AZ

AMEA: Dissertasiya mövzuları Azərbaycanın sosial-iqtisadi tələbatlarını əks etdirməlidir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında 2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə edilib.

Akademiyadan “İki sahil”ə bildirilib ki, iclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dissertantura və doktoranturaya qəbul, eləcə də kadr hazırlığının təkmilləşdirilməsi məsələlərində müasir yanaşmanın vacibliyini qeyd edib. Akademik qlobal çağırışlardan irəli gələrək dissertantura və doktorantura təhsilində tədris prosesi ilə bağlı sistemli islahatlar aparılmasının zəruriliyini vurğulayıb.

AMEA rəhbəri akademiyanın elmi müəssisə və təşkilatlarında dissertant və doktorantlara şöbə müdirlərinin, müxbir üzv və həqiqi üzvlərin ildə bir dəfə vahid cədvəl əsasında müxtəlif ixtisas sahələri üzrə dərs verməsinin onların təhsil keyfiyyətinə müsbət təsir edəcəyini deyib: “Dissertant və doktorantlar elmi rəhbərlə təkbətək qalmamalıdır. Təhsil prosesində müsbət nəticələr əldə etmək üçün onlar fərqli ixtisas alimlərindən də dərs almalıdırlar”.

Akademik İsa Həbibbəyli bu gün davamlı inkişaf və sosial-iqtisadi transformasiyanın elm və təhsil mühitində də nəzərəçarpan dəyişikliklərə səbəb olduğunu qeyd edib. Bu mənada gələcəkdə doktorant və dissertantların müvafiq elmi sahələrinin perspektiv inkişafı üçün onların müasir dövrün yeni ideyalarına, çağırışlarına cavab verən mövzulara üstünlük verməsini tövsiyə edib.

İsa Həbibbəyli, həmçinin doktorantura və dissertanturaya builki qəbulda müsbət dinamikanın müşahidə olunduğunu vurğulayıb.

İclasda Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri “cari ildə AMEA üzrə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı səviyyəsində doktorantura və dissertanturaya qəbul planına dair bəzi göstəriciləri diqqətə çatdırıb. O, həmçinin bildirib ki, doktorantura təhsilində müşahidə olunan əsas problemlərdən biri dissertasiya mövzularında bir sıra hallarda “elmi problemin” olmaması məsələsidir: “Buna görə də ilk dəfə olaraq builki qəbul prosesində bir təşəbbüs irəli sürülüb, AMEA prezidentinin sərəncamı ilə dissertasiya mövzularının müəyyənləşdirilməsində nəzərə alınması tövsiyə edilən meyarlar elmi müəssisələrə təqdim edilib”.

Şöbə müdiri qeyd edib ki, bu meyarlar mövzuların elmi problemlərinin aktuallığına, dünyanın müasir çağırışlarına, ölkənin sosial-iqtisadi, mədəni-mənəvi və ideoloji istiqamətlərinə, fənlərarası, multidisiplinar və transdisiplinar tədqiqatlara üstünlük verilməsi, humanitar və ictimai elmlərdə aparılan araşdırmalarda süni intellekt, rəqəmsallaşdırma və informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin vacibliyini, tədqiqatların prioritetlərinin yeni milli ideyanın və “Güclü Azərbaycan Konsepsiyası”nın elmi əsaslarının hazırlanmasına yönəldilməsini və digər tələbləri əhatə edir.

Daha sonra AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri üzrə 2024-cü il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olmuş şəxslərin elmi işlərinin mövzuları müzakirə olunub.

Müzakirələrdən sonra dissertasiya mövzuları və elmi rəhbərlər təsdiq edilib.

Seçilən
23
ikisahil.az

1Mənbələr