AZ

Manipulasiya nədir və ondan necə qorunmaq olar? - AÇIQLAMA

Son zamanlar manipulyasiya ifadəsi ilə tez-tez rastlaşırıq. Bir çoxumuz hələ də bu ifadənin nə anlama gəldiyini qavraya bilmirik.

 

Bəs manipulyasiya nədir və ondan necə qoruna bilərik?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, manipulyasiya, bir şəxsin və ya qrupun başqalarını idarə etmək, yönləndirmək və ya onlardan istifadə etmək məqsədilə psixoloji və emosional taktikalar tətbiq etməsidir.

 

“Bu, birbaşa güc nümayişi olmadan, daha çox dolayısı ilə və ya hissləri istismar edərək həyata keçirilir. Manipulyasiyanın məqsədi manipulyatorun öz maraqlarını təmin etməkdir. Bu, qeyri-dürüstlük, qorxu yaratma və ya günahkarlıq hissi yaratma kimi üsullarla baş verə bilər. Manipulyasiya edildiyinizi anlamaq üçün bir sıra əlamətlərə diqqət yetirmək lazımdır. Həddindən artıq günahkarlıq, qorxu və ya narahatlıq hiss edirsinizsə, bu, manipulyasiyanın əlamətidir. Hər zaman bir şey etməyə məcbur hiss edirsinizsə, bu, manipulyasiya ola bilər. Digər şəxslərin sizin seçimlərinizə və qərarlarınıza təsir etməyə çalışması da manipulyasiya əlaməti kimi qeyd olunur. Qarşı tərəf öz davranışlarını tənqid edərkən, sizin davranışlarınızı yüngülləşdirirsə, bu da manipulyasiyadır. Bu əlamətləri diqqətlə izləmək və şübhələriniz varsa, vəziyyəti açıq şəkildə müzakirə etmək önəmlidir".

 

Psixoloq qeyd edib ki, manipulyasiya bir neçə səbəbdən çox yayılıb.

 

“İnsanlar emosional reaksiyalara meyillidirlər. Manipulyatorlar bu zəifliklərdən istifadə edərək başqalarını yönləndirməyə çalışırlar. Bəzi insanlar başqalarını idarə etmək və öz məqsədlərinə çatmaq üçün manipulyasiyaya əl atırlar. Bəzi mühitlərdə, məsələn, iş yerində və ya ailədə, güc və nəzarət mübarizəsi manipulyasiyanı təşviq edə bilər. İnsanlar başqalarının təsirində olmağa meyllidir, bu da manipulyativ davranışların yayılmasına səbəb olur. Bu faktorlar manipulyasiyanın niyə bu qədər geniş yayılmış bir davranış forması olduğunu izah edir”.

 

Psixoloqun sözlərinə görə, manipulyator insanlar başqalarını idarə etmək və öz məqsədlərinə çatmaq üçün psixoloji taktikalar tətbiq edən şəxslərdir.

 

“Onlar adətən bir sıra xüsusiyyətlərə malik olurlar: Başqalarının hisslərini və zəifliklərini asanlıqla tanıyaraq onlardan istifadə edirlər. Çox vaxt yalan və ya yarımçıq məlumatlardan istifadə edərək başqalarını aldatmağa çalışırlar. Öz davranışlarını tənqid etmədən başqalarını qınamağa meyilli olurlar. Digər şəxslərdə qorxu və ya narahatlıq hissi yaradaraq onları istədikləri şəkildə davranmağa məcbur edirlər. Başqalarının empatiya və mərhəmət hisslərindən istifadə edərək istədikləri nəticəyə çatmağa çalışırlar. Manipulyatorlardan qorunmaq üçün onların davranışlarını tanımaq və sərhədlər qoymaq önəmlidir.

 

Manipulyasiyadan qorunmaq üçün bu strategiyaları tətbiq etmək olar: Öz emosiyalarınıza diqqət yetirin. Hiss etdiyiniz narahatlıq və ya günahkarlıq hisslərini tanıyın. Öz şəxsi sərhədlərinizi müəyyən edin və başqalarının bu sərhədləri aşmasına icazə verməyin. Duyğularınızı və düşüncələrinizi açıq şəkildə ifadə edin. Başqalarının sizə sürətli qərar verməyinizi tələb etməsinə icazə verməyin. Bu strategiyalar manipulyativ davranışların qarşısını almağa və özünüzü qorumağa kömək edə bilər”.

 

Ülkər Abdurahmanlı

 

 

Seçilən
11
sfera.az

1Mənbələr