AZ

“Türkdilli dövlətlərin böyük qardaşı rolu oynayan Türkiyə indiki məqamda bu qərarı verməz” – Tural Əsgərli

Türkiyə Fubol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu bir neçə gün əvvəl bu ölkədə legioner limiti ilə bağlı yeni qərar veriləcəyini bildirib.

Belə ki, federasiya bir neçə yeni meyar müəyyənləşdirib. Qonşu ölkənin çempionatının 1-ci liqasında əcnəbi futbolçular oynamayacaq, türkdilli dövlətlərdən olan futbolçular da əcnəbi sayılacaq. Bu isə o deməkdi ki, azərbaycanlı futbolçuların legioner həyatı yaşaması üçün daha bir qapı bağlanacaq.

Bəs bu qərar Azərbaycan futboluna nə kimi mənfi təsir göstərə bilər? Tanınmış menecer Tural Əsgərlinin “Football-plus.az”a söylədikləri:

“Hələ qərar verilməyib. Sadəcə, bu yöndə müzakirələr aparılır. Qərar qüvvəyə minəndən sonra görəcəyik ki, hansı səpkidə olacaq. Güman olunan dəyişikliklərin Türkiyə futboluna heç bir faydası olmayacaq. Amma bu, onların dərdidi, qoy, özləri öz dərdini çəksin. Bizim də çəkəcəyimiz çox dərd var. Türkiyədə oynayıb-oynamamaq böyük ölçüdə futbolçunun inkişafına ciddi mənada təsir etmir. Futbolumuzun inkişafını Türkiyə yolu ilə görürüksə, bu, sadəcə, yanlışdı. Bəli, bəzi futbolçuların – hansıların ki, Türkiyədə oynayıb daha yaxşı qazanmaq imkanı var - qarşısını ala bilər. Hansısa oyunçuya təsir edə bilər, amma ümumilikdə Azərbaycan futbolu üçün bunun bir isti-soyuğu yoxdu. Güman edirəm ki, türkdilli dövlətlərin böyük qardaşı rolu oynayan Türkiyə indiki məqamda bu qərarı verməz. Versələr də, böyük yanlış olar. Yenə də deyim ki, indiki məqamda bunun bizə ciddi bir təsiri olmayacaq”.

RÖYANƏ OĞUZ
Seçilən
25
football-plus.az

1Mənbələr