AZ

İçərişəhərə giriş məhdudlaşır

Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində oktyabrın 27-dən paytaxtın mərkəzi hissəsi – İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı təklif edilən layihənin icrasına başlanılır.

Publika.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən təsdiq edilən layihədə İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılması, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulur. İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılacaq. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişə Neftçilər prospektindən icazə veriləcək.

Ərazidə piyada zonası və mikromobillik zolaqlarının yaradılması planlaşdırılır.

Qeyd edək ki, Bakının küçə və prospektlərində, xüsusilə şəhərin mərkəzi hissəsində nəqliyyat vasitələri və piyada axınının, eləcə də hərəkət sıxlığının son illər dəfələrlə artması əhalinin mobilliyinə ciddi maneə yaradır və yol hərəkəti iştirakçıları üçün təhlükə mənbəyinə çevrilir.

İstiqlaliyyət küçəsində nəqliyyat axınının intensivliyi, avtomobillərin Qoşa Qala qarşısındakı meydan və oradan da Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinə doğru hərəkəti vəziyyəti daha da çətinləşdirir, hətta nəticə etibarilə Neftçilər prospekti ilə hərəkətə də təsir göstərir. Bundan başqa, qeyd olunan meydanın özündə nəqliyyat və piyada axınları daim qarışır, bu da mobilliyə əhəmiyyətli dərəcədə mane olur.

Şəhərin bu hissəsində son zamanlar yaşanan acınacaqlı vəziyyət ictimaiyyət arasında və mediada dəfələrlə müzakirə mövzusuna çevrilib.

Şəhər sakinləri və qonaqların hərəkətinin rahatlığını təmin etmək məqsədi daşıyan Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində bütün aidiyyəti qurumların mütəxəssisləri bu ərazidəki vəziyyəti ətraflı öyrənib, uzun müddət hərəkətin intensivliyinin monitorinqini aparıb və xüsusi proqram təminatı üzərindən simulyasiyalar həyata keçirilib.

Seçilən
4
49
publika.az

10Mənbələr