AZ

BMU-İNHA İDP tələbələri Koreyada tədqiqat proqramında iştirak edirlər

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) “Elektronika mühəndisliyi” ixtisasının tələbələri Mədinə Nurizadə, Səbinə Əlizadə və “İnformasiya texnologiyaları” ixtisasının  tələbələri  Murad İbrahimov, Elton Sətiyev  "Cloud and Edge Computing" (“Bulud və kənar hesablama”) tədqiqat proqramında iştirak edirlər.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.

Edge Hesablama və Arduino sistemlərini anlamaq, onlarla işləməyi öyrənmək məqsədilə həyata keçirilən proqram çərçivəsində tələbələr müxtəlif sensorları inteqrasiya etmək metodikasına yiyələnir, daha sonra Linux, GPIO proqramlaşdırılması və sensorlar vasitəsilə məlumat toplama sahələrini tədqiq edirlər.

Bundan əlavə, proqramda Cloud Computing-in əsaslarına toxunulur və cihazların, o cümlədən, Raspberry Pi-nin buluda qoşularaq məlumatların vizuallaşdırılması öyrədilir.

Tədqiqat prosesinin davamında tələbələr daha mürəkkəb mövzularda NVIDIA Jetson Xavier-dən istifadə edərək Edge-də AI modellərinin yerləşdirilməsini həyata keçirəcəklər.

Məlumat üçün bildirək ki, 3+1 modelinə əsaslanan İDP çərçivəsində informasiya texnologiyaları, inşaat, elektrik və elektronika mühəndislikləri ixtisasları üzrə 83 tələbə hazırda sonuncu kursu İNHA Universitetində təhsil alır. Tələbələrin yaşayış, təhsil, səfər və sığorta xərcləri "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ödənilir.

Seçilən
25
tehsil.biz

1Mənbələr