AZ

İran beş, İraq üç yerə PARÇALANACAQ: Avantüra, yoxsa reallıq?

İranın məşhur din xadimi Ayətullah Məhəmməd Mehdi Mirbağerinin açıqlamaları ölkə gündəminin əsas mövzularından birinə çevrilib. İranda ali rəhbəri seçən Ekspertlər Şurasının üzvü olan, Ayətullah Seyid Əli Xameneidən sonra həmin posta mümkün namizədlərdən biri sayılan, üstəlik, ölkənin siyasi həyatında ciddi təsirə malik “Sabitlik Cəbhəsi” adlı siyasi qruplaşmanın ideoloqu və prezidentliyə keçmiş namizəd Səid Cəlilinin mənəvi atası hesab olunan Ayətullah Mirbağeri dövlət televiziyasına geniş müsahibə verib.

Onun İranın Qərblə, o cümlədən İsraillə müharibəsinin qaçılmaz olması barədə səsləndirdiyi fikirlər ölkə mediasında və sosial şəbəkələrdə geniş müzakirələr doğurub. Müharibənin labüdlüyü, hətta zəruriliyi barədə çağırışları ilə İranı fəlakətə sürükləməkdə ittiham olunan Ayətullah Mirbağeri oktyabrın 19-da yayılmış yeni bir açıqlamasında bu ittihamı rədd edib, müharibə deyil, müqavimət tərəfdarı olduğunu vurğulayaraq deyib: “Əgər müqavimət göstərməsək, İraq üç yerə, İran isə beş yerə parçalanacaq!”

Bu qalmaqallı açıqlama mətbuatın xüsusi diqqətini çəkərək, onun fikirləri ətrafında müzakirələrin daha da qızışmasına səbəb olub. Maraqlıdır, İraqın 3, İranın 5 yerə parçalanması barədə iddialar nə dərəcədə əsaslıdır? Bu iki dövləti parçalamaq üçün Qərb dövlətlərinin, böyük güclərin xüsusi planı varmı? İranı və İraqı gözləyən təhlükələr hansılardır?

Mövzu ilə bağlı Medianews.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirb ki, Ayətullah Mirbağeri Ayətullah Seyid Əli Xameneidən fərqli heç bir açıqlama verməyib.

Onun sözlərinə görə Mirbağeri də elə Seyid Əli Xameneinin siyasi ideoloji, dini təriqətinin davamçısıdır: “O, yenilik gətirəcək kefiyyətdə deyil. Bu baxımda istər müharibə deyək, istər müqavimət deyək, heç bir fərqi yoxdur. İranın müharibə adlandırdığı müqavimət deyil, müqavimət adlandırdığı məsələ elə müharibədir. İranın və yaxud İraqın parçalanma məsələsi yeni mövzu deyil. Hər dəfə Yaxın və Orta Şərqdə vəziyyət qarışanda, münasibətlərdə gərginlik yarananda onların parçalanması məsələsi gündəmə gəlir. İraqın parçalanması məsələsi ilə bağlı fikirlər hələ 2000-ci illərin əvvələrində Səddam Hüseyn hakimiyyətdən gedəndən sonra açıqlanmışdı. Onun 3 yerə – süni, şiə və kürd bölgələrinə parçalanması məsələsi var idi. İranın Azərbaycan, Kürdüstan, Ərəb, Bəllucistan və Farsistan bölgələrinə parçalanması məsələsi gündəmdə olur. İndi də bu barədə fikirlər səslənir. Yenidən bu fikirləri səsləndirməklə İran hakimiyyəti regionda mövcud rejimin nüfuzunu qaldırmağa çalışır. Tehran hakimiyyəti bildirmək istəyir ki, əgər mövcud rejim, yəni indiki hakimiyyət devrilərsə, o zaman İranı da, İraqı da parçalayacaqlar. Nəticədə İranla İraq yaman günə qalcaq. Bu, ictimai fikiri, İran cəmiyyətini öz ətrafında toparlamaq üçün bir ideyadır. Bu, Vladimir Putinin “Rusiyanı parçalayacaqlar” fikri ilə Rusiya cəmiyyətini toparlamaq cəhdinə oxşayır. Düzdür, eynisi deyil, çox saylı fərqləri var. Lakin fikir kimi ona oxşayır”.

Siyasi şərhçinin qənaətincə, dünyanın aparıcı güclərinin, böyük dövlətlərin rəsmi şəxslərinin “İranı parçalamalıyıq”, “İran mütləq parçalanmalıdır” kimi bəyanatı, fikri yoxdur: “Hələ 1990-cı illərin sonunda, 2000-ci illərin əvvəllərində İrana bəyanat verilərək bildirilirdi ki, islahat aparsın və insan hüquqlarını, milli hüquqları qorusun. İranda rejimi kimsə dəyişmək istəmir. Çünki Tehran hakimiyyəti həmişə rejiminin devriləcəyindən ehtiyatlanır. HƏMAS-ı, “Hizbullah”ı yartmaq, Suriyada, İraqda, Yəməndə və sair yerlərdə müqavimət hərəkatı adı altında proksi qüvvələri təşkil etmək, formalaşdırmaq da bu rejimin qorunması üçündür. Odur ki, dünyanın İranı parçalayacağı ilə bağlı fikirlər indiki halda reallığı əks etdirmir. Bu, Tehran hakimiyyətinin avantürasıdır. Beynəlxaq ictimaiyyəti, dünya güclərini, xüsusən də Qərbi təxribata cəlb edir. Həm İraq, həm də İran əhalisini Qərbə, onun ideyalarına, xüsusən də Qərbin regiondakı qüvvələrinə qarşı müharibəyə sövq edir. Eyni zamanda, ərəblərin bu məsələdə aktivliyinə cəhd göstərir. İranda rejimin dəyişilməsi və ya dəyişiləcəyi ilə bağlı nə ABŞ və Böyük Britaniya rəsmiləri açıqlama verməyiblər. Ayrı-ayrı fikirlər səslənir, müxtəlif formalarda bəyanatlar verilir. Amma bu, hələ İran hakimiyyətinin devrilməsi demək deyil. Kandaliza Rays ABŞ-nin Dövlər katibi olanda o dövrdə İranın xarici işlər naziri olan Mənuçöhr Müttəkiyə çatdırmışdı ki, ABŞ-nin İranda rejimi dəyişmək fikiri yoxdur. İrandan indiki şəraitdə regiondakı silahlı qüvvələrini geri çəkmək və müharibəni dayandırmaq tələb olunur”.

Nailə QASIMOVA

Seçilən
20
medianews.az

1Mənbələr