AZ

Deputat: "Region üçün "3+3" formatından daha uğurlu platforma ola bilməz"

Oktyabrın 18-də Türkiyədə xarici işlər nazirlərinin "3+3" formatında növbəti görüşü keçirildi. Gürcüstanın növbəti dəfə görüşdə iştirak etməməsi, Ermənistanın isə iradəsizliyi formatın işinə pəl vuran amillərdəndir. Daha dəqiq desək, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olmaması, Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələrin sual altında qalması, həmçinin kommunikasiyalarla bağlı problemlərin aradan qaldırılmaması formatın tam işlək vəziyyətə düşməsinə əngəl yaradan əsas məqamlardan hesab olunur.
 
Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Gürcüstanın budəfəki görüşdə iştirak etməməsinin səbəbi oktyabrın 26-da ölkədə keçiriləcək seçki və seçkiöncəsi ölkə daxilindəki kifayət qədər ciddi gərginliklərlə bağlıdır:
 
 
 
"Eyni zamanda, Abxaziya və Cənubi Osetiya ilə bağlı Rusiya ilə hələ də razılığa gəlinməməsi də səbəb kimi göstərilir. Amma istənilən halda görünən bundan ibarətdir ki, Gürcüstan bu formatda keçirilən görüşlərdə iştirakda bir o qədər də maraqlı deyil. Amma hesab edirik ki, regional məsələlərin həll olunması, xüsusilə də kommunikasiyaların açılmasında "3+3" formatından daha uğurlu bir platforma ola bilməz".
 
"Əslində, regiondankənar güclərin prosesə müdaxilə etməməsi üçün region ölkələrinin bir araya gələrək, öz aralarında razılaşma əldə etməsi kifayət qədər vacib məsələlərdən biridir. Ona görə də elə Azərbaycan, həmçinin qardaş Türkiyə bu formatda görüşlərin keçirilməsində maraqlıdır və biz bu görüşlərlə regiondakı bir çox məsələlərin, xüsusilə də kommunikasiya xətlərinin, həmçinin, Zəngəzur dəhlizinin açılması ilə bağlı mövcud problemlərin həll olunacağına çox ciddi diqqət yetiririk", - deyə deputat vurğulayıb.
 
Müsahibimiz formatın gələcəyi ilə bağlı qeyd edib ki, istənilən halda Gürcüstan, eləcə də digər region ölkələri bu formatdan kənar hansısa digər ölkələrlə iş birliyində olmaqla regional məsələlərin həllinə nail ola bilməyəcəklər:
 
"Çünki həm kommunikasiya xətlərinin açılması, həm region dövlətləri arasında bir sıra fikir ayrılıqlarının aradan qaldırılması və kənar müdaxilələr olmadan region dövlətlərinin özlərinin bilavasitə iştirakı ilə keçirilən bu cür görüşlər daha çox fayda verə bilər. Çünki kənar müdaxilələr olacağı təqdirdə hər hansı bir məsələdə lazımi səviyyədə razılığa gəlmək mümkün deyil".
Seçilən
28
1
moderator.az

2Mənbələr