AZ

“Kəpəz”in onu sevən bir imkanlı şəxsə ehtiyacı var”

“Zirə” və “Kəpəz” klublarının sabiq baş məşqçisi Adil Şükürovun futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ” Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Ayaks”ı qəbul edəcək. Əvvəlki iki görüşdə uduzan təmsilçimizdən budəfəki matçda hansı nəticəni gözləyirsiniz?

– “Qarabağ”ı “Ayaks” ilə çox maraqlı oyun gözləyir. “Qarabağ” əvvəlki dönəmlərdə də adlı-sanlı klublarla qarşılaşıb və həmişə layiqli mübarizə aparmağa çalışıb. Təmsilçimiz əksər vaxtlarda evdə çalışıb ki, ehtiyatlı oyunla rəqibi sürətli hücumlarda yaxalasın və qalib gəlsin. Amma bu cür oyun üslubu əksər hallarda, xüsusən də, son dönəmlərdə “Qarabağ” üçün ağır olub. Çünki rəqiblər oturuşmuş müdafiəni yarmağı bacaran və imkanlardan maksimum faydalanan komandalardır. Tam əksi olaraq, “Qarabağ” rəqib qapısı qarşısında yaxaladığı qol imkanlarından az yararlanır. Zaqreb “Dinamo”su və “Malmö” ilə matçlarda da bunun şahidi olduq. İnşallah, “Ayaks”la matçda ələ düşən imkanlardan maksimum faydalanaraq, bütün azarkeşləri sevindirərlər.

– Həftəsonu çempionatda 11-ci turun oyunları keçiriləcək. Turun açılış matçı “Turan Tovuz” və “Kəpəz” arasında gerçəkləşəcək. Sabiq komandanızın Qərb derbisində sensasiya etmək şansı nə qədərdir? Sizcə, “Kəpəz” Premyer Liqadakı yerini qoruya biləcək?

– Əvvəla, ondan başlayaq ki, “Kəpəz” Premyer Liqada qala və özünə layiq yerlər uğrunda oynaya biləcək komandadır. Lakin komandanın ona sahib çıxıb dəstək olacaq, “Kəpəz”i sevən bir imkanlı şəxsə ehtiyacı var. Siz də bilirsiniz ki, bu günün futbolu maliyyədən asılıdır. O ki qaldı “Turan Tovuz”la oyuna, “Kəpəz” son oyunçu dəyişikliklərindən sonra sürpriz edə biləcək komandaya çevrilib.

– “Araz-Naxçıvan” – “Zirə” görüşündə kimi favorit sayırsınız?

– Bu oyunda daha çox “Zirə” üstün tərəf kimi görünür. Çünki “Zirə” istər maliyyə, istərsə də oyunçu baxımından çempionatda 3-4 qabaqcıl komandadan biridir. “Sabah”la matçda da gördük ki, ehtiyatdan meydana çıxanların hər biri görüşün taleyini həll edə biləcək oyunçulardır. “Araz-Naxçıvan” son oyunlarda topladığı xallarla turnir cədvəlində əbəs yerə ön sıralarda olmadığını təsdiqləməyə çalışır.

– Turnir cədvəlinin sonlarında qərarlaşan “Səbail” və “Sumqayıt” bu tur bir-biriləri ilə qarşılaşacaqlar və hər ikisi üçün matç “6 xallıq oyun”dur. Sizcə, 90 dəqiqənin yekununda sevinən tərəf kim olacaq?

– Bu görüşün bir neçə maraqlı məqamı var. Vaqif Cavadov “Sumqayıt”ın müvəqqəti baş məşqçisi təyin edilsə də, bu postda özünü təsdiqləməsi baxımından çox vacib oyundur. Cavadov bu postda ilk qələbəsini qazanmağa çalışacaq. Bunu edə bilməsə, “Sumqayıt”ın liqadan düşmə ehtimalları arta bilər. Digər tərəfdən isə Şahin Diniyev “Səbail”in “Neftçi” ilə oyundakı – özünün də qeyd etdiyi kimi – çox zəif çıxışından sonra komandanı toparlamalı, “Səbail” “Sumqayıt”la görüşdə uğurlu çıxış etməli və hesabına xal yazdırmalıdır. O ki qaldı “6 xallıq oyun” məsələsinə, qarşıda hələ iki dövrə olduğu üçün bu matçın hansısa komanda üçün sınma nöqtəsi kimi qiymətləndiriləcəyini düşünmürəm.

– Samir Abasov gələn kimi mövsümdə ilk qələbəsini qazanan “Neftçi” eyni nəticəni “Sabah”la oyunda təkrarlaya biləcək?

– “Neftçi” ümumən yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Samir Abasovun gəlişindən sonra bu qədər qısa zamanda komandada oyun baxımından köklü dəyişikliyin olmasından söhbət gedə bilməz. Amma görünən odur ki, Abasov komandaya nəfəs verib. Sanki heyətdəki hər kəs bu dəyişiklikdən sonra daha inamlı və istəkli olub. “Səbail” ilə oyunda açıq-aşkar bunun şahidi olduq. “Sabah” da çempionatda yüksək yerlər uğrunda mübarizə aparan və bunun üçün bütün imkanlara sahib olan komandadır. Bu oyun turun mərkəzi matçı olacaq.

– Tura “Qarabağ” – “Şamaxı” qarşılaşması ilə yekun vurulacaq. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov həftəiçi “Ayaks”la baş tutacaq matçla əlaqədar, böyük ehtimalla, “Şamaxı” önünə ikinci heyəti buraxacaq. Qonaqlar bu məqamdan istifadə edərək “Qarabağ”dan xal qopara bilərlər?

– “Qarabağ” əksər hallarda Avroliqa matçlarından sonra az oynayan futbolçulara şans verir və “Şamaxı” bundan maksimum şəkildə yararlana bilər. Əgər Şamaxı bunu bacarsa, çempionatın sonunu gözləmədən Premyer Liqada qalmaq iddiasını davam etdirəcək. Təbii ki, turnir cədvəlində aşağı sıralarda yer almış komandalarla keçiriləcək oyunlar da böyük rol oynayacaq.

FƏRİD

Seçilən
10
futbolinfo.az

1Mənbələr