Olaylar xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Bakıda piyada əleyhinə minaların qurbanlarına həsr olunmuş "dəyirmi masa"da deyib.
"Biz əminik ki, piyada əleyhinə minaların tam ləğvinə doğru irəliləmək və onların mülki əhali üçün yaratdığı ciddi humanitar nəticələrə diqqət yetirmək, həmçinin zərərçəkmiş icmaların bərpası və inkişafına yönəlmək vacibdir", - səfir bildirib.
O qeyd edib ki, Meksika piyada əleyhinə minalardan zərərçəkmişlərə qayğı göstərilməsinin təşəbbüskarıdır və bu insanlara və icmalara kömək etmək üçün beynəlxalq əməkdaşlığı dəstəkləyir.
"Biz onların sosial və iqtisadi inteqrasiyası üçün maliyyə, texniki və humanitar resursların cəlb olunması istiqamətində səylərimizi ikiqat artırmalıyıq", - səfir əlavə edib.
Qeyd edək ki, "Minalara Qarşı Azərbaycan Kampaniyası" İctimai Birliyinin təşkilatçılığı ilə"dəyirmi masa" keçirilir. Tədbirdə mina əleyhinə fəaliyyət göstərən və mina qurbanlarına kömək edən qurumların nümayəndələri, o cümlədən minalardan təmizləmə Agentliyinin nümayəndələri, Milli Məclisin üzvləri çıxış edirlər. Tədbirdə əmək və Sosial Müdafiə Nazirliyinin, "YAŞAT" Fondunun, Ombudsman Aparatının nümayəndələri, minalardan zərər çəkmiş şəxslər, QHT nümayəndələri də iştirak edirlər.