AZ

Ərdoğan Putinlə danışığın detallarını AÇIQLADI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçirilən BRICS sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqların detallarını açıqlayıb.

Modern.az xəbər verir ki, Türkiyə prezidentinin sözlərinə görə, görüşdə Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi, taxıl dəhlizinin bərpası və Qara dənizin minalardan təmizlənməsi məsələləri müzakirə olunub.

“Hazırda əsirlərin mübadiləsi ilə bağlı atılan addımları diqqətlə izləyirik. Biz problemləri diplomatik yolla həll etmək üçün əlimizdən gələni etməyə davam edəcəyik. Arzumuz iki ölkə arasında sülh danışıqlarına mümkün qədər tez başlamaq və müsbət nəticə əldə etmək üçün zəmin yaratmaqdır”, - deyə Ərdoğan BRICS sammitindən qayıdan təyyarədə jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti ilə görüşdə taxıl dəhlizinin “canlandırılması” və Qara dənizdə minaların təmizlənməsi səyləri ciddi müzakirə olunub.

“Biz vurğulamağa davam edirik ki, müharibədə qaliblər, sülhdə isə uduzanlar olmayacaq. Bu müharibə mütləq sona çatacaq və biz daha çox qan və göz yaşı tökmədən onu sona çatdırmağa çalışırıq”, – Türkiyə prezidenti bildirib.

Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında görüş oktyabrın 23-də baş tutub. Danışıqların açıq hissəsindən belə çıxır ki, Rusiya prezidenti Putin Ərdoğanla ticarət, enerji, sənaye istehsalı və tikinti sahələrində ikitərəfli əlaqələri müzakirə edib. Xüsusilə, dövlət başçıları “Akkuyu” AES-in tikintisi, qaz qovşağının yaradılması, “Mavi axın” və “Türk axını” boru kəmərləri ilə ixracı müzakirə ediblər.

Seçilən
17
1
modern.az

2Mənbələr