AZ

Prezident İlham Əliyev: “Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır”.



Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında bir daha bildirdi ki, öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu mühüm çağırışı səsləndirir ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir: «Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər var, olacaq. Düzdür, onların heç bir əhəmiyyəti yoxdur. Ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir.»
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edən dövlət başçısı İlham Əliyev Sammitdəki çıxışında diqqəti bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyinə, yeri və roluna yönəldərək bildirdi ki, ölkəmiz beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün Azərbaycana Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.

Qeyd edək ki, hazırda 10 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. Builki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.
Azərbaycanın mövqeyinin möhkəmləndirilməsində yerləşdiyi coğrafi məkan mühüm rol oynayır. Şərqlə Qərbin qovuşağında yerləşən ölkəmiz dövlətlər, xalqlar arasında körpü roluna yeni əməkdaşlıq formatlarının yaradılması ilə əlavələr edir. Dövlətimizn başçısı İlham Əliyev sözügedən Sammitdəki çıxışında bu məqamları da diqqətə çatdırdı ki, coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.

Dövlət başçısı tarixi Zəfərimizin reallıqlarını söyləyərkən Azərbaycanın tranzit imkanlarının genişlənməsində öz sözünü deyəcək Zəngəzur dəhlizinin açılması məsələsinə də xüsusi diqqət göstərir. Bildirir ki, ölkəmizin ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq: “Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Biz bu sahədə müəyyən sərmayə imkanlarına böyük maraqla baxırıq. Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq.” Cənab İlham Əliyev onu da bildirir ki, dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq. Azərbaycanda böyük sənaye zonalarını yaratmaq istəyirik. «Zəngəzur dəhlizinin açılması qaçılmazdır» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə edir ki, hər halda bu istiqamətdə öz səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək. Region üçün böyük strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi Azərbaycanı bölgənin nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək. Digər tərəfdən, sözügedən dəhliz türk dünyası üçün “Mərkəzi Asiyaya ticarət qapısı” rolunu oynayacaq və iqtisadi əlaqələrin gücləndirilməsinə imkan verəcək. Zəngəzur dəhlizinin açılması əbədi dostluq və qardaşlıq münasibətləri davam edən Azərbaycan və Türkiyə, eləcə də Avrasiya üçün ən mükəmməl alternativ yoldur.
Azərbaycanın beynəlxalq nüfuzu, bütün sahələrdə zəngin təcrübəyə malik olması, ən əsası sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı olması və bunu atdığı addımlarda təsdiqləməsi iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın xarici siyasətinin çoxşaxəliliyi, tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınması da özündə mühüm məqamları ehtiva edir. Ölkəmiz daim qlobal problemlərin həllində həmrəyliyin, birliyin gücləndirilməsini, vahid mövqeyinin ortaya qoyulmasını əsas faktor kimi diqqətə çatdırır. Dünyanın diqqətini Azərbaycana yönəldən COP29 da bunun bariz nümunəsidir. Cənab İlham Əliyev istər Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında, istərsə də Sammit çərçivəsində keçirdiyi görüşlərdə diqqəti ölkəmizin gələn ay ev sahibliyi edəcəyi COP29-a yönəltdi. «Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq» söyləyən cənab İlham Əliyev bildirdi ki, təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Seçilən
19
aia.az

1Mənbələr