AZ

Səfir: Milli Məclis Türkiyə-Azərbaycan münasibətlərinin dərinləşməsinə mühüm töhfələr verir

Səfir:

Bakı, 21 oktyabr, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə səfir Milli Məclisin ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə mühüm töhfələr verdiyini söyləyib.

Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin "Bir millət, iki dövlət" şüarına əsaslanaraq, uğurla inkişaf etdiyini deyən Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimizin və xalqlarımızın həm şad, həm də çətin günlərdə hər zaman birlikdə olduğunu vurğulayıb. O qeyd edib ki, hər iki dövlətin başçılarının dostluq və qardaşlıq münasibətləri bizim hər birimiz üçün örnək təşkil edir.

S.Qafarova deyib ki, bu gün Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinə qısqanclıqla yanaşanlar var. Həmçinin bəzi dairələr Azərbaycana və Türkiyəyə qarşı təzyiqlər göstərməyə, onların müstəqil, milli maraqlara söykənən siyasətlərinə təsir etməyə cəhd göstərirlər. Milli Məclisin sədri bu cür cəhdlərin heç bir nəticə verməyəcəyini, dövlətlərimizin inkişaf yolunda inamla addımlamağa davam edəcəyini vurğulayıb.

O, parlament seçkilərində Türkiyə Böyük Millət Məclisinin müşahidə missiyasının ən böyük heyətlə təmsil olunduğunu xatırladaraq, bunları digər sahələrdə olduğu kimi, parlamentlərimiz arasında da əlaqələrin ən yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib.

S.Qafarova TBMM sədri ilə bir neçə gün öncə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, görüşdə gündəlikdə duran məsələlər haqqında səmərəli müzakirələrin aparıldığını bildirib. O, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tam tərkibdə yenidən formalaşdığını bildirərək, qarşıdakı dövrdə münasibətlərin daha da inkişafı üçün müvafiq səylərin davam etdiriləcəyini vurğulayıb.

Görüşdə Azərbaycan və Türkiyənin bir çox beynəlxalq təşkilatlarda olduğu kimi, Türk Dövlətləri Təşkilatında uğurla əməkdaşlıq etdiyi qeyd olunaraq, parlamentlərimizin də TürkPA çərçivəsində bu istiqamətdə fəaliyyətini davam etdirdiyi bildirilib.

Sahibə Qafarova Cahit Bağçının Türkiyənin Azərbaycandakı səfiri kimi fəaliyyətini təqdir edərək, onun qanunverici orqanla da sıx təmaslar qurduğunu söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

 

Seçilən
11
2
azertag.az

10Mənbələr