbər verir ki,"dənizçilər"in baş məşqçisi Şahin Diniyev əvvəlcə oyun barədə fikirlərini bildirdi, daha sonra jurnalistlərin suallarını cavabladı:

- Oyun haqda danışmaq çox çətindi. Bir komanda oynadı, o biri komanda qələbə qazandı. Qol vəziyyətlərindən, penaltidən yararlana bilmədik. Bu artıq sözün bitdiyi yerdi. Komandanın göstərdiyi futbol haqda bir söz deyə bilmərəm. Futbol ədalətli oyundu. Düşünürəm ki, öz qiymətini verəcək. Bəlkə də kimlərsə autsayder olduğumuzu düşünür. Amma burdan çıxmaq üçün həm futbolçuların potensialı, həm də komandanın gücü var. Bir oyun bəs edəcək ki, bu vəziyyətdən çıxaq. Bu gün də məğlub olmağa layiq deyildik. Ən pis halda oyunun ədalətli nəticəsi heç-heçə idi.

- Növbəti rəqibiniz "Kəpəz"di. Həmin matç sizin üçün dönüş nöqtəsi olacaqmı?
- Belə deyim, əslində bu oyun da bizim üçün dönüş nöqtəsi idi. Bugünkü imtahandan üzüağ çıxa bilmədik. Amma futbolçuların üstünə gedə bilmirəm. Daha bir ağır həftə keçirməliyik. "Kəpəz" 1-ci dövrə ilə müqayisədə həm heyət, həm də oyun baxımından güclənib. Güclənməyən yeganə komanda bizik. Kiçik heyətə malikik. Hər itki bizim üçün faciəyə bərabərdi.

- Maraqlıdı, "Sumqayıt"la bağlı hansısa sindrom var, yoxsa onlarla oyunlarınız alınmır?
- Bəxtsizlikdi, sanki bizi "qara basıb". "Sumqayıt"la oyunlarda heç cür bəxtimiz gətirmir. Böyük bir sindrom var.

- Ötən mövsümlə indiki arasında müqayisə apardıqda heyətdə hansısa problem görürsüz? Burda saxlayıb, fəaliyyətindən faydalanmaq istədiyiniz futbolçular var?
- Çox yaxşı sualdı. Bilirsiz, bütün sahələr maliyyə ilə bağlıdı. Mən nədənsə şikayətlənməyi sevmirəm. 11-ci tura qədər maliyyədən şikayətlənmişəm? Olmayacaq da. Çox istərdim ki, ötənilki komanda qalsın. Həmin heyətə 3-4 transfer etməklə rahat şəkildə avrokuboklar üçün mübarizə aparardıq. Ancaq mən nikbinəm. Biz burdan çıxacağıq, daha yaxşı günlərimiz qabaqdadı.

RÖYANƏ OĞUZ

Seçilən
11
4
football-plus.az

10Mənbələr