AZ

“NATO-ya dəvətimiz Rusiyadan asılı deyil” – “Şoltsa minnətdaram, amma...”

Ukrayna Rusiya tərəfindən işğal olunmuş ərazilərin güzəştə gedilməsi müqabilində NATO-ya üzv olmaq məsələsini müzakirə etmir.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün jurnalistlərlə görüşündə deyib.

Prezident işğal olunmuş ərazilərin müqabilində NATO-ya üzvlüyün əldə edilməsinin mümkün olub-olmaması sualını belə cavablandırıb: “Biz bunu müzakirə etmirik. Görünür, bəzi tərəfdaşlarımız bu cür fikirləri media vasitəsilə çatdırırlar. Onlar bunu mənimlə birbaşa müzakirə etmirlər. Məncə, burada hər şey Ukrayna cəmiyyətindən asılıdır”.

Eyni zamanda, Prezident qeyd edib ki, Ukrayna indi bütün danışıqlarda təhlükəsizlik təminatı məsələsini gündəmə gətirir: “Müharibə zamanı ən yaxşısı NATO-ya dəvətdir – tamamilə açıq dəvət, hər hansı bir diplomatiya formatında güclü mövqeyə malik dəvət. Hesab edirəm ki, bu dəvət Rusiyadan asılı deyil”.

Eyni zamanda Zelenskidən Ukraynanın işğal olunmuş ərazilər olmadan NATO-ya qismən daxil olması perspektivi barədə soruşublar. Prezident cavabında deyib: “Hamı başa düşür ki, hansı yolu seçməyimizdən asılı olmayaraq, heç kim işğal olunmuş əraziləri başqa dövlətlərin ərazisi kimi tanımayacaq. İkincisi, nədən mən NATO-ya dəvəti xüsusi vurğulayıram? Çünki bu dəvət ölkəyə beynəlxalq birliyin tanıdığı ərazilər daxilində verilir. Müharibə zamanı dəvət almaq mənim üçün prinsipial məsələdir”.

Zelenskidən Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı Almaniyanın mövqeyi də soruşulub. O, Şoltsla çox yaxşı münasibətlərinin olduğunu deyib: “Mən minnətdaram ki, Şolts kömək edir. Almaniya bizə dəstəyə görə ikinci yerdədir. Amma Almaniya tərəfinin bizim NATO-ya üzv olmağımıza skeptik yanaşması faktdır”.

Eyni zamanda, Ukrayna Prezidenti qeyd edib ki, Almaniyanın Ukraynanın NATO üzvlüyü ilə bağlı mövqeyi əvvəkinə baxanda daha yumşaqdır. Bununla yanaşı, Zelenski qeyd edib ki, əsas məsələ ABŞ-nin mövqeyidir və Vaşinqton qətiyyətli şəkildə mövqe ortaya qoysa, Almaniya da daxil olmaqla, NATO üzvləri Ukraynanın təşkilata qoşulmasına müsbət rəy verəcəklər.

“AzPolitika.info”

Seçilən
16
azpolitika.info

1Mənbələr