AZ

GÜRCÜSTANDA SEÇKİ BİTDİ – Hər iki tərəf özünü qalib elan edib

“Exit-poll”-ların nəticələri fərqlidir, söz MSK-dadır

Gürcüstanda keçirilən parlament seçkisində səsvermə başa çatıb. “AzPolitika” gürcü mətbuatına istinadla xəbər verir ki, tanınmış “Edison Research” sorğu şirkətinin “exit-poll”unun nəticələrinə görə, seçicilərin 40%-i hakim “Gürcü arzusu” partiyasına səs verib. 

“Dəyişiklik Koalisiyası – Qvaramiya, Melia, Girçi, Droa” – 16,7%; “Birlik” (“Milli Hərəkat”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı”) - 16,7%; “Güclü Gürcüstan” (“Lelo”, “Xalq naminə”, “Azadlıq meydanı”, “Vətəndaşlar”) – 10,3%; “Qaxariya – Gürcüstan üçün” – 8,2%; “Qirçi” (İaqo Xviçia) – 2,3%; “Vətənpərvərlər Alyansı”/“Alt-info” – 2% səs toplayıb.

Lakin “İmedi TV”-nin keçirdiyi “exit-poll”-dan fərqli nəticə çıxıb. Həmin nəticələrdən belə çıxır ki, Gürcüstanın hakim partiyası parlament seçkilərində 56,1% səslə qalib gəlib. Dörd müxalifət partiyası 5%-lik baryeri keçərək parlamentə düşüb.

“Formula TV”-nin sorğusu isə göstərir ki, “Gürcü Arzusu” parlament seçkilərində 40,9% səslə qalib gəlir, lakin ümumilikdə müxalifət daha çox səs toplayır.

Hakim "Gürcü Arzusu" partiyası "exit-poll"un elanından sonra öz qələbəsini qeyd edir. Partiya ofisində atəşfəşanlıq keçirilir.

“Dəyişiklik naminə” müxalifət partiyası koalisiyasının liderlərindən biri Nika Melia brifinqdə deyib ki, “Gürcü Arzusu”na qarşı çıxan dörd müxalifət partiyasının hamısı 5%-lik baryeri keçib və parlament çoxluğunu qazanıblar. Onun sözlərinə görə, “Gürcü Arzusu” 40%-dən az səs toplayıb.

Gürcüstanda seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 17:00-da seçici fəallığı 50,6% təşkil edib. Məntəqələr bağlandıqdan sonra məntəqə seçki komissiyalarının rəhbərləri yekun protokolları Mərkəzi Seçki Komissiyasına göndərəcək, bundan sonra seçki komissiyası ilkin məlumatları elan edəcək.

Hər iki tərəfin öz qələbəsini elan etməsi vəziyyəti daha da gərginləşdirib. Hökumət xüsusi təyinatlı qüvvələri paytaxtın mərkəzindəki binaların ətrafına yerləşdirib.

C.Məmmədov

“AzPolitika.info”

Seçilən
43
50
azpolitika.info

10Mənbələr