AZ

Uğurun sirləri: Azərbaycan beynəlxalq yük daşımaları sahəsində liderlər sırasına necə daxil oldu? – MÜSAHİBƏ

Azərbaycanın strateji əhəmiyyətli coğrafi mövqeyi, avtomobil nəqliyyatı sektorunun inkişafı istiqamətində son bir neçə ildə görülən işlər, tranzit potensialı ölkəmizin bu sahədə mühüm layihələrə imza atmasına, beynəlxalq yükdaşımalarda yüksəlişə imkan yaratdı.

Son bir neçə ildə beynəlxalq yükdaşımalardakı bu artım da ölkənin bu sahədəki irəliləyişlərinin göstəricisidir.

Ölkəmizdə respublika əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və bərpası işləri, bu sahədə həyata keçirilən islahatlar, sektor üçün xüsusi təlimlərin ciddi artırılması, sərhəd-keçid məntəqələrinin buraxılış imkanlarının artırılması, Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasını tətbiq etməsi və qurumda ölkənin mövqeyi, “İcazə blankları”nın verilməsinin yeni qaydası bu inkişafda mühüm yer tutan amillərdəndir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yük daşımaları departamentinin direktoru Sübhan Əbilov mövzu ilə bağlı fikirlərini, görülən işləri və nəticələrini Bizim.Media ilə bölüşüb.

 - Son illər Azərbaycanın avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları sahəsində mövcud vəziyyətini necə dəyərləndirirsiniz?

- Nəqliyyat sektorunda, o cümlədən avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində həyata keçirilən işlər bütün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın nəqliyyat dəhlizlərinin kəsişdiyi mərkəz qismində vacib rolunu və ölkəmizin tranzit potensialını daha da artırıb. Ötən ilin noyabrında Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün” Fəaliyyət Planı isə bu prosesə xüsusi təkan verib.

Ümumiyyətlə, Azərbaycanda beynəlxalq yükdaşımalar sahəsində son 3 ildə aparılan əsaslı islahatların nəticəsində ölkəmizin xarici ticarət əlaqələri daha da genişlənib, rəqabət mühiti yaxşılaşıb, daşıyıcıların fəaliyyəti sayəsində ölkəmizə valyuta axını artıb.

- Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasının tətbiqi  Azərbaycan qarşısında bir sıra öhdəliklər qoyub. Ölkəmiz bu öhdəlikləri necə yerinə yetirir və perspektivlər nələrdir?

- Azərbaycan 1998-ci ildən BNF-in üzvü kimi aktiv fəaliyyət göstərir. Qarşıya qoyulan öhdəliklərin yüksək səviyyədə həyata keçirilməsinin nəticəsidir ki, 2025-2026-cı illər üçün ölkəmiz ilk dəfə Beynəlxalq Nəqliyyat Forumunun prezidenti seçilib. Hazırda isə 2024-2025-ci illər üçün BNF-in I vitse-prezident vəzifələrini yerinə yetiririk.

Eyni zamanda BNF 2023-cü ildə beynəlxalq avtomobil daşımaları üzrə Keyfiyyət Xartiyasının tələblərinin ölkəmizdə tam tətbiqi haqqında qərar qəbul edib. Bu isə Azərbaycanda beynəlxalq daşımaların ən yüksək beynəlxalq tələblərə uyğun təşkil edildiyini, BNF tərəfindən verilən çoxtərəfli və çoxdəfəli icazələrlə Avropanın 40-dan çox ölkəsinə və əksinə yük daşıyan şirkətlərimizin Xartiyanın tələblərinə tam cavab verdiyini göstərir.

Qeyd edim ki, Keyfiyyət Xartiyasının 3 istiqamət üzrə tələbləri var. Bunlara işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi daxildir. Yalnız bu meyarlara cavab verən şirkətlər və peşəkar sürücülər beynəlxalq yük daşımalarına cəlb edilir. Bu imkanlar, həmçinin Azərbaycan şirkətlərinin beynəlxalq daşımalar bazarında, xüsusilə Avropa istiqamətində daşımalarda rəqabətə davamlı olmalarına və bazar paylarının nəzərəçarpacaq dərəcədə artmasına şərait yaradır.

- BNF Keyfiyyət Xartiyasının tətbiqi, qurum tərəfindən verilən icazələrin milli yük daşıma operatorlarının beynəlxalq bazarlara çıxışını daha da asanlaşdırıb. Bu, milli şirkətlərin 3-cü ölkə daşımalarındakı iştirakına və ikitərəfli daşımalar bazarındakı payına necə təsir göstərib?

- 3-cü ölkələr və 3-cü ölkələrdən beynəlxalq yük daşımaları, həm xidmətlərin ixracı, həm də ölkəyə valyuta gətirilməsi baxımından son dərəcə mühüm daşıma növüdür. Söhbət başlanğıc və son təyinat məntəqəsi Azərbaycan olmayan, ancaq Azərbaycan daşıyıcısı tərəfindən yerinə yetirilən daşımalardan gedir. Bu istiqamətdə də müsbət nəticələr əldə edilib. 2021-ci ildə Azərbaycan şirkətləri 3-cü ölkələrin ərazisindən 13 min 979 daşıma həyata keçirmişdisə, 2023-cü ildə isə bu göstərici artıq 42 min 627 olub. Yəni, təxminən 4 dəfə artım qeydə alınıb. Bazar qiymətləri ilə təxmini hesablama apardıqda bu ilin 9 ayı üzrə 3-cü ölkə daşımalarında milli daşıyıcılarımızın gəlirlərinin 340 milyon manatdan çox olduğunu görürük. 3-cü ölkə daşımalarının sayının əsaslı dərəcədə artmasına səbəb, AYNA tərəfindən aparılan danışıqlar nəticəsində xüsusi defisit icazələrin kvota sayının artırılması, daşıyıcıların və onların sürücülərinin təlimlərə cəlb edilərək peşəkarlıq səriştələrinin artırılması yolu ilə, milli daşıyıcılara xarici ölkə yükgöndərənləri tərəfindən göstərilən etimadın yüksəldilməsi səbəb olub. Təkcə son üç ildə 10 min 700 nəfər beynəlxalq yükdaşıma fəaliyyəti göstərən sürücüyə və 377 nəfər məsul şəxsə peşəkarlıq səriştəsinə dair təlim keçirilmişdir.

3-cü ölkə daşımaları ilə yanaşı ikitərəfli beynəlxalq yük daşımalarında da nəzərəçarpacaq dərəcədə artım var. Rəqəmlərə nəzər yetirsək artımın necə böyük olduğunu görərik. Azərbaycan daşıyıcılarının ikitərəfli yükdaşımalar bazarında payı 2021-ci ildə 39 % idisə (61 % xarici daşıyıcıların payına düşürdü), 2023-cü ildə bu göstərici 51,85 % təşkil edib. Konkret ölkələrlə bazar paylarına nəzərə salsaq əsaslı şəkildə müsbət dəyişikliyin baş verməsinin əyani şahidi olarıq. Belə ki, 2021-ci ildə ikitərfli beynəlxalq yük daşımaları bazarında Türkiyənin 81%, Azərbaycanın payı 19 % idisə, hazırda Azərbaycanın bazar payı yüksəlib. Digər əsas yük daşımaları həyata keçirilən həmsərhəd ölkə olan Gürcüstan üzrə də, 2021-ci ildə ikitərəfli beynəlxalq yük daşımaları bazarında Gürcüstanın 63 %, Azərbaycanın payı 37% idisə, hazırda Azərbaycanın bazar payı yüksəlib və 55.9% təşkil edir. Bazar paylarındakı müsbət dinamikaya beynəlxalq yük daşımalarına cəlb edilən nəqliyyat vasitələrinin və şirkətlərin ilbəil sayındakı böyük fərq də təsir göstərib.İslahatlar başlayan dövrdə beynəlxalq yük daşımalarında 3432 yük nəqliyyat vasitəsi istismar olunduğu halda, 2023-cü ildə isə artıq 12 min 724 yük nəqliyyat vasitəsi beynəlxalq yük daşımalarında istismar olunurdu. Bu il ərzində bu rəqəm artaraq 13 min 600 ədədi ötüb. 2021-ci ildə 107 şirkət fəaliyyət göstərirdisə, hazırda beynəlxalq yükdaşımalarına buraxılış vəsiqəsi verilən hüquqi şəxslərin sayı - 324, fiziki şəxslərin sayı – 1680 təşkil edir.

 - Azərbaycanın tranzit potensialının daha da artırılması avtomobil nəqliyyatı ilə yüklərin daşınmasına necə təsir göstərib?

- Bu istiqamətdəki göstəricilərdə də nəzərəçarpacaq dərəcədə müsbət dəyişikliklər var. Ölkəmiz üzərindən 2021-ci ildə xarici daşıyıcılar tərəfindən 99 min 672, yerli daşıyıcılar tərəfindən 9643 olmaqla, cəmi 109 min 315 tranzit daşıma həyata keçirilib. 2023-cü ildə isə xarici daşıyıcılar tərəfindən 297 min 685, yerli daşıyıcılar tərəfindən isə 36 min 454 daşıma olmaqla, ümumilikdə 334 min 139 tranzit daşıma reallaşdırılıb. Rəqəmlərdən göründüyü kimi, son üç ildə avtomobil nəqliyyatı ilə tranzit daşımalarda 3 dəfəlik artım olub. Burada xüsusilə Azərbaycan daşıyıcılarının ölkəmiz üzərindən keçməklə yerinə yetirdikləri tranzit daşımalardakı təxminən 4 dəfəlik artıma diqqətinizi çəkmək istərdim. Belə ki, ölkəmizin üzərindən tranzit keçməsinə baxmayaraq, daşımalar milli daşıyıcı tərəfindən yerinə yetirildiyi üçün, əvvəldə qeyd etdiyimiz 3-cü ölkədən 3-cü ölkəyə daşıma hesab edilir. Yəni, yükgöndərən və yükalan xarici ölkə sahibkarı olsa da, yük milli daşıyıcı tərəfindən daşınır.

 - Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları məşulluğa və iş yerlərinin sayına necə təsir göstərir?

Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının həcminin artması ilə sürücülərə olan tələbat artır və yük avtomobili sürücüləri üçün birbaşa iş yerləri yaranır. Əvvəldə qeyd etdiyimiz kimi, hazırda beynəlxalq yük daşımalarında 13 min 600-dən çox yük nəqliyyat vasitəsi istismar olunur. Ehtiyat sürücüləri və bu sahə ilə əlaqəli çalışanları da nəzərə aldıqda, bu 16 mindən çox şəxsin məşğulluğunun təmin edilməsi deməkdir. Statistikaya nəzər salsaq görərik ki, orta və iri bir sənaye müəssisəsində çalışan işçi sayı təxminən 200 nəfər təşkil edir. Beynəlxalq yük daşımaları sektoru 16 mindən çox şəxsə məşğulluq imkanı yaratdığı üçün, 80 dən çox orta və iri sənayə müəsisəssinə ekvivalent götürülə bilər.

Eyni zamanda, daşımaların sayı artdıqca nəqliyyat və logistika xidmətləri göstərən şirkətlər işçi qüvvəsini artıraraq, daha çox menecer və digər sahəvi bacarıqları olan mütəxəssisləri işə cəlb edir. Servis mərkəzləri, yanacaq doldurma stansiyaları və avtomobil ehtiyat hissələri satan mağazalar kimi əlaqəli sahələr də beynəlxalq yük daşımaları sektorunun böyüməsindən faydalanır.

Beləliklə, məşğulluq və iş yerlərinin sayına avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları həm birbaşa, həm də dolayı olaraq böyük təsir göstərir. Bu sahənin böyüməsi həm nəqliyyat sektorunda, həm də əlaqəli sahələrdə müxtəlif iş imkanları yaradır.

- Azərbaycandan yük daşımaları əsasən hansı ölkələrə həyata keçirilir və bu ölkələrin sayının artırılması istiqamətində görülən işlər nələrdən ibarətdir?

- Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları coğrafiyasının genişləndirilməsi, daşıyıcıların yeni bazarlara istiqamətləndirilməsi AYNA-nın əsas prioritetlərdəndir. Son illər bir çox ölkə ilə avtomobil əlaqələri qurulmaqla, yükdaşıma fəaliyyəti həyata keçirilən ölkələrin sayı 51-ə çatdırılıb. Təkcə onu demək kifayətdir ki, Azərbaycan şirkətlərinin yükdaşımalar həyata keçirdiyi ən uzaq məsafədə yerləşən ölkələr Şərqdə Çin və Monqolustan, Qərbdə isə Böyük Britaniyadır. Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli və çoxdəfəli icazələri ilə milli daşıyıcılar bütün Avropa ölkələrinə il ərzində məhdudiyyətsiz sayda yük daşıma həyata keçirmək imkanına sahibdirlər. BNF üzvü olmayan ölkələr istiqamətində daşımaların həyata keçirilməsi üçün də ikitərəfli qaydada “İcazə blankları”nın mübadiləsi aparılır. Məsələ ondadır ki, beynəlxalq yükdaşımalar sahəsində aparılmış islahatlar nəticəsində daşıyıcıların icazələrə çıxışı asanlaşıb, əlçatanlıq artıb. Tək hüquqi deyil, fiziki şəxslər də “İcazə blankları”nı rahatlıqla ala bilir.

 - Qeyd etdiniz ki, hüquqi və fiziki şəxslər “İcazə blankları”nı rahatlıqla əldə edə bilir. Görülən hansı işlər bu sahədə asanlığı və əlçatanlığı təmin edib?

- “İcazə blankları”nın verilməsində xidmət keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və əlçatanlığın təmin edilməsi məqsədilə Bakıda, Xaçmazda, Yevlaxda fəaliyyət göstərən KOB evlərində xidmət göstərilməsinə başlanılıb. Görülən bu işlər statistikada da öz əksini tapıb. Belə ki, 2021-ci ildə verilən icazə blanklarının sayı 119 min idisə, bu rəqəm artaraq 2023-cü ildə 223 min 914 ədəd olub. Onu da deyim ki, bu il ölkə tarixində ilk dəfə Çin Xalq Respublikası, Pakistan İslam Respublikası və Böyük Britaniya ilə “İcazə blankları”nın mübadiləsi həyata keçirilib və avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarına başlanılıb. Əlbəttə, uğurlu göstəricilər həm də bu sahədə şəffaflıq, dürüstlük, ictimai iştirakçılığın təmin olunması ilə sıx bağlıdır.

- Artıq Azərbaycanda bir çox sahələr elektronlaşmaya keçib və ya keçid dövründədir. Avtomobil daşımalarında elektronlaşmanın tətbiqi nəzərdə tutulurmu?

Xatırladım ki, daşımalarda xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə 2023-cü il aprelin 8-dən avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarına buraxılış qaydalarının tətbiqinə başlanılıb. Operatorun işgüzar nüfuzu, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlar, operatorun sürücülərinin hazırlıq səviyyəsinə dair tələblər nəzərə alınmaqla operatorların uçotunun aparılması təmin edilib. Operatorların uçotunun aparılması üçün sənədlərin qəbulu, dövlət rüsumunun ödənilməsi və sonda icazənin verilməsi prosesi fiziki təmas olmadan tam elektron şəkildə həyata keçirilir.

Ümumiyyətlə, beynəlxalq yükdaşımalarda ikitərəfli əsasda ölkələrlə mübadilə olunan “İcazə blankları”nın elektronlaşdırılması prosesi gedir. İlkin mərhələdə Türkiyə Cümhuriyyəti ilə, sonra isə mərhələli şəkildə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirilən digər ölkələrlə “İcazə blankları”nın elektron şəkildə mübadiləsi və verilməsi nəzərdə tutulur. Hazırda layihə üzrə proqram təminatının hazırlanması və inteqrasiyanın qurulması üzərində işlər görülür. İşlərin il sonunadək tamamlanması və Türkiyə Cümhuriyyəti ilə ikitərəfli yük daşımalarında elekron icazənin tətbiqi ilə ilk sınaq daşınmanın həyata keçirilməsi planlaşdırılır. Qeyd edim ki, “İcazə blankları”nın tam elektron şəkildə mübadiləsi və verilməsi nəticəsində yüz minlərlə kağız “İcazə blankları”nın çap edilməsinə, ölkələr arasında mübadiləsinə və fiziki formada daşıyıcılara verilməsinə ehtiyac olmayacaq.

Onu da deyim ki, “İcazə blankları”nın sifarişi və rəqəmsal taxoqraf kartlarının alınması üçün müraciətlərin edilməsi xidmətləri də tam elektronlaşıb. Bu məsələdə də statistika göstərir ki, 2021-ci ildə beynəlxalq yükdaşıma fəaliyyəti göstərən 357 sürücüyə rəqəmsal taxoqraf kartı verilmişdirsə, 2023-cü ildə AYNA tərəfindən 7371 nəfər sürücüyə rəqəmsal taxoqraf kartının verilməsi təmin edilib.

Bundan əlavə, AYNA tərəfindən müvafiq qaydada razılaşdırmaqla 2022-ci ildə 2373, 2023-cü ildə 4591 və 2024-cü ilin 9 ayı üzrə 4342 ədəd iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkətinə dair icazə verilib. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkətinə dair icazələrin verilməsi xidmətinin də elektronlaşması prosesi yekunlaşmaq üzrədir.

- Ağırçəkili nəqliyyat vasitələri ilə daşınmalarında yüklərin çəkisinə nəzarət necə həyata keçirilir. Ümumilikdə bununla bağlı mövcud vəziyyət necədir? 

Azərbaycanda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri ilə daşımalara dövlət nəzarət mexanizmi mövcuddur. Bunun səbəblərindən biri də ağırçəkili nəqliyyat vasitələrinin müəyyən edilən normalardan artıq yük daşımasıdır ki, bu da yol infrastrukturuna ciddi zərbə vurur. Bütün bunların qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirilir.

Yol infrastrukturunun qorunması, yolların istismar müddətinin uzadılması, daşımaların və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi zərurətindən irəli gələrək iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə daha effektiv nəzarətin təmin edilməsində yeni texnologiyaların tətbiq edilməsi son dərəcə vacib rol oynayır. Bu məqsədilə ümumi istifadədə olan avtomobil yollarında elektron tərəzilərin quraşdırılmasına başlanılmışdır.

Avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması prosesi mərhələli şəkildə aparılır. Ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb. Artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda 3 yerdə və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda 1 yerdə olmaqla, 6 elektron tərəzinin quraşdırılması işləri tamamlanıb. 5 ərazi üzrə hazırda işlər davam etdirilir. Daha 2 ərazi Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunda və “Zəfər Yolu”-nda isə işlərə yaxın günlərdə başlanılacaq.

Elektron tərəzilərdən əldə olunan məlumatlar Monitorinq mərkəzidə toplanılır, emal edilir və qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati təbeh tədbirlərinin görülməsində istifadə edilir.

Ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri  Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli,104 nömrəli qərarı ilə təsdiq edilmişdir. Qərarın tələblərinə əməl etmədən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yükdaşıma fəaliyyəti göstərən şəxslərin barəsində görülən inzibati tədbeh tədbirləri üzrə də icraatın aparılmasında dəyişiklik edilmişdir. Belə ki, qayda pozuntuları elektron tərəzilərin vasitəsilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları real vaxt rejimində elektron formada birbaşa mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır. Barələrində inzibati təneh tədbirlərinin tətbiq edilməməsi üçün, yük daşımalarla məşğul olan hüquqi və fiziki şəxslər, sözügedən qərarla müyyən edilmiş tələbləri bilməli və istifadələrində olan yük nəqliyyat vasitələri ilə daşımları icazə verilən qabarit və çəki parametrləri  daxilində həyata keçirməlidirlər.

- Beynəlxalq yük daşımalarında iştirak edən daşıyıcıların və sürücülərin xarici ölkələrdə üzləşdiyi çətinliklərin həlli ilə bağlı AYNA tərəfindən hansı dəstək göstərilir? Agentlik fəaliyyətini bu istiqamətdə necə qurub?

- AYNA tərəfindən beynəlxalq yük daşımalarında iştirak edən şəxslərə, eləcə də beynəlxalq yükdaşıma fəaliyyəti göstərmək niyyəti olan şəxslərə əməli dəstəyin göstərilməsi məqsədilə “Daşıyıcı Bələdçisi” xidməti yaradılmışdır. “Daşıyıcı bələdçisi” xidməti avtomobil daşımaları sahəsində sahibkarlıq fəaliyyətinin təşkili, avtomobil nəqliyyatı vasitələri ilə yükdaşımalarına görə vergilərin ödənilməsi xüsusiyyətləri, sürücülərin iş və istirahət rejimi qaydaları, beynəlxalq avtomobil daşımalarında “İcazə” blankları və Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli icazələri və onların verilməsi qaydaları, “BYD (Beynəlxalq Yük Daşımaları) kitabçası” istifadə edilməklə yerinə yetirilən beynəlxalq yük daşımaları , beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) rəsmiləşdirilməsi, yük avtonəqliyyat vasitələrinin idxalı kimi məsələləri əhatə edir. Cari il ərzində qeyd etdiyim məsələlər və beynəlxalq yük daşımaları ilə əlaqəli digər mövzularla bağlı 536 şəxsə AYNA-nın Yük daşımaları departamenti tərəfindən Daşıyıcı bələdçisi xidmətinin göstərilməsi təmin edilmişdir.

Bununla yanaşı nəzərinizə çatdırmaq istərdim ki, AYNA milli daşıyıcıların xarici ölkələrdə hüquqlarının müdafiəsi sahəsində də geniş iş görür. Hər il müxtəlif ölkələrlə aidiyyəti dövlət orqanlarının yüksək vəzifəli şəxslərinin rəhbərlik etdikləri nümayəndə heyyətlərinin iştirakı ilə Beynəlxalq avtomobil daşımaları üzrə Qarışıq Komissiyaların iclasları keçirilir. Mütəmadi olaraq, AYNA tərəfindən daşıyıcıların xarici ölkələrdə qarşılaşdıqları çətinliklər öyrənilir, təkliflər hazırlanır və keçirilən iclaslarda məsul şəxslərin iştirakı ilə müzakirə edilərək, həllinə nail olunur. Bundan əlavə daşıyıcılara qarşı xarici ölkələrdə haqsız davranış halları olduğu halda, onların hüquqlarının qorunması istiqamətində səlahiyyətlərimiz çərçivəsində addımlar atırıq. Məsələn, bu yaxınlarda Rumıniyada Azərbaycan sürücüsü barəsində əsassız olaraq 1000 avro məbləğində cərimə tətbiq olunmuşdu. Apardığımız araşdırmadan sonra cərimənin qanunsuz tətbiq olunduğu müəyyən edildi və qarşı tərəflə danışıq aparılaraq tətbiq edilmiş cərimənin ləğvinə və 1000 avro məbləğində vəsaitin sürücümüzün hesabına köçürülməsinə nail olduq. Bu səpgidə görülən tədbirlərlə, daşıyıcılarımızın pozulmuş hüquqlarının bərpasına və müxtəlif coğrafiyalarda daşımalar etməkdən çəkindiricək halların qarşısının alınmasına nail oluruq. Çünki AYNA-nın əsas missiyalarından biri də avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində şəffaf mühitin, davamlı inkişafın təmin edilməsinə yardım etmək, daşıyıcıların effektiv və təhlükəsiz şəraitdə fəaliyyət göstərməsi üçün bütün imkanların yaradılmasıdır.

Ətraflı müsahibə üçün təşəkkür edirik.

Bizim.Media

Seçilən
5
1
bizim.media

2Mənbələr