AZ

Kurban Berdıyev: “Bəxtimiz gətirdi, bu, ən zəif oyunumuz idi”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 11-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyunun gedişatına əsasən onu deyə bilərəm ki, ən pis oyunlarımızdan biri oldu. Matçın əvvəlini istisna edə bilərik. Razıyam ki, bu gün bəxtimiz gətirdi. Şükür Allaha ki, qələbə qazandıq. Uşaqlara dedim ki, bundan nəticə çıxarmalıyıq.

Oyunun əvvəlində futbolçularım daha diqqətli idilər. Fikirləri oyunda idi. Ancaq futbolçulara demişdim ki, “Kəpəz” hazırda layiq olduğu yerdə deyil. Onlar pis futbol oynamır. Sadəcə, bəzi anlarda bəxtləri gətirmir”.

Kurban Berdıyev mövsümə yaxşı başlamış Xəyal Nəcəfovun Azərbaycan millisinə dəvət aldıqdan sonra gerilədiyi barədə sualı da cavablandırıb:

“Xəyal milliyə qədər yaxşı görünürdü, komandanın da liderlərindən biri idi. Amma millidən sonra Şəhriyarın və Xəyalın vəziyyəti bir qədər yaxşı olmadı. Forma yığmağa başladılar. Ancaq yenidən stabil olmadılar. Fiziki baxımdan bir qədər yaxşı deyildi. Məsələ millinin baş məşqçisində deyil. Mən ona xüsusi hörmətlə yanaşıram. Məsələ Xəyaldadır. Şəhriyarla müqayisədə o millidən daha hazır vəziyyətdə gəlir. Həmçinin Xəyalın bəzi şəxsi problemləri də var, ailə ilə bağlı. Bu yöndə bacardığımız dəstəyi göstərmək istəyirik. Ümid edirik ki, formasını bərpa edəcək”.

Azər Bağırov hakimlikdən şikayətləndi

“Kəpəz”in baş məşqçisi Azər Bağırov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Maraqlı oyun oldu. Sadəcə sonda bəzi nüanslar çatmadı. Düşünürəm ki, uşaqlar bu gün yaxşı oynadılar. Mənim üçün bəzi sürprizlər də oldu, bəzi yaxşı cəhətlər də var idi. Futbolçularıma təşəkkür edirəm. Yerdə qalan məsələləri də yəqin, özünüz görüb, dəyərləndirib, qiymət verəcəksiniz. Son iki dəqiqədə olmayan cərimələr verildi. Epizoda təkrar baxın, Rauf Hüseynli meydanın mərkəzində sürüşmə fəndi edəndə, cərimə var idisə, daha heç nə demirəm. Olmayan cərimələr qapımız tərəfə verilirsə, belə də olacaq da. Ondan da çətin duruma düşəcəyik. Mən hakimlərin adilliyinə inanmıram.

Komandanın psixoloji problemi yoxdur. Bu məğlubiyyət heç bir təsir göstərə bilməz. Uşaqlar da gördülər ki, futbol necə olur. Futbol oynadılar. Hər iki hissədə maraqlı mübarizə apardılar. Hissəyə bölsək, uşaqlar daha üstün oynadılar. Yerdə qalan məsələləri deyə bilmərəm. “Qarabağ”la oyunda da qapımızda olan və ya olmayan epizodlar… Buradan hakimlərə təşəkkür etmək istəyirəm. Amma bir şeyi də əlavə edim ki, ən böyük hakim Allahdır. Hər şeyin vaxtı var.

Bugünkü matçın 40-cı dəqiqəsində epizod var, avrokubok oyunu olsaydı, hakimlər penalti verərdi. Bizim hakimlər isə sağolsunlar. Mənim üçün adil olan hakim Allahdır. Hər şeyin vaxtı var. Allah hər şeyi görür və hər şeyi gec-tez qiymətləndirəcək.

Hakimlər bu cür axıra qədər davam edəcəklər. Öz işlərində olsunlar. Görək axırı necə olacaq. Mən hər şeyi onların insafına buraxıram. “Qarabağ”la görüşdə epizodumuz penalti deyildi? 90 faiz adam deyir ki, penalti var idi. Paçu Liranın ayağını tapdaladılar. Avrokuboklarda arxadan azca zərbə vurdular, penaltini göstərdilər. Heç kim də müzakirə etmədi. Bizim liqada isə futbolçunun ayağını tapdalayırlar, hakimlər susurlar”.

Seçilən
11
1
arena.az

2Mənbələr