AZ

"25 oktyabr Azərbaycan təqviminə yeni zəfər günü kimi yazılıb" - MÜNASİBƏT BİLDİRİLDİ

"2020-ci ilin 25 oktyabr tarixi Azərbaycan təqviminə yeni zəfər günü kimi yazılıb. Məhz həmin tarixdə şanlı Ordumuzun hər bir üzvünün, şəhidlərimizin qanı-canı bahasına Qubadlı işğaldan azad edilib. Hazırda bu torpaqlarda öz tarixi sahibləri addımlayır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Qubadlının azad edilməsi Vətən müharibəsinin taleyində mühüm rol oynadı: “Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Ermənilər Qubadlıda güclü istehkamlar qurmuşdular, yüksəkliklərdə hərbi birləşmələr yerləşdirmişdilər. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən həmin yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ordumuz peşəkarlıq və fədakarlıq göstərərək əvvəlcə şəhərə hakim olan yüksəklikləri erməni hərbi birləşmələrindən təmizlədi, daha sonra ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndlərini və strateji yüksəklikləri ələ keçirildi. Bununla da yenilməz Azərbaycan Ordusunun qarşısında aciz qalan düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək tarixi ərazimizi əbədi tərk etdi”.

Deputat bildirib ki, Ermənistan tərəfi işğal dövründə Azərbaycanın digər ərazilərində olduğu kimi, Qubadlıda da qanunsuz məskunlaşdırma siyasəti aparmışdı: “Belə ki, işğal dövründə Ermənistan rəhbərliyi xaricdən gələn erməniləri Qubadlı rayonunun Xanlıq kəndində qeyri-qanuni məskunlaşdırmışdılar. Beynəlxalq hüquqa və Cenevrə Konvensiyasına görə işğal edilən ərazilərdə qanunsuz məskunlaşdırma aparan ölkə cinayət törətmiş hesab olunur. İşğal dövründə bütün beynəlxalq təşkilatlar, dünya dövlətləri beynəlxalq hüququ ayaqlar altına atan, cəzasızlıq mühitindən daha da sui-istifadə edərək müxtəlif təxribatlara əl atan Ermənistana dur deməli, onun qanunsuz hərəkətlərinin qarşısını almalı idi. Ancaq biz bu istiqamətdə heç bir əməli addımın atıldığını görmədik. Azərbaycan bu məsələdə də ədaləti və beynəlxalq hüququ özü bərpa etdi”.

S.Salmanova qeyd edib ki, Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 15 209 hərbi qulluqçumuz “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Dövlət başçımız ötən ilin iyulun 31-də imzaladığı sərəncamla Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək məqsədilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən sərəncamla da 25 oktyabr - Qubadlı şəhəri günü kimi müəyyən olunub”.

Millət vəkili onu da söyləyib ki, artıq dörd ildir Qubadlıda həyat yenidən canlanır: “Ermənilər tərəfindən dağıdılmış, viran qoyulmuş Qubadlı rayonu və kəndləri Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə abadlaşdırılır. Hazırda Qubadlıda quruculuq, bərpa işləri, müasir nəqliyyat, enerji və s. sosial-iqtisadi infrastruktur layihələri uğurla icra olunmaqdadır. Bütövlükdə, azad olunmuş ərazilərimizdə görülən möhtəşəm işlər hər birimizi qürurlandırır. Əminliklə demək olar ki, tezliklə bu ərazilər bütünlüklə yenidən, ən müasir səviyyədə qurulacaq və insanlar doğma yurdlarında firəvan yaşayacaqlar”.

Müəllif: Söylü Ağazadə
Seçilən
21
1
sia.az

2Mənbələr