AZ

Gözlər GÜRCÜSTANDA! - Geriyə yol yoxdur, qarşıda isə...

Bu parlament seçkiləri Cənubi Qafqazda Rusiya və Qərb arasında siyasi mübarizənin həlledici mərhələsidir; təhlilçilər Tiflisin Avropadan uzaqlaşıb Moskvaya yaxınlaşmasının təsirlərini açıqladılar

Bu gün - oktyabrın 26-da Gürcüstanda bölgənin də təsirsiz ötüşməyəcək kritik parlament seçkiləri keçiriləcək. Hakim Gürcü arzusu - Demokratik Gürcüstan Partiyasının sədri, sabiq baş nazir İrakli Qaribaşvili Tiflisdə seçkilər öncəsi yekun mitinqində çıxışı zamanı deyib ki, müxalifət xarici qüvvələrin göstərişi ilə hakimiyyətə gəlməyi və ölkəni Rusiya ilə qarşıdurmaya sürükləyib Əfqanıstana və Ukraynaya çevirməyi planlaşdırır.

Erməni politoloq Stepan Danielyan isə bildirib ki, Ermənistan hakimiyyətinin gələcəyi Gürcüstanda baş tutacaq seçkilərdə həll olunacaq. “Gürcüstanda təkcə Ermənistanın deyil, Cənubi Qafqazın da taleyi həll olunur. Ermənistan hakimiyyətinin gələcəyi də Gürcüstan seçkilərindən asılıdır. Əgər Gürcüstan seçkilərdən sonra Qərblə münasibətlərini pisləşdirsə, Qərbin yaxın münasibətdə olduğu yeganə dövlət Ermənistan olaraq qalacaq”, - deyə o qeyd edib.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu ölkədə yaşayan azərbaycanlılara müraciət edib. O, sosial şəbəkə hesabından Azərbaycan dilində müraciət yayaraq, soydaşlarımızı oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə qatılmağa səsləyib. “Mənim əziz həmvətənlərim! Bu sizin həyatınızın ən əsas seçkisidir. Ayın 26-da qalib gəlməliyik. Sizi nə qədər çox sevdiyimi yaxşı bilirsiniz. Biz bərabər çox işlər görmüşük və irəlidə birgə görüləcək daha çox işlərimiz var. Vətənimiz Gürcüstanı əmin-amanlığa birgə çıxarmalıyıq. Heç nədən qorxmayın. ”Sizin səsinizin heç bir əhəmiyyəti yoxdur və ya hökumət sizin kimə səs verdiyinizi biləcək" deyənlərə inanmayın. Rahat seçkilərə gedin və 5 nömrəyə səs verin", - Saakaşvili bildirib. Keçmiş prezident erməni vətəndaşlarına da müraciət edib. O bildirib ki, hazırda ümumi vətənimiz - Gürcüstanın taleyi həll olunur, müvəqqəti hökumətdən qorxmayın, seçkilərə gedin, müxalifətə səs verin - beşinci nömrəyə: “Bilin ki, qonşumuz Ermənistanın varlığı və ya yoxluğu, eləcə də Qafqazda sülhün taleyi Gürcüstanın Avropa yoluna qayıtmasından asılıdır. Sizin vətənpərvərliyinizə, müdrikliyinizə arxalanıram”.

Qeyd edək ki, bu seçkidə deputatlığa 13 azərbaycanlı namizəd var. Milli Məclisin deputatları da Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər. Deputat Hikmət Babaoğlunun musavat.com-a sözlərinə görə, gürcü xalqının təzyiqlərə əhəmiyyət verməyəcəyinə, müstəqil iradə ilə qərar qəbul edəcəyinə inanır.  “Gürcüstan çox mühüm tarixi seçkilərə hazırlaşır. Bu milli demokratiya tarixində mühüm hadisə olacaq. Təəssüf ki, Qərb demokratik dəyərləri yenidən istismar edir və Gürcüstan cəmiyyəti Qərbin demokratiya manipulyasiyasının təzyiqi altındadır. Belə olan halda xalqın açıq şəkildə öz iradəsini seçki vasitəsilə ortaya qoyması mürəkkəbləşir”. Partiyaların reytinqinə diqqət çəkən deputat hesab edir ki, Gürcü Arzusu partiyası 60 faizdən çox müsbət rəy sorğusu ilə seçkiyə gedir: “Ümid edirəm ki, çevriliş olmayacaq. Gürcüstanın baş naziri dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edərək seçki ilə bağlı ictimai əhval-ruhiyyəni nəzarətdə saxlamaqla bağlı göstəriş verib”.

Gözlənilən

Məhəmməd Əsədullazadə

Siyasi ekspert Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya Gürcüstanı Qərbdən qoparır. Onun sözlərinə görə, Gürcüstanda keçiriləcək parlament seçkiləri Cənubi Qafqazda Rusiya və Qərb arasında siyasi mübarizənin həlledici mərhələsidir: “Moskva Moldova və Gürcüstanı Qərbdən uzaqlaşdırmaq üçün hərbi təzyiq istisna olmaqla bütün mümkün vasitələrdən istifadə edir. Moldovadan fərqli olaraq Gürcüstan hökuməti Rusiya ilə münasibətlərin normallaşmasında maraqlıdır. İki ölkə arasında uzun müddətdir ki, ikitərəfli konfidensial danışıqlar da gedir. Gürcüstanın Qərbdən uzaqlaşıb, Moskva xəttinə üstünlük verməsi, əsasən Gürcü Arzusu partiyasının fəxri lideri, oliqarx  İvanişvilinin siyasi planıdır. Rusiya tərəfindən Gürcüstana göndərilərək problemsiz hakimiyyəti götürdü”.

Ekspertin fikrincə, hazırda Qərbdən uzaqlaşmaq üçün gürcü hökuməti xalqı Ukrayna müharibəsi ssenarisi ilə qorxudur: “Məhz Rusiya bütün vasitələrdən istifadə edərək seçkilərdə Gürcü Arzusu partiyasının hakimiyyətdə qalmasına çalışır. Əgər Gürcü Arzusu hakimiyyətdə qalacaqsa, Qərbin Gürcüstan və Moldova siyasəti fiaskoya uğrayacaq, ABŞ, Avropa İttifaqı, Böyük Britaniya Gürcüstana sanksiyalar tətbiq edəcək”.

Şahin

Şahin Cəfərli

Təhlilçi Şahin Cəfərliyə görə, bu seçki həm də Gürcüstanın gələcək inkişaf vektorunu müəyyənləşdirəcək referendum mahiyyəti daşıyır: ya Avropa, ya da Rusiya... “Əlbəttə ki, bizi ilk növbədə orada yaşayan soydaşlarımızın vəziyyəti, rifahı və taleyi maraqlandırır. Şəxsi qənaətim ondan ibarətdir ki, avrointeqrasiya prosesinin davam etməsi və Gürcüstanın Avropa İttifaqına üzv olması soydaşlarımızın uzunmüddətli maraqları baxımından daha uyğun variantdır, nəinki təkrar Rusiya orbitinə qayıtmaq. Aİ üzvlüyü yolunda uğurla irəliləyərsə, Gürcüstan insan hüquq və azadlıqlarını tam təmin edən Avropa tipli demokratik ölkəyə çevriləcək. Aİ üzvlüyü hər sahədə, o cümlədən milli azlıqların hüquqları ilə bağlı (din azadlığı da daxil olmaqla) Avropa standartlarının tətbiqi deməkdir. Bu, onun təminatıdır ki, türk-müsəlmanlar Gürcüstanda rahat yaşamağa davam edəcəklər və öz gələcəklərini məhz bu ölkə ilə bağlayacaqlar, köçüb getmək haqqında düşünməyəcəklər. Dədə-baba torpaqlarının boşalmaması üçün bu, həyati dərəcədə vacib məsələdir”.

Ş.Cəfərlinin fikrincə, Avropadan uzaqlaşıb, Rusiyanın ağuşuna qayıtmaq isə siyasi və sosial-iqtisadi destabilizasiya riski yaradacaq: “Rusiyaya yaxınlaşmaq Avropaya yaxınlaşmağın tam əksi olan nəticələr ortaya çıxaracaq: Gürcüstanın demokratik inkişafı dayanacaq, ölkədə hüquq və azadlıqlar, o cümlədən milli azlıqların haqları tədricən məhdudlaşdırılacaq. Hazırda Gürcü Arzusu Konstitusiyaya dəyişiklik edərək Gürcüstanı pravoslav xristian dövləti elan etməyə hazırlaşır. Məhz mövcud hökumətin dövründə radikal gürcü şovinist-millətçiliyi təkrar baş qaldırıb, ”Gürcü Marşı", “Alt info” kimi antitürk, antimüsəlman təşkilatlarının fəaliyyətinə geniş şərait yaradılıb. Aydındır ki, “Gürcü Arzusu” hakimiyyətdə qalmağa davam edərsə, bu təhlükəli tendensiyalar daha da güclənəcək. Gürcüstandakı azərbaycanlılara, eləcə də Azərbaycan dövləti və xalq olaraq bizə bu lazımdır?"     

Təhlilçi hesab edir ki, siyasi müstəvidə Qərblə əlaqələrin zədələnməsi qaçılmaz olaraq iqtisadi əlaqələrə də mənfi təsir edəcək: “İlk növbədə vizasız rejim ləğv olunacaq, Avropa ölkələri və ABŞ-dakı yüz minlərlə gürcüstanlı əmək miqrantı geri göndəriləcək, bu isə Gürcüstan daxilində sosial stabilliyi pozacaq. Qərblə iqtisadi əlaqələrin məhdudlaşması Gürcüstanın idxal-ixrac əməliyyatlarına mənfi təsir edəcək, məsələn, ölkənin əsas ixrac gəlirlərini təşkil edən avtomobil idxalı və reeksportu azalacaq, bəlkə də tamamilə kəsiləcək. Hazırda Qərb tərəfindən Gürcüstana, o cümlədən şəxsən İvanişviliyə qarşı ciddi sanksiyaların tətbiqi gündəmdədir və xüsusən seçkidə saxtakarlıq olarsa, düyməyə basılacaq. Artıq Aİ Gürcüstanda yüzmilyonlarla avroluq proqramların maliyyələşdirilməsini dondurub. Sanksiya gözləntisi ilə əlaqədar beynəlxalq ticarət şəbəkələri Gürcüstan ixracatçıları ilə uzunmüddətli müqavilələr bağlamaqdan imtina etməyə başlayıblar. Gürcüstan dövləti Açıq Hökumət Tərəfdaşlığı beynəlxalq təşəbbüsündən kənarlaşdırılıb. Böyük Britaniya hökuməti Gürcüstanla strateji ”Uordrop dialoqu"nu dayandırıb. Bunlar hələ ilk qaranquşlar olmasına baxmayaraq, ölkənin maliyyə bazarında ajiotaja səbəb olub".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Seçilən
20
musavat.com

1Mənbələr