AZ

Çin, Yaponiya texnologiyası ilə ekoloji nəqliyyat vasitələri istehsal edə bilər? -Eldəniz Cəfərov

Çin avtomobil sənayesi dünya miqyasında sürətlə inkişaf edən və getdikcə daha çox diqqət çəkən bir sektor olaraq tanınır. Bu sektorun inkişafında ekoloji aspektlərin nəzərə alınması, tullantıların azaldılması və elektrikli avtomobillərin istehsalı xüsusi əhəmiyyət kəsb edir.

Bunu Fins.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

E.Cəfərov qeyd edib ki, Çin avtomobil sənayesi dünya trendinə uyğun olaraq ekoloji təmiz nəqliyyat vasitələrinin, xüsusən də hibrid və elektromobillərin istehsalına yönəlib:

“Çin, Yaponiya texnologiyası ilə hidrogenlə işləyən yeni mühərrikli avtomobilləri istehsal edə bilər. Bu istiqamət Çin avtomobil sənayesinin ekoloji cəhətdən təmiz texnologiyalara doğru irəlilədiyini göstərir. Elektromobillərin istehsalı ilə həm daxili bazarın tələblərinə cavab verilməsi, həm də beynəlxalq bazarda daha rəqabətədavamlı olma strategiyası həyata keçirilir. Çinin bu sahədə lider ölkələrdən biri olmağa çalışması və hibrid və elektromobil texnologiyalarına ciddi sərmayə qoyması, ekoloji təmiz nəqliyyat vasitələrinə tələbin artması ilə əlaqəlidir. Bu, həm də qlobal iqlim dəyişikliyi ilə mübarizədə avtomobil sektorunun mühüm bir hissəsi olmağa çalışması ilə əlaqədardır”.

E.Cəfərov vurğulayıb ki, Yaponiya avtomobil sənayesinin artıq 10 il əvvəl havadan və su kristallarından elektrik enerjisi hasil edən avtomobillər istehsal edir:

“Bu avtomobillər hazırda Avropa İttifaqı ölkələrində, ABŞ-da və Yaponiyada təxminən 60,000 avroya satılır və bəzi ölkələr bu avtomobilləri alan şəxslərə subsidiyalar təqdim edir. Bu, digər ölkələr kimi Çinin də elektromobil və alternativ enerji texnologiyalarına ciddi diqqət yetirməli olduğunu göstərir. Yaponiyanın bu texnologiyalara erkən başlaması, həm ekoloji sahədə liderliyini göstərir, həm də Çinin gələcəkdə bu texnologiyalardan daha geniş istifadə etməsi üçün örnəkdir. Bu avtomobillərin istifadəsi və inkişafı, tullantıların azaldılması və davamlı istehsal prinsiplərinə uyğun olaraq qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır”.

Çin avtomobil sənayesinin üzləşdiyi problemləri də bildirən E.Cəfərov, Çin avtomobil sənayesinin üzləşdiyi əsas problemlərdən biri ekoloji standartlara və təhlükəsizlik tələblərinə, xüsusən də qəza testlərinə (kraş testlərə) tam cavab verməmə olduğunu söyləyib:

“Bu, Çində istehsal olunan avtomobillərin beynəlxalq standartlara uyğunluq məsələsində müəyyən çətinliklərlə üzləşdiyini göstərir. Ekoloji standartlar və təhlükəsizlik tələbləri avtomobil istehsalında əsas prioritetlərdən biridir. Elektromobil istehsalı sahəsində sürətlə inkişaf edən Çin, ekoloji prinsiplərə riayət etməklə yanaşı, təhlükəsizlik standartlarını da təkmilləşdirməli və məhsullarını beynəlxalq bazarda daha rəqabətli hala gətirməlidir. Tullantıların azaldılması və ekoloji cəhətdən daha təmiz texnologiyaların tətbiqi, həm yerli, həm də qlobal səviyyədə ekoloji balansın qorunması üçün mühüm addım olacaqdır”.

Fuad Mədətov
Fins.az

Seçilən
33
50
fins.az

10Mənbələr