AZ

Yuvasına qayıdan quş – 34 il sonra Səxavətin Bakıda keçirilən konserti - Reportaj

Azərbaycanda öz taleyini əvvəlcədən qələmə alan adamlar olub; Cəfər Cabbarlıdan üzü Rafiq Tağıya qədər. Öz taleyini oxuyan isə bir nəfər idi Səxavət Məmmədov:

Azad bir quşdum, yuvamdan uçdum,
Torpağa düşdüm bu gənc yaşımda...

Cəfər Cabbarlı stansiyasında qatardan enib yeraltı keçidlə üzü çıxışa doğru irəlilədikcə bu mətnin müəllifi olan Cabbarlının da Səxavət Məmmədovla, təqribən, eyni yaşda dünyadan köçdüyünü fikirləşirəm. Yəqin, Cabbarlı xanəndə olsaydı, o da bu sözləri Səxavət kimi oxuyardı, axı öz taleyi idi...

Heydər Əliyev Sarayının qapısından içəri girən kimi gözüm Qulu Ağsəsi axtarır. Ola bilməz ki, Səxavət Məmmədovun yaradıcılığına həsr olunmuş konsertdə Qulu müəllimi görməyək. Görüşən kimi “Nabran novellası”nda Səxavət Məmmədovla bağlı yazdıqlarını xatırlayırıq. Bir az fikrə gedib gözünü uzaq nöqtəyə zilləyir:

– Nadir, bir dəfə “88” nömrəli avtobusa mindim, maqnitafondan Səxavətin səsi gəlirdi. Oxuyub qurtaranda hamı əl çaldı. Sonra başa düşdüm ki, əsl sənətkar odur ki, o maşına minə bilir, avtobusu səhnəyə çevirə bilir, alqış qazana bilir. Ondan sonra “88”ə minmədim. Qorxdum, minərəm, Səxavətin səsi gəlməz və alqışları eşitmərəm. İndi də harda “88”i görsəm, elə bilirəm, Səxavəti alqışlayırlar.

– Yəqin, bu gün alqışların səsini eşidəcəyinizə görə, ürəklə gəlmisiz, – söhbəti uzatmaq üçün variantlar fikirləşirəm.

– Səxavət alqışlanan hər yerə ürəklə gedirəm... Səxavət nə eləmək mümkündüsə, hamısın eliyib. Adam hər şeydən qəzaya düşə bilər. Səxavət ən urvatlı qəzaya düşdü – qürurundan, sənətindən, kişiliyindən, səsindən qəzaya düşmədi, maşın qəzasına düşdü.

– Səxavət Məmmədovun qəzaya düşüb həyatını itirməyi Abdal-Gülablıda necə qarşılanmışdı?

– Abdal-Gülablıya bir gündə iki meyit gəldi. Biri, daxili işlər nazirinin müavinin köməkçisi, Səxavətin yaxın dostu Tariyel Xuduoğlunun meyiti idi. Elə bir maşında idilər. Biri də Səxavətin... Deməli, Gülablının ayağına bir meyit basdırdılar, Abdalın başına bir meyit basdırdılar. Kənd həmin gün yasa batdı və 33 ildir ki, ona yas saxlayırlar, hər ildönümündə elə ehsan verilir, elə bil, dünən ölüb.

Qulu Ağsəslə danışa-danışa ətrafı nəzərdən keçirirəm, danışdırmaq üçün simalar axtarıram. Qulu müəllim niyətimi başa düşüb məni Səxavət Məmmədovun qardaşı Sadıx Məmmədovun yanına aparır. Ayaqüstü xeylki söhbətləşirik. Bir məqam isə daha dəhşətlidir: “Biz atışmanın içində yaşamağa öyrəşmişdik. Səxavəti dəfn edəndə bir erməni belə güllə atmadı. O tərəfdən çığırırdılar ki, bilirik kimdi rəhmətə gedən, narahat olmayın, ora güllə atan olmayacaq. Dəfndə camaat səkkiz cərgə dairəvi düzülmüşdü, izdihamın bir ucu qapımızdaydı. Hardasa, beş min adam olardı. Erməni bir güllə də atmadı”.

Səxavətin səsi və bu səsin matəmi atəşkəsi iki saatlıq bərqərar etməyə, hətta düşməni belə neytrallaşdırmağa qadir səs idi!

Sarayın foyesində insanların sayı getdikcə artır. Əməkdaşlar bütün biletlərin satıldığını deyirlər. Hətta çöldə dayanıb bilet əldə etmək istəyənlər də var. Hamı dodağının altında Səxavətdən nəsə pıçıldayır, hardasa xatirə danışır. Bu insan selinin arasında atasını ağlı kəsməyən vaxtlarda itirmiş Şəhriyar da var.

Şəhriyara yaxınlaşıb özümü təqdim edirəm. Sual vermək istəyəndə duruxuram. Görəsən, xatırlayırmı atasını Şəhriyar? Yaşını xəbər alıram.

– 37 yaşım var, atamın dünyadan köçdüyü yaşdayam.

– Ötəri də olsa, xatırlayırsınız?

– Demək olar ki, yox.

– Ona görə, yəqin, danışmaq da bir az çətin olar.

– Əvvəllər atam haqqında danışmaq mənim üçün çox çətin idi. Amma indi rahatlaşmışam. Torpaqlar azad olunandan sonra qəbrini ziyarət etdim, ürəyim yerinə gəldi. İndi elə bilirəm, atam haqqında elə cümlələr quraram ki, heç onu görənlər elə danışa bilməz. Atamın qəbrini görmüşəm, dilim açılıb... Atamın əsl konserti indi olacaq, bütöv Azərbaycanın Səxavətinin konsertinə gəlmişik.

Bütöv Azərbaycanın Səxavəti... Səsin də qanadı var. Bir dəfə oxuyursan, uçur harasa. Səxavət Məmmədovun səsi hələ də pərvazlanır. Onun ruhu səsinin timsalında Ağdamı dolaşır, bütöv Azərbaycanın Səxavətinin səsi kimi...

Uzaqdan Şeyx Əbdül görünür, səhhətini, əhvalını xəbər alıb telefonumun səsyazanını işə salır. Hiss edirəm ki, nəsə danışacaq. Çox keçmir, özü dillənir:

– Sənə bir söhbət eləyəcəm, indiyəcən heç bir yerdə danışmamışam, yaz... İllərdir bu məsələni sirr saxlayırdıq, əhdi-peyman etmişdik ki, xidmətimizi gözə soxmayaq. Bu, Jıdanov rayonunun adının dəyişməsi ilə bağlıdır. Jıdanov rayonunu Beyləqan rayonu biz eləmişik. Sovetin axır vaxtları idi. Burada Xudu Məmmədovun, Bəxtiyar Vahabzadənin, Fərman Kərimzadənin, Məmməd Əsədovun xüsusi rolu var. Təşkilati məsələlərin çoxunu Səxavət Məmmədov həll edirdi. O qədər vətənpərvər idi ki... Bu məsələnin həlli üçün nə qədər imza toplamışdı. Bir də görürdün, zəng edib: “Filankəsi başdan çıxarmışam, o da imza atıb, filankəs də imza atdı...” O, Azərbaycanın oxu, kişilik, əxlaq mədəniyyəti üçün çox böyük şəxsiyyətdir. İstədim, bu faktı da hamı bilsin”.

Nəhayət, zalın qapıları açılır. Bir göz qırpımında, demək olar, yerlərin hamısı dolur. Əyləşənlərin arasında jurnalist Səadət Məmmədova görünür. Ağdam təəssübünü çəkən adamlardandı Səadət xanım:

“Bilirsiz, mən onun səsi ilə böyüyən nəslin nümayəndəsiyəm. Qarabağdan, xüsusən, Ağdamdan çox böyük sənətkarlar çıxıb. Amma Səxavətin səsi tamam başqadır, bənzərsizdir. Gözümüzü açandan evdən də, maşından da, küçədən də Səxavətin səsi gəlib. Həmişə elə hiss edirdim, Səxavət Ağdamın olmayan dövrünün səsidir. Amma Ağdam azad olunandan sonra dərk elədim ki, Səxavət, ümumiyyətlə, Ağdamın səsidir”.

Və beləliklə konsert də Ağdamın səsi – bütöv Azərbaycanın Səxavəti ilə başlayır, “Sarı bülbül” xalq mahnısının sədaları eşidilir. Heydər Əliyev Sarayının “Ulduzlu axşamlar” layihəsinin bugünkü ulduzu Səxavət Məmmədovdur. Deyirlər, kimsə rəhmətə gedəndə göydə bir ulduz sönür. Bir anlıq elə düşündüm ki, bu gecə Səxavətin ulduzu yenidən yandı, saraydan göylərə nəsə ötürüldü...

“Sarı bülbül”də bir misra var:

Ömür sürməli dövrandır...

Onun ifasında kədərli mətləblər adamı necə titrədirsə, həyat eşqi, dünyanın, yaşamağın, həyatın gözəlliyini tərənnüm edən misralar daha çox ürəyi yandırır. Fikirləşirsən, bunu deyir, oxuyur, amma yaşaya bilmir...
Konsertin ilk ifaçısı – Gülyanaq Məmmədova səhnəyə çıxıb “Azad bir quşdum” mahnısını ifa edir. Ortada bir şeir də deyir. Şeirdə “70 ildir bizimlədi Səxavət” misrası təkrarlanır.

Konsertdən bir gün əvvəl Səxavət Məmmədovun 71 yaşı tamam olmuşdu. Maraqlıdı, yaşlansaydı, necə görünərdi?..

Vüqar Əliyevlə Sevinc Sarıyeva “Elə baxma” mahnısını duet oxuyurlar... Sevinc Sarıyeva hal-hazırda ən cəngavər, səsinin yüyəngi əlində olan iki qadın xanəndədən biridir. “Dilkeş” oxuduqları yerdə Sevinc xanım “Dəşti”yə keçid edib xeyli gəzişir. Elə bil, Səxavətə ağı deyir. Ümumiyyətlə, düşünürəm ki, dünyadan köçən xanəndələrin hamısını “Dəşti” üstə ağlamaq lazımdır. Dəhşətlidi “Dəşti”.

Növbəti çıxış isə tama ayrı ab-hava yaradır. Gecənin aparıcısı Azər Süleymanov virtual duet olacağını deyir və elan edir ki, “Oxuyur: Səxavət Məmmədov və Şahnar Hacıyev”. Qəribədir... Asif Kərimovun rəhbərlik etdiyi “Xanlar” ansamblı ifaya başlayır, Şahmar səhnəyə çıxır, “Dəli ceyran” xalq mahnısından bir cümlə oxuyur, ardın ekrandan 4D formatında görünən Səxavət Məmmədov oxuyur, “Xanlar” ansamblı Səxavət Məmmədovu da eynilə müşayiət edir, sona qədər duet bu cür davam edir... Bilirsiz, bu nə deməkdi? Bu gecə ulduzu yenidən parlayan adam sanki səhnəyə çıxır. Səhnədə özü oxuyur, canlıdır, ölməyib... Səxavət Məmmədov konsert boyu Malik Həsənovla “Uca dağlar” xalq mahnısını, Firuz Səxavətlə “Dilkeş” təsnifini duet oxudu. Adına virtual duet deyirlər. Ancaq yox, elə sadəcə duet oxudular...

Aparıcı dedi ki, əgər tamaşaçılara “Səxavət Məmmədovu bir mahnı ilə yad etsəz, o hansı mahnı olar?” sualını versək... Azər Süleymanov cümləsin tamamlamamış hamı bir ağızdan “Külək” dedi... Zakir Əliyevlə Almaz Orucova “Külək” mahnısını duet oxudu.

Mən də daxil olmaqla, çox adam Səxavət Məmmədovun taleyini “Azad bir quşdum” mahnısı ilə bağlayır. “Külək niyə belə əsirsən, külək” misrası isə onun kəm taleyinin himnidi. Sanki sənətkarın olacaqların hamısından əvvəlcədən xəbəri var və deyir ki, niyə belə olur, “Niyə ümidi kəsirsən?”, axı neyləmişəm?.. Bu suallara cavab tapmaq mümkün deyil...

Konsertdə Mənsub İbrahimov, Mələkxanım Eyyubova, Cabir Abdullayev, Səbinə Ərəbli, Əliyar Məmmədov, Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Anar Məmmədov da çıxış etdilər, Səxavət Məmmədovun repertuarından mahnılar oxudular.

Konsert keçirilən gün – 24 oktyabr dahi Hüseyn Cavidin anadan olduğu gün idi. Heç nə təsadüfi deyil. Şeyx Əbdülə söz verdilər. O bayaq mənə danışdığı xatirəni tamaşaçılara da nəql etdi. Və maraqlıdır ki, öz çıxışı Hüseyn Cavidin sözləri ilə başladı:

Turana qılıncdan daha kəskin, ulu qüvvət
Mədəniyyət, mədəniyyət, mədəniyyət!

Bütün varlığı ilə, hətta yoxluğu ilə belə Azərbaycan mədəniyyətinə xidmət edən sənətkara həsr olunmuş gecənin Cavid əfəndinin doğum günü ilə eyni gündə olması və bu gecədə o böyük kişidən sitat gətirilməsi Səxavət Məmmədovun halal-halal haqqıdır, onun səsinin payıdır...

Səxavət Məmmədovun səsi üslub yaratmışdı, oxu tərzi tamam başqa idi. Burda da bir əsrar var. O, 37 yaşında dünyadan köçdü, heç vaxt pedaqoji fəaliyyətlə məşğul olmadı. Bəlkə də, yaşasaydı, sonrakı illərdə müəllimlik edərdi. Onun özündən sonra ardıcıllarının yetişməsinin səbəbi də özünəməxsus üslubu idi. O, fərqli oxu manevrinə malik olmasaydı, ölümündən sonra səhnəyə çıxmazdı. Özü də onu yamsılayanlarla yanaşı, onun üslubu ilə öz yolunu tapanlar da var. Məsələn, Şahmar Hacıyev 2015-ci ildə keçirilən beynəlxalq muğam müsabiqəsində oxuyarkən hamı deyirdi ki, özün kimi oxu, Səxavəti yamsılama. Amma indi konsertdə oxuyanda gördük ki, yamsılamır, artıq özününküləşdirib və daha yaxşı formada təqdim edir.

Konsertin sonuna yaxın Səxavət Məmmədovun hansısa ifası səsləndirildi. Bu an şair Şəhriyar Del Gerani zəng vurdu. Nəsə soruşurdu. Ani olaraq dayanıb dedi:

– Konsertdəsən?

– Bəli.

– Harda?

– Heydər Əliyev Sarayında.

– Səxavət deyil oxuyan?

– Səxavətdi, özü də səhnədədi...

Konsert bitdi, insanlar maşınlara, avtobuslara, metroya üz tutdular... Külək əsirdi, amma bilmirdim, niyə belə əsirdi...

Seçilən
19
3
apa.az

4Mənbələr