25.10.2024-cü il tarixində 14:30 radələrində 2007-ci il və 2008-ci il təvəllüdlü şəxslər (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Hər iki şəxsə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub və dərhal əməliyyata alınıb.
Cərrahi əməliyyatdan sonra yaralılar tibb müəssisəsinin Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri ağır stabil qiymətləndirilir.
***
16:53
Oktyabrın 25-də dərsdən kənar vaxtda (saat 14:10 radələrində) məktəbdənkənar ərazidə 322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) xəsarət yetirilməsi haqqında məlumat daxil olub.
Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlər görülüb və valideynə məlumat verilib:
"Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".
"Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - deyə məlumatda qeyd edilib.
Fəridə
***
16:47
Oktyabrın 25-də günorta saatlarında Xəzər rayonu Buzovna qəsəbəsində 16 və 17 yaşlı iki nəfərə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilməsi və onların xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli APA-ya bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin orta məktəbdə baş verməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.