AZ

İki günlük yağış Bakını İFLİC ETDİ: Məmurlar təbiəti GÜNAHKAR BİLDİLƏR

Srağagündən Bakıya yağan aramsız yağış paytaxtı iflic edib. Kanalizasiya xətti, drenaj sistemi yağış suyunu çəkib apara bilmir. Avtomobil yollarını, piyada səkilərini, tunelləri, yeraltı keçidləri, hətta müxtəlif ünvanlarda sakinlərə məxsus evləri su basıb. Yollarda hərəkət dayanıb, paralel olaraq Bakı şəhərinin bəzi ərazilərində, həmçinin paytaxtətrafı yaşayış məntəqələrində elektrik enerjisi kəsilib.

Bir sözlə, odlar diyarının mərkəz şəhəri cəmi iki gün yağan yağışa tamam təslim olub. Paytaxt iflic vəziyyətə düşüb. Təbii ki, bu, sakinləri ciddi narahat edib, böyük narazılığa səbəb olub. Rəsmi qurumların “yağış normadan çox yağıb” kimi açıqlamaları isə insanları daha çox qəzəbləndirib. Sosial media istifadəçiləri də bu durumla bağlı öz münasibətlərini müxtəlif formada ifadə ediblər.

 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas bildirib ki, yağışın normadan artıq yağdığını səbəb kimi göstərmək, birmənalı şəkildə məsuliyyəti təbiətin üstünə atmaqdır: “Təbiət konkret siyahı və norma əsasında çalışmır. Yəni, bu ay Bakıya 56 mm, Gəncəyə 26 mm, Şamaxıya 30 mm yağış yağdırmır. Bu sadəcə proqnozdur. İllər ərzində formalaşan data əsaslı proqnoz. Amma iqlim dəyişikliklərini nəzərə alsaq, proqnoz əsasında şəhərin drenaj sistemi qurula bilməz. Ən azından gözlənən yükün 2 qatına qədər şəhər tab gətirə bilməlidir. Bakı isə nəinki suya, o qədər yüklənib ki, heç insanlara belə tab gətirə bilməyəcək haldadır. Bakı şəhər olaraq bezib. Bakının tıxac, yerləşmə, drenaj probleminin həlli üçün şəhər gərək sökülə, sıfırdan yeni plan ilə qurula. Bu gün olan mənzərə illərin məsuliyyətsiz yanaşmasının nəticəsidir və həlli üçün də elə illər lazımdır. Əgər o illərdə də təbiət normasını artırmasa”.

Oxu.az saytının baş redaktoru Ülvi Səfərov da bildirib ki, “yağış normadan artıq yağıb” açıqlaması yaxanı kənara çəkmək üçün əla, lakin köhnəlmiş fikirdir: “Artıq başa düşmək lazımdır ki, sizin qəbul etdiyiniz və ya nəzərinizdə tutduğunuz norma köhnəlib. Yeniləmək lazımdır. Həm də inventarınızı. Şəninə təriflər yağdırılan innovativ məqamları yağış suyu yudu apardı. Çox yox, bir gün yağdı və şəhərin makiyajı silindi. Əgər Allahla kontrakt bağlayıb standart yağış yağdıra bilməyəcəksinizsə, mütləq fors-majora hazır olmalısınız”.

Təhsil eksperti Kamran Əsədov isə Bakının küçələrində deyil, elmdə üzməyin vacib olduğunu qeyd edib: “Elmdə üzmək lazımdır, amma Bakının küçələrində yox! Hava şəraitinə görə dərslərin təxirə salınması və ya alternativ təhsil üsullarına keçid müasir təhsil sistemlərinin çevikliyi baxımından vacib bir addımdır. Xüsusilə yağışlı və qarlı havalarda, şəhər daxilində hərəkətin ciddi şəkildə məhdudlaşdığı hallarda məktəblərə onlayn təhsilə keçmək üçün səlahiyyət verilməlidir. Məsələn, bu gün Bakıda yağışlı hava səbəbindən davamiyyət çox aşağıdır, lakin dərslər ənənəvi şəkildə keçirilir. Halbuki, bəzi dağlıq ərazilərdə bu hava şəraiti adi haldır və orada hərəkət mümkündür. Təhsil tədqiqatçısı Linda Darling-Hammond belə qeyd edir: “Çevik təhsil modelləri və texnologiya vasitəsilə tədris prosesinin fasiləsiz davam etməsi vacibdir. Gözlənilməz hadisələrdə ənənəvi dərs formatından çıxmaq, şagirdlərin təhsilini kəsmədən təmin etməyin ən effektiv yoludur”.

Təhsil eksperti vurğulayıb ki, Finlandiya və Kanada kimi ölkələrdə hava şəraitinin pis olduğu günlərdə məktəblər onlayn dərslərə keçid edərək təhsilin davamlılığını təmin edirlər: “Belə yanaşma, şagirdlərin dərs itirməməsi və eyni zamanda təhlükəsizliyin qorunması baxımından olduqca effektivdir. Hazırda Bakıda yağışlı hava səbəbilə sanki “Dünyanı su basması” nağılı gerçəkliyə çevrilir, belə şəraitdə məktəblərə çevik qərar alma səlahiyyəti verilməli və alternativ təhsil modelləri tətbiq olunmalıdır. Bu, həm şagirdlərin, həm də müəllimlərin təhlükəsizliyini təmin edəcək və təhsilin keyfiyyətini qoruyacaq”.

Alpər TURAN

Seçilən
14
1
medianews.az

2Mənbələr