AZ

Klinikaların analiz davası: Niyə bir-birilərinə etibar etmirlər?

Son vaxtlar xəstəxanalara müaraciət edən vətəndaşların üzləşdiyi problemlərdən biri də laborator analizlər, MRT, USM kimi texniki vasitələrdən istifadə ilə bağlıdır.

Sosial şəbəkələrdə bir vətəndaş tərəfindən yayılan məlumatda deyilir ki, bir klinikanın reklamı ilə tez-tez qarşılaşıb. Həmin özəl tibb müəssisəsinə müraciət edən vətəndaş 70 manat ödədikdən sonra qəbz əvəzinə növbə kağızı alıb, həkimin qəbuluna gedib. Həkim onu dinləyib, rəhbərlik etdiyi klinikada analiz verməyə göndərib. Xəstə analizi etibar etdiyi digər tibb müəssələrində vermək istədiyini bildirdikdə, həkim buna etiraz edib, onlara güvənmədiyini bildirib, həmin klinikaların xəstələrin labarator analizlərində dəfələrlə yalnışlıqları aşkarladığını deyib və analizləri yalnız orada verməyə təkid edib.

Vətəndaş qeyd edir ki, kassada analizlər üçün 520 manat ödəyəcəyini görüb:

“Həkimin köməkçisinə yaxınlaşıb ödədiyim pulu geri istədikdə buna etiraz olaraq ödənişi qaytarmayacaqlarını bildirdilər. Mən izah etdim ki, həkim məni müayinə - müalicə etməyib, sadəcə 5-10 dəqiqə dinləyib, sonra öz Avropa səfərlərindən, Fransa təhsilindən bəhs edib. Bunun müqabilində 70 manat ödəməliyəm? Bundan sonra həkimin köməkçisi məni “yola verib” pulu bu gün geri qaytara bilməyəcəklərini və sabah mənimlə əlaqə saxlayacaqlarını bildirdi. Ertəsi gün bildirdilər ki, ödəniş geri qaytarılmır. Bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Dövlət Vergi Xidmətinə şikayət etmişəm”.

Maraqlıdır, vətəndaşın öz istədiyi, etibar etdiyi digər klinikaya analiz, yaxud MRT, USM və s. üçün müraciət etmək hüququ varmı, yoxsa bu, özəl klinikaların qaydalarının pozulmasıdır?

Həkim-terapevt Rasif Bağırov “Cebheinfo.az”-a bildirib ki, hələ universitetdə oxuyarkən tələbələrə tibbin əsas qanunlarından biri kimi bir həkimin digər həkimin fikirləri əsasında xəstəyə müalicə yaza bilməməsini, buna ixtiyarının olmadığını başa salırlar:

“Məsələn, həkim hər hansı bir klinikada aparılan müayinə, analizlər əsasında xəstəyə müalicə yazır. Sabah xəstənin başına bir iş gələndə həkim günahkar olur. Günahı ondan ibarətdir ki, başqa klinikada yoxlamadan keçib və oranın verdiyi cavab əsasında xəstəyə müalicə yazıb, halbuki buna ixtiyarı yoxdur. Xəstə həkimin bildiyi yerdə müayinədən keçməlidir. Həmin klinikanın məsuliyyət anlayışı var. Sonra xəstə ilə bağlı problem yarananda, heç kəs o klinikanın rəhbərini, həkimini cəzalandıra bilməz ki, niyə bu xəstəyə dərman yazmısan və bu problem yaranıb? Ona görə ki, xəstə başqa yerdə analizdən, aparatdan keçib, orada hansı reaktivdən istifadə ediblər, yaxud bəlkə orada analiz düzgün aparılmayıb. Düzgün aparılmayan analizə görə bu həkim məsuliyyət daşımır. Həkimin məsuliyyəti ondan ibarət olur ki, xəstə hardasa analizdən keçib, onun əsasında müalicə yazıb. Ona görə də həkimlər öz yoxladığı, inandığı yerdən istifadə edib xəstəyə müalicə yazırlar. Həkim elə etməlidir ki, problem yarananda onun məsuliyyətini daşıya bilsin”.

Ekspert deyib ki, praktikada bəzən bunun əksi olur:

“Görürük ki, bəzi klinikalarda xəstələr heç yoxlanmadan adları kompüterə salınır, ikinci dəfə gələndə kompüterdən həmin cavabları köçürüb xəstəyə verirlər. Ona görə də həkimin işlədiyi klinikada həmin müayinələr aparılmırsa, o, xəstəni müayinədən imtina edə bilər. Ancaq öz klinikasında olmayan müayinəni başqa klinikaya göndərib, onun cavabına baxmalıdır. Bundan başqa, əgər xəstə analiz verməyibsə, qəbzi geri verib pulu ala bilər. Yəqin ki, o xəstə analizi verib, cavabını alıb, sonradan düşünüb ki, ödənişi geri alsın. Analiz veriləndən sonra həmin ödənişi geri ala bilməz”. Terapevtin sözlərinə görə, həkimlərin hamısının biliyi eyni deyil: “Həkim universiteti bitirəndən sonra eyni savadda qalmır. Ondan sonra bəziləri professor, akademik olur, yaxud sıravi həkim kimi çalışırlar. Bəziləri universitet vaxtı əldə etdiyi biliklərlə kifayətlənir. Müayinədə hüquqi məsuliyyətdən də söhbət gedir. Məsələn, bir həkim yazır ki, xəstə infarkt olub. Digər həkim də ona əsasən müalicə yazır, sonra məlum olur ki, o xəstədə heç infarkt yox imiş. Əgər xəstə vəfat edirsə, bunun məsuliyyətini kim daşımalıdır? Bu zaman həkimlə klinika məsuliyyət daşıyır. Yəni, həkim məsuliyyət daşıması üçün xəstənin öz klinikasında yoxlanılmasını tələb edir. Məsələn, çox rastlaşmışıq ki, xəstə başqa klinikaya gedir, ona şəkəri olduğunu deyirlər, ancaq onun şəkəri olmur, lakin ona həkim şəkər dərmanı verir. Halbuki həkim onu yoxlayıb, dəqiqləşdirməlidir. Başqa klinikalara inanmaq məsələsinə gəldikdə isə əgər bütün klinikalar çox düzgün müayinə, analiz etsə, inanmaq olar. Ancaq xəstənin müayinəsi, onun diaqnostikası, müalicəsi həkimə məsuliyyət tələbi yaradır. O, başqa həkimin yazdığına yox, öz yazdığına cavabdehdir. Ona görə də müəyyən tələblər irəli sürür”.

Seçilən
12
cebheinfo.az

1Mənbələr