AZ

Bu terror Türkiyənin hərbi qüdrətinin düşmənlər tərəfindən qanlı etirafıdır!

Bu gün Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətinə terror hücumu olub. Hələlik terrorun sifarişçiləri bəlli olmasa da, aktın özü, onun baş verdiyi məkan özlüyündə bir çox mətləblərdən xəbər verir.

 

Terror aktı Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilib ki,  bu da terrorçuların Türkiyənin müdafiə sənayesini hədəf aldğını göstərir. Başqa sözlə desək, bu fakt sübut edir ki, türk hərbi sənayesinin son illərdəki sürətli yüksəlişi anti-türk qüvvələrini ciddi narahat etməkdə, qıcıqlandırmaqdadır. Xüsusilə də, Türkiyənin aviasiya sahəsindəki uğurları, bütün dünyada böyük marağa səbəb olan PUA istehsalı, getdikcə artan silah ixracı bir çox xarici mərkəzlərdə böyük qısqanclıqla izlənməkdədir. Bu mənada sözügedən terror aktı Türkiyənin hərbi qüdrətinin düşmənlər tərəfindən etirafı, qanlı təsdiqi sayıla bilər.

 

Görünən odur ki, bu qüvvələr Türkiyənin hərbi sənayesindəki sıçrayışlı inkişafı süngü gücünə, terror yolu ilə əngəlləməyə cəhd edir. Onların məqsədi Türkiyənin müdafiə sənayesindəki tərəqqisinin qarşısını almaq, onu yenidən silah istehsal edən ənənəvi Qərb ölkələrinin ümidinə qoymaq, elmdən, istehsaldan, sənayedən uzaq Türkiyə  modeli formalaşdırmaqdır.

 

Lakin müasir Türkiyə son on ildə qazandığı uğurlar, ortaya qoyduğu dəmir siyasi iradə ilə sübut etməkdədir ki, heç bir güc, heç bir qanlı terror aktı onu öz yolundan – inkişaf və tərəqqi yolundan döndərə bilməz. Bir dövlət kimi mövcud olduğu bütün tarixi dönəmlərdə terrora qarşı amansız mübarizə aparan, bu mübarizədə böyük uğurlara imza atan Türkiyə, bundan sonra da bu mübarizəyə sadiqlik nümayiş etdirəcək, bütün düşmənlərinə diz çökdürməklə öz böyüklyünü hər addımda yenidən isbatlayacaqdır.

 

Seymur ƏLİYEV

 

Seçilən
17
moderator.az

1Mənbələr