AZ

Kurtinaytisin “Sabah”ı, yəni sabahı qaranlıq komanda!

FİBA Avropa Kubokunun G qrupunda yer alan “Sabah” basketbol klubu çərşənbə günü evdə, yəni Bakı İdman Sarayında “Marussi” ilə qarşılaşdı.

Təəssüf ki, “bayquşlar” qrupdakı 2-ci oyunda da məğlubiyyətlə barışdı.
Sabah – Marussi (Yunanıstan) 70:82 (27:25, 13:16, 13:21, 17:20)
Sabah: Kam’ron Blu (18 xal), Hassani Qravett (16), Andrey Voynaloviç (8), Şirzad Şirzadov, Klavs Kavars (8), Trevon Düval (9), Maykl Holton (9), Artyom Butyankov (2) – Əlikəmran Məmmədov, Ramiz Quliyev, Aydın İbrahimov, Tariyel Yusifzadə.
Həmin gün qrupda daha bir oyun keçirilib: Norçepinq Dolfins (İsveç) – Spiru(Belçika) 85:97 (22:23, 19:28, 17:29, 27:27).

Xatırladaq ki, “Sabah” ilk turda səfərdə “Spiru”ya uduzmuş (81:82), “Marussi” isə evdə “Norçepinq Dolfins”ə qalib gəlmişdi (99:80).
İlk iki turdan sonra turnir cədvəlində belə vəziyyət yaranıb:

1. Marussi 2 2 0 181-150 4
2. Spiru 2 2 0 179-166 4
3. Sabah 2 0 2 151-164 2
4. Norçepinq 2 0 2 165-196 2
Onu da vurğulayaq ki, “Sabah” bu mövsüm mübarizəyə Çempionlar Liqasının təsnifat mərhələsindən başlasa da, orda mübarizəni dayandırandan sonra Avropa Kubokuna adlayıb. Paytaxt klubu “Marussi” ilə oyuna da yaxşı başladı, hətta ilk çeyrəki öndə bitirdi. Ancaq sonra məğlubiyyətlə barışmalı oldu. Sentyabrda Litva toplanışının ardından verdiyi müsahibədə komandasını geninə-boluna tərifləyən Rimas Kurtinaytis hədəfin Çempionlar Liqasında qrupa düşmək olduğunu demişdi.

Amma litvalı baş məşqçi artıq hər məğlubiyyətdən, hər uğursuz oyundan sonra yeni bəhanə tapır. Məsələn, ÇL-də “Norçepinq Dolfins”ə uduzandan sonra komandanı yenidən formalaşdırmasını əsas gətirdi, “Spiru”ya məğlubiyyəti rəqibin geniş rotasiya imkanları ilə izah etdi, “Sabah”ın evdə qələbələr qazanmağa çalışacağını dedi. Göründüyü kimi, onun bütün planları suya düşməkdədi. Uğursuzluq uğursuzluq dalınca... Bu məqamda “Sabah” rəhbərliyinin Kurtinaytisin paralel şəkildə Litva yığmasını çalışdırmasına da icazə verməsi maraq doğurur. Yenə bursa işi yarıtsaydı, “bir əldə iki qarpız tutmasına” göz yummaq olardı.

Hər halda, Kurtinaytisin evdə yunanlardan alınan məğlubiyyətə izahını da oxuyaq:

“Endər Poladxanlı zədələnəndən sonra yeddi oyunçumuz qalıb. “Spiru” ilə oyunda qələbəyə yaxın idik, ancaq heyət amili özünü göstərdi. Dəyişikliklər etməyə, hücumlar qurmağa çalışırıq. Rəqibin gücünü bilsəm də, bu gün qələbəyə ümid edirdim. “Marussi” qrupun favoritidi. Bu gün Şirzad Şirzadov oynadı, oyun üçün tapşırığın öhdəsindən gəldi. O, optimal formasından uzaqdı, fiziki cəhətdən hazır deyil. Çox xal toplayan Deandre də dünən zədələndi. Necə mübarizə apardığımızı gördüz, bu üzdən oyunçulara heç nə deyə bilmərəm. Kavarsın transferində səhv etdiyimi düşünmürəm. Hər kəs Ronaldo ola bilməz. Bəli, ondan çox şey gözləyirəm. FİBA-nın qaydalarına görə, yeddidən artıq legioner dəvət edə bilmərik. Yerli oyunçuların inkişaf etməsi üçün bizə iki-üç il lazımdı. Ümid edirəm ki, Deandre sağalacaq. Yeddi legioner bizə bəs etmir. Növbəti mərhələyə çıxmaq şansımız var. Əsas odu ki, kimisə zədə üzündən itirməyək”.


“Sabah”ın liderlərindən sayılan Kam’ron Blu da oyunla bağlı fikirlərini bölüşüb:

“Baş məşqçinin tapşırıqlarını yerinə yetirməklə oyuna yaxşı başladıq. Ancaq ardından ribaundlarda uzuduq. Üçxallıq atışlar edə bilən oyunçularımız var, ancaq bu dəfə ikixallıq atışlara bel bağladıq. Rəqiblərdən kimisə fərqləndirmək çətindi. Onların hər birinə qarşı yaxşı oynamaq istəyirik”.

Növbəti turun oyunları oktyabrın 23-də keçiriləcək: “Sabah” – “Norçepinq Dolfins”, “Spiru” – “Marussi”.
Seçilən
22
football-plus.az

1Mənbələr