AZ

Azərbaycan millisi FIFA reytinqində 5 pillə gerilədi

Futbol üzrə Azərbaycan millisi bu gün açıqlanmış növbəti, oktyabr ayının FIFA reytinqində 5 pillə geriləyib.

Arena.az xəbər verir ki, dünyanın ali futbol qurumu bu gün milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan yığması 1161,80 xalla dünyada 118-cidir. Fernando Santosun baş məşqçisi olduğu kollektiv ötən ayla müqayisədə 5 pillə geriləyib. Buna yığmamızın UEFA Millətlər Liqasındakı məğlubiyyətləri səbəb olub. Komandamız son olaraq Estoniyaya səfərdə, Slovakiyaya isə evdə eyni hesabla (1:3) uduzub. Bu da ötən siyahıda 1173,15 xalla 113-cü olan millinin geriləməsi ilə nəticələnib.

Bununla da Azərbaycan millisi son bir ilin antirekorduna imza atıb. Yığmamız FİFA reytinqində son 12 ayda ilk dəfə 118-ci pilləyə qədər yuvarlanıb. Millimiz sonuncu dəfə belə aşağı sıralara ötən ilin oktyabrında yer alıb. Həmin vaxt yığmamız indikindən də pis mövqedə – 120-ci sırada qərarlaşıb. Sonrakı il ərzində açıqlanan 8 cədvəldə isə yığmamız 111-114-cü yerlə aralığında var-gəl edib.

UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan komandalardan İsveç yığması 28-ci (mövqeyində dəyişiklik yoxdur) sırada qərarlaşıb. Slovakiya 41-ci (+1), Estoniya isə 124-cü (-2) yeri tutur.

Siyahıya son dünya çempionu Argentina (1883,5) başçılıq edir. Fransa millisi (1859,85) ikinci, İspaniya yığması (1844,33) üçüncüdür.

Qeyd edək ki, növbəti FIFA reytinqi noyabrın 28-də açıqlanacaq.

FİFA reytinqininin ilk 10 pilləsində qərarlaşmış komandaların siyahısını təqdim edirik:

  1. Argentina – 1883,5
  2. Fransa – 1859,85
  3. İspaniya 1844,33
  4. İngiltərə – 1807,83
  5. Braziliya – 1784,37
  6. Belçika – 1761,27
  7. Portuqaliya – 1752,68
  8. Niderland – 1748,24
  9. İtaliya – 1729,4
  10. Kolumbiya – 1724,37
Seçilən
25
arena.az

1Mənbələr