AZ

Salyanda Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun xatirəsi anılıb

44 günlük Vətən müharibəsində şücaət göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun şəhadətinin dördüncü ildönümü ilə bağlı Salyanda anım mərasimi keçirilib.

“Report”un Aran bürosunun məlumatına görə, mərasimdə şəhidin doğmaları, döyüş yoldaşları, şəhid valideynləri, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə Sübhan Cəbrayılovun adını daşıyan Salyan Peşə Liseyinin qarşısındakı büstü ziyarət edilib, abidəsinin önünə tər qərənfillər düzülüb.

Sonra Salyan Rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilən tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edənlər Sübhan Cəbrayılovun İkinci Qarabağ müharibəsində göstərdiyi rəşadətdən geniş söz açıblar.

Sübhan kimi Vətəni hər şeydən üstün tutaraq onun yolunda şəhadətə ucalan qorxmaz oğulların qəhrəmanlığının gələcək nəsillərə örnək olacağı xüsusi vurğulanıb.

Şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilən tədbir “Qarabağ” şikəstəsi ilə yekunlaşıb.

Sonda şəhid Sübhan Cəbrayılovun məzarını ziyarət etmək üçün xüsusi avtobusla Sumqayıt şəhərinə yola salınıb.

Qeyd edək ki, 1983-cü il oktyabrın 23-də Salyan rayonunun Marışlı kəndində anadan olan Sübhan Rahim oğlu Cəbrayılov 2020-ci il oktyabrın 19-da Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub və doğum günündə - oktyabrın 23-də yaşadığı Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Seçilən
0
1
sam.az

2Mənbələr