AZ

Paçu Lira: “Qərb derbisi mənim üçün prinsipiallıq daşımır”

“Kəpəz”in braziliyalı hücumçusu Paçu Lira Gəncə klubunun mətbuat xidmətinə açıqlama verib, komandasının çıxışını dəyərləndirib.

Arena.az xəbər verir ki, “Kəpəz”i qarşıda Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Turan Tovuz”la oyun gözləyir.

Paçu bu oyundan öncə baş tutan məşq prosesində məşqçilər tərəfindən verilən tapşırıqlar üzərində səylə çalışdıqlarını bildirib:

“Bizi qarşıdakı gərgin oyun gözləyir. Bu oyuna yaxşı hazırlaşmağımız üçün həftəlik məşq proqramını uğurla keçirik. Hər şey normaldır. Derbi matçının məsuliyyətini anlayırıq.

Hər iki komanda qələbə istəyində olduğundan futbolçuları ağır, azarkeşləri maraqlı matç gözləyir. Mövqeyimiz yaxşı deyil. Vəziyyəti düzəltmək üçün hər oyuna uğurlu nəticə qazanmaq üçün çıxırıq. Bütün qarşılaşmalar bizim üçün önəmlidir”.

Paçu ötən mövsümü “Turan Tovuz”da keçirib. Buna baxmayaraq, o, qərb derbisinin özü üçün fərdi planda prinsipiallıq daşımadığını qeyd edib:

“Bu, mənim üçün növbəti çempionat oyunudur. Düzdür, əzəli rəqabəti nəzərə alaraq matçın prinsipial statusda olduğunu deyə bilərik. Biz meydana qələbə üçün çıxacağıq. Əla oyun olacaq. Rəqib düşərgədə çoxlu dostlarım var. Tovuzdakı dostlarıma qarşı oynamaq maraqlı olacaq. Mən mübarizəyə hazıram və onları məğlub edə biləcəyimizə inanıram”.

Xatırladaq ki, ötən mövsümü “Turan Tovuz”da keçirmiş Paçu Lira ötən ay azad agent kimi “Kəpəz”lə müqavilə bağlayıb. O, mövsümün sonunadək bu komandanın uğurları üçün çalışacaq. Braziliyalı hücumçu Gəncə təmsilçisinin heyətində hələlik 3 oyuna çıxıb, fərqlənə bilməyib. Liranın “Turan Tovuz” karyerası isə 24 oyun, 5 qol və 2 assistdən ibarətdir.

Seçilən
24
4
arena.az

6Mənbələr