AZ

Regionlarda ali təhsil müəssisələri hələ "universitet formatına düşməyib?"...

Image

İlham Əhmədov: “Regional universitetlərin yaradılmasında məqsəd nədir? Məqsəd diplom paylamaqdır, yoxsa…”

“Qəbul planının əsasən regionlarda artırılmasının tərəfdarıyıq. İstəyimiz odur ki, regionlardakı ali təhsil müəssisələri universitet formatına düşsün. Yəni oradakı universitet 1000 nəfərlik olmasın”. Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Təhsil eksperti İlham Əhmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, regionlarda ali məktəblərin sayının artırılması yaxşı təşəbbüsdür: “Məlumdur ki, ölkə üzrə universitetlərin böyük əksəriyyəti Bakıdadır. Ali təhsil ocaqlarının əksəriyyətinin Bakıda cəmləşməsi müxtəlif  çətinliklərə səbəb olur. Ancaq onu da nəzərə almaq lazımdır ki, regionlarda universitet açmaq ciddi, məsuliyyətli, çətin və böyük vəsait tələb edən işdir. Vaxtilə Azərbaycan Müəllimlər İnstitutunun  (AzMİ) regionlarda 11 filialı açılmışdı. Bu, son 30 ildə təhsil sahəsində edilən ən böyük səhv idi. AzMİ-nin özünün və filiallarının açılması tələsik, tam, hərtərəfli  düşünülməmiş qərar idi, buna görə də onun faydası olmadı, amma ziyanı çox oldu.  Ola bilsin, ETN-də kimlərəsə faydası oldu, bunu deyə bilmirəm. 

Paradoksal hal idi: özü hələ yaranmamış, komplektləşməmiş bir institutun regionlarda 1-2 ay ərzində 11 filialının açılması gündəm idi onda. Təbii ki, bu çox səhv, hətta gülməli hadisə idi. Dünya təhsil praktikasında belə bir  “əməliyyat” heç vaxt olmamışdı. Bu tam mənasız addım idi. Artıq o vaxt diplomlu müəllim kadrların sayı ölkə üzrə  tələbatdan xeyli çox idi. Digər tərəfdən, yeni açılan  filiallarda  işə cəlb edilən pedaqoji heyətin    əksəriyyətinin elmi dərəcəsi də yox idi (Bakıdakı ATM-də bu rəqəm 50 %-dir).  Həmin filiallarda o vaxtlar dərs deyən kadrların əksəriyyəti sadəcə məktəb müəllimləri  idi. Onlar ali təhsil müəssisəsində təhsil verməyə elmi-metodik cəhətdən heç cür hazır deyildilər. 

Hesab edirəm ki, regionlarda ATM sayı artırılırsa, AzMİ-nin filiallarının açılmasının acı təcrübəsi hökmən  nəzərə alınmalıdır. Amma biz heç vaxt heç nədən, xüsusən də səhvlərimizdən ibrət almırıq. Çox təəssüf”. 

Ekspert onu da əlavə etdi ki, son 30 ildə Türkiyənin regionlarında 150-dən artıq yeni   universitet yaradıldı. Türkiyə  regionlarda  universitetlər  yaratmağa hər mənada hazır idi: “Məsələn, regional ATM-də müəllimlərə ikiqat əmək haqqı,  yaşamaları üçün xidməti mənzillər verilirdi, digər güzəştlər də vardı. Ona görə də paytaxt universitetlərinin təcrübəli müəllimləri həvəslə yeni yaradılan ATM-də  işləmək üçün regionlara gedirdilər. 

Türkiyədə yeni yaradılan ATM,  həmçinin, yaxşı kampus, maddi-texniki baza ilə də təmin olundu. Həmin universitetlər Türkiyənin böyük şəhərlərində olan ali təhsil ocaqlarından fərqlənmirlər. Amma biz 30 ildə universitetlərimizi nəinki inkişaf etdirə bilmədik, əksinə, sovet dönəmində olan elm-təhsil mühitini də tam dağıtdıq.  Yəni 3-4 ATM istisna olmaqla, 30 ildə Bakıdakı universitetləri  normal hala gətirə bilmədiksə, regionlarda ATM yaratmağın nə mənası var? Bəlkə bu pullarla elə Bakıdakı universitetləri inkişaf etdirək? Ümumən yarımçıq və qüsurlu planlamalarla biz  regionlarda nə yarada bilərik? 

Təcrübə göstərir ki, biz Türkiyənin ali təhsil təcrübəsindən faydalanmaq istəmirik, eyni zamanda özümüz də heç nə edə bilmirik.  Bakıdakı   bir çox universitetlər hələ də lazımi resurslara malik deyillər. Bu halda regionda normal  universitet yaradılması, təbii ki,  sual altında olacaq. Bəlkə  həqiqətən   bura sərf edilən pulları Bakıdakı ATM-nin inkişafına yönəldək? Regiondan gənclərin Bakıya axınını azaltmaq istəyiriksə, onda gec də olsa, universitetlərimizdə distant təhsil sistemi yaradaq. Biz distant təhsilin səmərəli və faydalı bir təhsil  texnologiyası   olduğunu 20 ildir ki, təhsil məmurlarına   izah edə bilmədik. 

Regional   universitetlərin yaradılmasında məqsəd nədir? Məqsəd diplom paylamaqdır? Belədirsə, buna ehtiyac yoxdur, artıq 30 ildir ki, 35-40 ATM Bakıda bu işlə məşğuldur. Yox, məqsəd regionlarda insan kapitalı formalaşdırmaq, əmək bazarının tələblərinə cavab verən kadrlar hazırlamaq, regionların sosial iqtisadi inkişafına dəstək vermək, gənclərin Bakıya  axınının qarşısını almaqdırsa, onda bu məsələ dərindən düşünülməli, planlanmalı və yüksək səviyyədə maliyyələşməlidir. Regionlarda keyfiyyətli kadr yetişdirmək istəyiriksə, yeni yaradılan universitetlərin potensialını  davamlı olaraq  inkişaf etdirməliyik. 

Əgər bu ATM də PHŞ olacaqsa, onda onların heç bir perspektivi  olmayacaq. Məlumdur ki, universitetlər əvvəlki illərdə dövlətdən, az da olsa, maliyyə dəstəyi alırdı, ancaq indi PHŞ olduqdan sonra  onlar özü-özünü maliyyələşdirir. Hələlik bizim ATM -nin maliyyəsi yalnız təhsil haqqı hesabınadır, bu məbləğ isə azdır. Amma  verdiyimiz təhsilin keyfiyyəti də elə bu məbləğə uyğundur.  Həm də əhali  təhsil haqqı kimi bundan artıq məbləği  ödəyə bilmir.   Məlumdur ki, hər il minlərlə tələbə təhsil haqqı ödəyə bilmədiyi üçün ATM-dən xaric edilir. 

ATM-də keyfiyyətli elmi tədqiqatlar  aparılmır,   heç bir kommersiya xarakterli nailiyyətləri, ixtiraları, innovasiyaları  yoxdur. Bu halda ATM necə və hardan  pul qazansın?   

Mən 20 ildir daim təhsilə dair  bütün bu problemləri səsləndirirəm, yazıram. Təhsil məmurları isə sanki təhsilin vəziyyətinə məsul deyillər, bütün bu illər ərzində real heç nə etmədilər, heç bir təklifi nəzərə almadılar.  İndi təhsil sistemi bütünlükdə, universitetlərimiz  də xüsusən, çox dərin böhrandadır. 

Heç kim də problemlərin həll yolunu bilmir və ya həllinə maraq göstərmir. Bu halda regional universitetlərin yarı-yarımçıq yaradılması, buna 100 milyonların  sərf edilməsi nə verə bilər?”  

Həmsöhbətimiz hesab edir ki, regionlarda universitet açmaq yaxşı ideyadır, ancaq bir çox məsələlər nəzərə alınmalıdır: “Düzdür, bu yaxınlarda  “Qarabağ  universiteti”   açıldı,  sanki hər şey  hələlik yaxşı   gedir. Mən “Qarabağ  universiteti”nin gələcəyinə inanıram. Amma onun tam formalaşmasına hələ  illər lazımdır. Çünki 100 yaşlı univeritetlərimiz də hələ özünü  dünya elm və təhsil  məkanında göstərə bilməyib, qlobal reytinqlərdə  zəif mövqelərdədirlər.  Ona görə diqqətli olmalıyıq.  Onsuz da elm və təhsildə 33 ili  boşuna itirdik”.

Günel CƏLİLOVA  





Seçilən
14
baki-xeber.com

1Mənbələr