AZ

Göydəniz Qəhrəmanov: “İkitərəfli sülh gündəliyi xarici qüvvələrin planlarına vurulan ciddi zərbədir”



“Artıq uzun müddətdir ki, Azərbaycan üzv olmadığı BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumların toplantılarında mütəmadi iştirak edir, bu təşkilatlara üzv ölkələrin dövlət başçılarının iştirakı ilə keçirilən sammitlərə dəvət edilir, aparılan müzakirələrə qatılır. Əlbəttə ki, bu fəaliyyət ilk növbədə Azərbaycanın getdikcə daha da artan beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, eyni zamanda da ölkəmizin ikitərəfli formatda əlaqəlırinin inkişafına mühüm təsir göstərir. O cümlədən cari ilin 24 oktyabr tarixində Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında cənab Prezident İlham Əliyevin iştirakı bir çox aspektlərdən mühüm əhəmiyyət kəsb etmiş oldu. İlk növbədə qeyd edək ki, Sammit əsnasında Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüşün baş tutması ikitərəfli sülh gündəliyinin irəli aparılmasına böyük töhfə oldu. Nəzərə almaq lazımdır ki, son vaxtlar qarşı tərəfdən sülh müqaviləsinin Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə aid olan ikitərəfli saziş olduğuna və rəsmi İrəvanın sülh danışıqlarını məhz ikitərəfli formatda davam etdirməkdə maraqlı olduğuna dair səslənən fikirləri daha çox eşitmək olur. Kazanda baş tutmuş görüş zamanı da sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. Əlbəttə ki, bu proses özü-özlüyündə bütün Cənubi Qafqaz regionunda dayanıqlı sülhə nail olmaq üçün müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda da Azərbaycan ilə Ermənistanın hər hansı bir vasitəçi tərəfin iştirakı olmada sülh sazişinin imzalanmasına doğru irəliləmələri bu regionda özlərinin qeyri-sağlam maraqlarını təmin etmək niyyətində olan xarici qüvvələrin planlarına vurulan ciddi zərbədir.”

Bu sözləri aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Deputat daha sonra ölkəmizin mühüm beynəlxalq tranzit yollarının üzərində yerləşməsinin Azərbaycana verdiyi üstünlüklərdən bəhs edib: “Cənab Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, bu gün öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən məharətlə istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan hazırda Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir və artıq neçə müddətdir ki, bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar da məhz ölkəmizin ərazisindən həyata keçirilir. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycan artıq uzun müddətdir ki, beynəllxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Ölkəmiz reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında ən təhlükəsiz və iqtisadi cəhətdən sərfəli nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir. Məhz bu üstünlüklər də BRİCS ölkələrinin Azərbaycanla əməkdaşlığa maraqlarını təmin edən əsas amillərdən biri kimi çıxış edirlər”– deyə, millət vəkili fikirlərini tamamlayıb.



Seçilən
27
aia.az

1Mənbələr