AZ

Gürcüstanda yaşayan soydaşlarımızın işğaldan azad olunan ərazilərə səfəri başa çatıb VİDEO

Şuşa, 22 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Gürcüstanda yaşayan azərbaycanlıların işğaldan azad olunan ərazilərə səfəri başa çatıb. Onlar bu gün Şuşa və Ağdamda olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, üçüncü qrupun səfəri ötən gün Xankəndi şəhərindən başlayıb.

Bu gün səhər saatlarında isə qonaqlar üçün Şuşa şəhərində gəzinti təşkil edilib. Onlar Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti barədə məlumat verilib. Bildirilib ki, otuzillik işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, şəhərin tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da diqqətdə saxlanılır.

Gürcüstanda yaşayan azərbaycanlılar, həmçinin Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı və qala divarları, Yuxarı Gövhər Ağa məscidi və İsa bulağı ilə tanış olublar. Cıdır düzünə gələn səfər iştirakçıları buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Qonaqlar günün ikinci yarısında Ağdamda olublar. Şəhər mərkəzində yerləşən Cümə məscidi ilə tanışlıq zamanı məlumat verilib ki, 1868-1870-ci illərdə inşa edilən məscid də 30 illik işğal ərəfəsində digər tarixi-dini abidələr kimi erməni vandalizminə məruz qalıb. Erməni vandalları Ağdam Cümə məscidində mal-qara saxlayıblar. Ağdam şəhəri işğaldan azad edildikdən sonra məscid Azərbaycan dövləti tərəfindən bərpa olunub.

Səfər iştirakçıları Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına da baxıblar. Məlumat verilib ki, işğala qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən olub. Lakin işğal zamanı Ağdam xarabalığa çevrilib. İşğaldan azad edildikdən sonra Ağdamda geniş tikinti-quruculuq işlərinə start verilib. Hazırda şəhər mərkəzi ilə yanaşı, ətraf bir neçə kənddə tikinti işləri aparılır.

Qeyd edək ki, Gürcüstanda yaşayan azərbaycanlıların işğaldan azad edilən ərazilərə səfəri üç qrupda olmaqla, altı gün ərzində həyata keçirilib. Qonaqlar Xankəndi, Şuşa və Ağdamda olublar.

 

Seçilən
16
7
azertag.az

10Mənbələr