AZ

Dünyanın taleyini Türkiyə müəyyən edəcək

“ Son terror hadisəsi Türkiyəyə xəbərdarlıq mesajı ola bilər”. 

Bu sözləri politoloq Asif Nərimanlı “Cümhuriyət” qəzetinə şərhində BRİCS sammiti ərəfəsində Ankarada baş verən terror hadisə barədə fikirlərini bölüşərkən bildirib. 

Oktyabrın 23-də Ankaranın Kahramankazan rayonunda Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı (TUSAŞ) obyektinin qarşısında silahlı hücum olub. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, terror hadisəsi nəticəsində 5 nəfər həlak olub, 22 nəfər isə yaralanıb. 

Məsələ ilə bağlı A. Nərimanlı qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BRİCS sammitində iştirakı zamanı Ankarada terror hadisəsinin baş verməsi xüsusi diqqət çəkir:

“BRİCS qlobal dünya nizamında Qərb hegemonluğuna yeni alternativ təşkilatdır. Bu təşkilat təkcə Rusiyanı deyil, qlobal cənub dünyasının nəhəng ölkələri – Çin, Hindistan, Cənubi Afrika və Braziliyanı özündə birləşdirir. BRİCS həm siyasi, həm də iqtisadi cəhətdən xüsusi əhəmiyyətə malikdir. BRİCS-ə üzv ölkələr dünya iqtisadiyyatının 40% -ni təmsil edir. 

Bu təşkilatın üzvləri, xüsusilə Rusiya, Çin və Hindistan yeni dünya nizamının formalaşmasında mühüm rol oynaya bilərlər. BRİCS həqiqətən siyasi, iqtisadi və hərbi baxımdan Qərbə alternativ bir təşkilatdır. Son proseslərdə BRİCS daha da möhkəmlənib və çoxqütblü dünyanın formallaşması istiqamətində addımlar atır”. 

O qeyd edib ki, Türkiyə də BRİCS-də önəmli rol oynaya bilər: 

“Hamımıza məlumdur ki, Türkiyə həm Qərb, həm də Şərq ölkəsidir. 

Türkiyə Qərb qütbü, yəni  ABŞ-NATO-Avropa ilə Şərq qütbü, yəni  Rusiya-Çin arasında körpü rolunu oynayır. Türkiyə hansı qütbdə yer alacaqsa, o qütbün çəkisi daha ağır olacaq. Proseslər onu göstərir ki, Qərb güc mərkəzləri Türkiyəni əlindən buraxmaq istəmir, Şərq güc mərkəzləri isə Türkiyəni özünə tərəf çəkməyə çalışırlar. 

Bunun üçün hər iki tərəf Türkiyə ilə əməkdaşlığa gedir, amma təzyiqə də əl atırlar. Kazanda BRİCS sammiti ilə eyni bir zamanda Ankarada önəmli strateji obyektin qarşısında terror aktının törədilməsi xəbərdarlıq mesajı kimi qəbul edilə bilər. 

Görünür, bəzi qüvvələr Türkiyənin BRİCS-ə üzv olmasında, Çin və Rusiya ilə yaxınlaşmasında maraqlı deyil”. 

Seçilən
21
cebheinfo.az

1Mənbələr