AZ

BAAU ilə TTKF arasında əməkdaşlıq memorandumu imzalanıb - Fotolar

Oktyabrın 25-də Bakı Avrasiya Universiteti (BAAU) ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu (TTKF) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, imzalanma tədbirindən öncə BAAU-nun rəhbərliyi ilə TTKF-nin nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə BAAU-nun rektoru dosent Səyavuş Qasımov və TTKF-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov hər iki qurumun fəaliyyət sahələrini gücləndirmək və tələbələrin akademik və sosial inkişafına dəstək olmaq məqsədilə atılacaq addımlar barədə fikir mübadiləsi aparıblar.

Tərəflər bu əməkdaşlığın təhsilalanlara təklif edəcəyi yeni imkanlar, o cümlədən təhsil tələbə kreditləri və təlim proqramları vasitəsilə onların peşə hazırlığını artırmaq istiqamətində birgə fəaliyyətləri barədə müzakirələr aparıblar. Görüşdə BAAU-nun Tədris işləri üzrə prorektoru dosent Nigar Hüseynova və Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevda Rzayeva, TTKF-nin İşə götürənlərlə iş və innovativ layihələr şöbəsinin müdiri Ayaz Mustafayev və fondun hüquqşünası Aysel Həsənova da iştirak ediblər.

Sonda Universitetin akademik-inzibati heyətinin və tələbələrin iştirakı ilə imzalanma mərasimi keçirilib. Öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan dosent S. Qasımov Universitetin bu əməkdaşlığa önəm verdiyini, fondun təhsilalanlara yaratdığı imkanlardan faydalanmanın, əmək bazarının tələblərinə uyğun kadr yetişdirilməsində mühüm rol oynayacağını bildirib. BAAU-nun ölkənin ali təhsil sistemində mühüm mövqeyə sahib olduğunu vurğulayan rektor, hazırda burada 4000-ə yaxın tələbə təhsil aldığını və onların müasir təhsil mühitində təhsil almaları üçün uyğun şəraitin yaradıldığını diqqətə çatdırıb. O, təhsil tələbə kreditlərinin tələbələrin akademik hədəflərinə çatmasına və maliyyə yükünün azaldılmasına dəstək verdiyini vurğulayıb və artıq BAAU-nun 600-dən çox tələbəsinin bu imkandan faydalandığını qeyd edib. Rektor çıxışını, tələbələrin təhsil tələbə kreditləri vasitəsilə yüksək keyfiyyətli təhsil almaq imkanlarının artmasından məmnunluğunu ifadə edərək yekunlaşdırıb və bu əməkdaşlığın uzunmüddətli, faydalı nəticələr verəcəyinə inandığını bildirib.

Göstərilən diqqət və əməkdaşlığa verilən dəyərə görə təşəkkürünü bildirən B. Əzimov, BAAU ilə imzalanan bu memorandumun əhəmiyyətini vurğulayaraq fondun məqsədinin gənclərin arzusunda olduğu ali təhsili almasına dövlət dəstəyini və qayğısını göstərmək olduğunu qeyd edib. O, bu ali təhsil müəssisəsi ilə qurulan əməkdaşlığın təhsilalanların akademik və peşəkar inkişafında faydalı olacağına və fondun təqdim etdiyi kredit proqramları, təlim və təcrübə imkanları haqqında ətraflı məlumat verib. B. Əzimov Universitetlə birgə həyata keçiriləcək layihələrin tələbələrin bilik və bacarıqlarının artırılmasına əhəmiyyətli töhfə verəcəyini, karyera inkişafına yönəlmiş tədbirlərin isə onları əmək bazarına daha yaxşı hazırlayacağını bildirib.

Açılış nitqlərindən sonra çıxış edən BAAU-nun Tədrisin təşkili departamentinin rəhbəri Natella Quliyeva tələbələrin təhsil tələbə kreditindən istifadəsi ilə bağlı statistikanı təqdim edib. O, bildirib ki, 2021-ci ildən indiyə qədər BAAU-dan 828 təhsilalanın müraciəti qeydə alınıb, onlardan 631 nəfərin müraciəti rəsmiləşib. Onlardan 258-i sosial, 373-ü isə standart təhsil tələbə krediti götürüb. Cari tədris ilində isə 206 müraciətin olduğu, onlardan 158 tələbənin müraciətinin rəsmiləşdiyi bildirilib.

Daha sonra BAAU ilə TTKF arasında əməkdaşlıq haqqında memorandumun imzalanma mərasimi keçirilib. İmzalanan memorandumun əsas məqsədi BAAU tələbələrinin təhsil müddətində TTKF-un təqdim etdiyi təhsil kreditləri ilə yanaşı digər imkanlardan yararlanmasını təmin etmək, onların peşəkar inkişafına dəstək olmaq və əmək bazarına hazırlığını artırmaqdır. Memoranduma əsasən tələbələrə təcrübə proqramları, sertifikatlaşdırma, seminar və təlimlərin təşkili kimi əlavə imkanlar yaradılacaq. Eyni zamanda TTKF mütəxəssisləri tədris prosesinə təlimçi kimi dəvət olunacaq, “Karyera günləri” və məlumatlandırıcı tədbirlər təşkil ediləcək. Memorandum çərçivəsində BAAU-da TTKF ilə bağlı məlumat stendləri qurulacaq və tərəflər arasında birgə layihələr həyata keçiriləcək.






Seçilən
17
qafqazinfo.az

1Mənbələr