AZ

Azərbaycan BRİKS-lə Qoşulmama Hərəkatı arasında da körpü quracaq...

Image

Ceyhun Məmmədov: “Azərbaycan nüfuzundan istifadə etməklə BRİKS-lə QH arasında dialoq qura bilər”

Prezident İlham Əliyev oktyabrın 24-də Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı zamanı deyib ki, Qoşulmama Hərəkatına sədrlik təcrübəsi bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir: 

“Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”.

Bunun mahiyyəti odur ki, Azərbaycan bir qurumda qazandığı təcrübəni başqa bir qurumdakı sədrlik zamanı dövriyyəyə buraxa bilir. Bu nöqteyi-nəzərdən Azərbaycan hazırda fəallaşma üzrə olduğu BRİKS-lə özünün 4 il sədrlik etdiyi Qoşulmama Hərəkatının arasında əməkdaşlığın qurulmasında nə kimi imkanlara malikdir və ümumiyyətlə bu əməkdaşlığın qurulması dünyaya nə verə bilər? Azərbaycanın QH-də böyük mövqeyi var, BRİKS-lə də artıq əməkdaşlıq etməyə başlayır. O baxımdan Azərbaycan BRİKS-lə QH arasında əməkdaşlıq və körpülərin qurulmasına nə kimi töhfələr verə bilər?

“Ən başlıcası isə, bu təşkilatların bir sıra məsələlərdə maraqları üst-üstə düşür”

Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla, Azərbaycan çoxtərəfli diplomatiya həyata keçirir. Yəni biz bunu bu gün Azərbaycanın xarici siyasətində açıq-aydın görürük. Bununla bağlı konturlar aydındır. Məsələ ondadır ki, 2020-2023-cü illərdə Azərbaycan Qoşulmama Hərəkatına çox uğurla rəhbərlik edib. Bu təşkilatın nüfuzu, mövqeyi daha da gücləndi. QH-nin parlament, gənclər şəbəkələri yarandı. Bütün bu uğurlara QH Azərbaycanın rəhbərliyi dövründə nail oldu. Bütün bunlar ölkəmizin uğurlu siyasətinin göstəricisidir. Azərbaycan COP29-un sədr ölkəsi olaraq dünya iqlim diplomatiyasına aktiv şəkildə öz töhfəsini verir. Bu gün bütün dünyanın fikri, diqqəti Azərbaycandadır. Yenidən bütün nəzərlər Azərbaycana yönəlib. Eyni zamanda Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında da bir körpü rolunu oynayır, aktiv dialoq aparır. Bu gün ölkəmizin bu istiqamətdə siyasəti dünya ölkələri tərəfindən də diqqətlə izlənir və prosesə töhfəsi yüksək qiymətləndirilir. Yəni o mənada və anlamda, heç şübhəsiz ki, BRİKS-lə əməkdaşlıq dövlətimizin mövqeyini daha da gücləndirəcək. Nəzərə alsaq ki, Azərbaycan uğurlu xarici siyasət sayəsində ciddi nəticələr əldə edib, o baxımdan bu təcrübədən faydalana bilər. Çünki QH-də təmsil olunan bəzi dövlətlər, həm də BRİKS-in üzvüdür. Azərbaycan nüfuzundan istifadə etməklə BRİKS-lə QH arasında dialoq qura bilər. Bu prosesə töhfə verə bilər. Çünki Azərbaycanın həm QH, həm də BRİKS ölkələri arasında nüfuzu var. Ən başlıcası isə, bu təşkilatların bir sıra məsələlərdə maraqları üst-üstə düşür”.

Vidadi ORDAHALLI





Seçilən
30
baki-xeber.com

1Mənbələr