AZ

Ekspert: Bu qərardan sonra müştəri üçün kredit almaq asanlaşacaq

"Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə məsafədən kreditləşmənin tənzimlənməsini planlaşdırır".
Bunu qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi Xəyyam İsmayılov Bakıda keçirilən "Dayanıqlı mikromaliyyə üçün innovativ həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
"Bu istiqamətdə beynəlxalq təcrübə araşdırılır və yerli prioritetlər nəzərə alınmaqla məsafədən kreditləşmənin ümumi şərtləri müəyyən ediləcək. Əsas məqsəd istehlakçıların hüquqlarının qorunması və onların izafi borclanmasının qarşısının alınmasıdır", - deyə o qeyd edib.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Sherg.az"a açıqlamasında söyləyib ki, məsafədən kreditləşmə ilə artıq müştərinin banka gəlməsinə ehtiyac qalmayacaq:             

"İndiki halda kredit götürmək istəyən şəxs banka gələrək sənədləri özü imzalamalıdır. Düzü, bəzi banklar "Asan imza" ilə prossesi tətbiq edir. Lakin qaydalara uyğun tənzimlənmə yoxdur. Ümumiyyətlə AMB-nin ölkədə məsafədən kreditləşməni tənzimləməsinə səbəb xeyli problemlərin ortaya çıxmasıdır. Burada əsas şərt şəxsin eyniləşdirilməsidir. Əlavə olaraq sənəddə olan imzanın krediti götürən şəxsə məxsus olmasını sübut etmək kifayət etmir. Yaxşı olardı ki, bununla bağlı videogörüntü olsun. Bununla həmin adamın "Asan imza"-sının başqasının əlinə keçmədiyinə əmin ola bilərik. İstehlakçıların hüquqlarının müdafiəsi baxımından şərtlər elan edilməlidir. Bank əmin olmalıdır ki, müştəri şərtləri tam başa düşüb. Məsafədən kreditləşmə ilə bağlı xaricdə təcrübə var. Bu qərardan sonra müştəri üçün kredit almaq asanlaşacaq. Nəzərə almaq lazımdır ki, son zamanlar tıxac olduğu üçün bir nöqtədən başqa nöqtəyə çatmaq  çox da asan deyil. Bu qayda banklar üçün də əlverişli olacaq. Onlar artıq çox işçi saxlamayacaqlar. Lakin tənzimlənmə elə qurulmalıdır ki, sonra problem çıxmasın".
Seçilən
10
sherg.az

1Mənbələr