AZ

İsrail İrana cavab zərbələri endirməyə başladı – Tehran qırıcılarını havaya qaldırdı

 

İsrail bu gecə oktyabrın 1-də baş verən kütləvi hücuma cavab olaraq, İrana zərbələr endirməyə başlayıb.

Yenicag.az xəbər verir ki, yerli “Axios” nəşrinin məlumatına görə, İsrail İranın enerji və hərbi obyektlərinə hava hücumu həyata keçirib. Qeyd olunur ki, hücumun miqyası məhdud olub.

İsrail Müdafiə Qüvvələri(IDF) bəyanatında isə bildirilir ki, İran rejiminin İsrail dövlətinə qarşı aylardır davamlı hücumlarına cavab olaraq, İsrail Müdafiə Qüvvələri hazırda İrandakı hərbi hədəflərə dəqiq zərbələr endirir.

Məlumata görə, İran rejimi və onun bölgədəki müvəkkilləri oktyabrın 7-dən bəri 7 cəbhədə, o cümlədən İran torpaqlarından birbaşa hücumlar olmaqla, İsrailə amansız hücumlar edir.

“Dünyanın hər bir suveren ölkəsi kimi, İsrail dövlətinin də cavab vermək hüququ və məsuliyyəti var. Müdafiə və hücum imkanlarımız tam səfərbər olunub. Biz İsrail Dövlətini və İsrail xalqını müdafiə etmək üçün lazım olan hər şeyi edəcəyik”, – deyə məlumatda qeyd olunub.

Yerli mətbuatın yazdığına görə, hazırda İsrail və İran Hərbi Hava Qüvvələri arasında tam hava döyüşü gedir və İran qırıcıları havadadır.

İranın Başa Qərargahı isə hücumla bağlı açıqlamasında bildirib ki, Tehrandakı hücumların əksəriyyəti dəf edilib və hücumun miqyası məhdud olub”.

Nüfuzlu “CBS News” telekanalı isə qeyd edib ki, İsrailin İrana hücumu nüvə və ya neft obyektləri ilə deyil, hərbi hədəflərlə məhdudlaşıb. Yerli “Ynet” nəşri isə Benyamin Netanyahu və Yoav Qallantın hazırda Təl-Əvivdə yeraltı sığınacaqda olduqlarını təsdiqləyib.

Qəzet həmçinin əlavə edib ki, onlarla İsrail qırıcısı Məşhəd, Tehran və Kərəcdəki enerji zavoduna hücum edib.

Livanın “Hizbullah”a bağlı olan yerli “Al Mayadeen” nəşri isə yazır ki, Tehran Ruhulla Xomeyni adına Beynəlxalq Hava Limanına və neft obyektlərinə də ziyan dəyməyib. Bundan əlavə, Xomeyninin məqbərəsi yaxınlığında hərbi bazada partlayış baş verdiyi bildirilir. İsrailin ordusunun eyni anda Dəməşq və Beyruta da zərbələr endirməsi isə yayılan informasiyalar arasında yer alıb.

Bu arada, “Reuters” nəşri adının çəkilməsinin istəməyən amerikalı rəsmiyə istinadən məlumat verib ki, ABŞ İsrailin İrana qarşı hərbi əməliyyatında iştirak etməyib. Rəsminin sözlərinə görə, İsrail hücum üçün İordaniya hava məkanından istifadə edib. Həmçinin İsrail təyyarələrinin Suriya hava məkanına müdaxiləsi olub.

Rəsmi Vaşinqton isə İrana hücumda iştirak etmədiyini bildirib və hücumu “özünümüdafiə” adlandırıb. O, əlavə edib ki, Tehrandan gələn yanğınların bəzi görüntüləri, çox güman ki, hava hücumundan müdafiə sisteminin işləməsi və dağıntıların yaratması ilə bağlıdır. Amerika mediası iddia edir ki, əsas hədəflər Tehran ərazisində SEPAH bazaları olub.

“New York Times” nəşri isə İrana hücumun hazırkı mərhələdə tamamlandığı barədə İsrail mənbələrindən məlumat aldığını qeyd edib. Ümumilikdə 20-yə yaxın hədəfə hücum edildiyi qeyd olunub. Qeyd olunur ki. İsrail ordusu Tehranın şərqindəki Mehabad hava bazasına zərbələr endirib. Həmçinin İranın şərqindəki Semnan vilayətində yerləşən Şahrudda güclü partlayışın baş verdiyi bildirilir. Məlumata görə, ərazidə İranın kosmik stansiyası və əlaqədar obyektlər yerləşir.

İrandan gələn xəbərlərə əsasən, bu gecə hücumun mərkəz nöqtələrinin İranın ballistik raket sənayesi və milis qüvvələrinin təlim keçdiyi düşərgələrdə cəmləşdiyini təxmin etmək olar. İran mətbuat orqanlarında isə çaşqınlıq müşahidə olunur. Belə ki, “Fars” Agentliyi Tehranın qərb və cənub-qərbindəki bir neçə hərbi baza sionist rejimin hücumunun hədəfi olması məlumatını versə də, “Tasnim” bu məlumatları yalanlayıb.

Bundan əlavə, İsrailin Tehran yaxınlığındakı Şəmsabad sənaye şəhərciyində “Taksaz Industrial Innovators” adlı özəl şirkətinin fabrikinə hava hücumundan sonra üç iranlı fabrik işçisi həlak olub. Yerli mətbuat yazır ki, bu şirkət İranın bəzi dronlarında istifadə olunan hissələrin istehsalı ilə məşğuldur.

Xatırladaq ki, SAXAL hazırda intensiv hava hücumu əməliyyatlarını davam etdirir.

Rafi Müslümov

Seçilən
24
31
yenicag.az

10Mənbələr