AZ

"Əgər bir evi su basıbsa, bu, hamımızındır" - Ceyhun Musaoğlu

“Bir neçə gündür respublikanın əksər ərazilərində, o cümlədən paytaxt Bakıda yağan yağış illik normadan dəfələrlə artıqdır. Bu da tullantı sularının axıdılması, o cümlədən yağış sularının axıdılması üçün istifadə olunan kollektorlarda, borularda, təbii ki, problemlər yarada bilir".

Bu barədə Redaktor.az-a açıqlamasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu Bakıda yağıntıların törətdiyi fəsadlarla bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, əgər bu kollektorlar, borular məlum miqdar üçün nəzərdə tutulmuşdursa, ondan dəfələrlə çox su miqdarı şəhərimizin küçələrində yaranıbsa, belə hal baş verməli idi.

"Yeri gəlmişkən belə hal tək bu il deyil baş verir. Demək olar payız aylarında şəhərimizin küçələrində suların yığılması halları olub. Bu hallar Avropanın inkişaf etmiş əksər ölkələrində və şəhərlərində yaşanmaqdadır” - deyən qurum rəsmisi bildirdi ki, problemin kökünə nəzər saldıqda, vəziyyətin bu həddə gəlib çatmasında xeyli səbəblər aşkara çıxarıla bilər:

“Vəziyyətin bu həddə gəlib çatmasının ən əsas səbəbi yağışın normadan artıq yağmasıdır. Digər tərəfdən Bakı şəhərinin əksər ərazilərində fəaliyyət göstərən kollektorlar sovet dövründən qalan, bəziləri istismar müddətini bitirən borulardır. Təbii ki, bunlar zaman-zaman dəyişdirilir və dəyişdiriləcək. Digər tərəfdən yağış suları axıdan drenaj sistem və tullantı sularını axıdan sistem fərqli fəaliyyət göstərir. Amma bəzi yerlərdə drenaj sistemi ilə axıntı sularını aparan kollektorlar demək olar birləşib eyni funksiyanı yerinə yetirirlər. Bu da doğru deyil. Bunların da zaman-zaman bir-birindən ayrılması prosesi həyata keçiriləcək. Bununla yanaşı biz 15, 20, 30 il əvvələ baxanda görərik ki, Bakıda 2 milyon əhali olub. Bu qədər tikintilər, evlər də yox idi. Amma bu gün Bakı şəhərində 5 milyondan çox əhali var. Tikintilərin də sayı yüz dəfələrlə artıb. Bunların içərisində həyət evlərinin sayı da artıb. Bu evlər də harada gəldi inşa olunub. Obyektlərin çoxu magistral xəttlərin, su xəttlərinin, kollektorların üzərində inşa olunublar. Əksər kollektorlarımız qapalı vəziyyətdədir. Onların üzərinə beton tökülüb. Bütün bunlar baş verib".

C.Musaoğlunun sözlərinə görə, bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ona görə yaradılıb ki, bu neqativ vəziyyəti aradan qaldırsın.

"Əvvəl təkcə "Azərsu" var idi. Bu gün isə ADSEA var. Bu agentliyin tərkibində 5 publik hüquqi şəxs, 1 xidmət fəaliyyət göstərir. Onlar İri Şəhərlərin Birləşmiş Su Təchizatına xidmət edir. Onlardan biri Regional Su Meliorasiya Publik Hüquqi Şəxsidir. Bunlar onu deməyə əsas verir ki, bu kimi neqativ vəziyyətlər mütləq aradan qaldırılacaq.

Hazırda yağıntılarla bağlı qurumlarımız gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Onsuz da İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin su və kanalizasiya sistemləri ilə məşğul olan qurumumuzun əməkdaşları gecə-gündüz fəaliyyətdədir. Su xətlərində baş verən qəzaların aradan qaldırılmasının saatı olmaz. Bütün günü əməkdaşlarımız küçələrdədirlər, əhalinin su keşiyini çəkirlər. Normadan artıq yağan yağışların yaratdığı fəsadlarla bağlı olaraq demək olar ki, bütün əməkdaşlarımız rəhbərlikdən tutmuş hadisə yerindədir. Hər kəs şəhərimizi bu vəziyyətdən qurtarmaq üçün eyni güclə çalışır. Çünki bu hamımızın evindən, küçəsindən söhbət gedir. Əgər bir evi su basıbsa, bu, hamımızındır. Bizim rəhbərlik məsələyə belə yanaşır.

Hər gün su-kanal idarələri drenaj sistemlərinin təmizlənməsi ilə bağlı hesabatlar verirlər. Hər gün aparılan işlərlə bağlı foto və videolar təqdim edilir. Harada nə problem yaranırsa, tez zamanda aradan qaldırılır. Düzdür problemlər yaşayırıq, amma bizim qəza xidmətimizin əməkdaşları həmin problemin həlli üçün anında hərəkətə keçirlər. Bəzən isə işçi qüvvəsi, texnika çatdırmaq olmur. Qobuda, Lökbatanda qayalarda suyun axıdılması üçün nəzərdə tutulan cığırların üzərində evlər, restoranlar tikilib. Artıq su həmin cığırlardan axıb kanallara tökülə bilmir ki, sonda dənizə tökülsün”, - deyə mətbuat katibi yekunlaşdırdı.

S.İBRAHİMZADƏ

Seçilən
5
2
redaktor.az

3Mənbələr