AZ

Şimali İrlandiya vahid lider oldu - ŞƏRH

C liqasının 3-cü qrupunda 4-cü turun oyunlarından sonra iki komandanın şərikli liderliyi pozuldu. Bunun səbəbi Belarusla Bolqarıstanın büdrəməsi və Şimali İrlandiya yığmasının qələbə qazanması oldu.

Sentyabrın 8-də səfərdə Lüksemburqu minimal hesabla üstələyən Belarus yığması 2024-cü ildə ilk dəfə qalib gəlmişdi. 5 oyunluq qələbəsizliyə son qoyan ispaniyalı Karlos Alosun komandası oktyabrın 12-də Şimali İrlandiya ilə qolsuz heç-heçə etməklə Bolqarıstanla şərikli liderliyini davam etdirmişdi. Lakin postsovet məkanının təmsilçisi evdə Lüksemburqa qalib gələ bilmədi. Əslində isə matç UEFA-nın məlum qadağası səbəbindən neytral meydanda - Macarıstanın Zalaeqerseq şəhərində keçirildi. İlk dəqiqələrdən pressinqə əl atan belaruslular istəyinə tez çata bilərdilər. Lakin Qromıko özünün qazandığı penaltidən yararlana bilmədi: onun zərbəsini qapıçı Moris dəf etdi. Komandalar fasiləyə qədər hərəyə yalnız bir dəfə təhlükəli vəziyyət yaratdılar, amma şanslar boşa verildi.

İkinci hissə dinamik və daha maraqlı keçdi. Politeviç 54-cü dəqiqədə məhz Qromıkonun ötürməsi ilə hesabı açdı. Amma o, matçın sonuna yaxın cərimə meydançasında Omosanyaya qarşı kobud oynamaqla komandasının xal itirməsinə səbəbkar oldu. Jerson Rodrigeş penaltini dəqiq yerinə yetirdi. Bu, Belarusun qrupda buraxdığı ilk qol oldu. 1:1 hesablı nəticə Alosun komandasını liderlikdən etdi.

Bolqarıstan yığması da bu mövqeyini itirdi. Ona görə ki, balkanlılar Belfastda darmadağına məruz qaldılar. Şimali İrlandiya ilk dəqiqələrdən aşkar üstün futbol oynamaqla böyükhesablı qələbə qazandı. Maykl O’Neyllin komandası Praysın da het-triki ilə 5 cavabsız qolla qrupda vahid liderliyi ələ aldı.

C liqası, 3-cü qrup
Belarus – Lüksemburq 1:1 (0:0)

Belarus: Lapouxov, Piqas (Kovalyov, 89), Peçenin, Zabelin, Martınoviç, Politeviç, Boçarov, Ebonq (Klimoviç, 74), Qromıko (Korzun, 60), Barkovski (Antilevski, 74), Şikavka (Kontsevoy, 89).
Lüksemburq: Moris, Yans, Pinto, Koraç, D’Antsiko (M.Martins, 46), Karlson, Barreyro, Olesen (Tomas, 76), Sinani, Çurçi (Omosanya, 63), J.Rodrigeş.
Qollar: Politeviç, 54 (1:0). J.Rodrigeş, 78-p. (1:1).
Qromıko 11-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Sinani, 23. D’Antsiko, 30. Koraç, 53. Barkovski, 63. J.Rodrigeş, 64. Olesen, 75. Boçarov, 90+5 - sarı.
Hakim: Atilla Karaoğlan (Türkiyə).
15 oktyabr. Zalaeqerseq. Tamaşaçısız.

Şimali İrlandiya - Bolqarıstan 5:0 (3:0)
Şimali İrlandiya: P.Çarlz, Toal (Braun, 45), Makneyr, Ham, Bredli, Spenser, Makkann, Prays (Lions, 85), Ş.Çarlz (Macennis, 85), D.Çarlz (Rid, 74), Marşall (Smit, 74).
Bolqarıstan: Mitov, Atanasov (Çoçev, 79), S.Petrov, H.Petrov, Popov, Kostadinov, Yusein (Antov, 46), Krastev, Kirilov (Dimitrov, 46), Despodov (İ.İliyev, 85), M.Minçev (G.Minçev, 85).
Qollar: Prays, 15 (1:0). Prays, 29 (2:0). Mitov, 32-öz qapısına (3:0). Prays, 81 (4:0). Macennis, 89 (5:0).
Despodov 44-cü dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Prays, 25. Despodov, 30. Krastev, 38. Toal, 41 - sarı.
Hakim: Jerom Brizar (Fransa).
15 oktyabr. Belfast. 17891 tamaşaçı.

1. Şimali İrlandiya 4 2 1 1 7-1 7
2. Belarus 4 1 3 0 2-1 6
3. Bolqarıstan 4 1 2 1 1-5 5
4. Lüksemburq 4 0 2 2 1-4 2

15 noyabr: Şimali İrlandiya – Belarus, Lüksemburq - Bolqarıstan.
Bombardirlər: Marin (Rumıniya) – 5, Aktürkoğlu (Türkiyə), Dyökereş (İsveç), Şeşko (Sloveniya) – 4.

Seçilən
15
football-plus.az

1Mənbələr